Onu tez-tez müxtəlif ölkələrin milli günləri münasibətilə təşkil olunmuş mərasimlərdə, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən, eləcə də təhsil və mədəniyyət tədbirlərində görürəm. Pozitiv, çalışqan görkəmi ilə diqqəti cəlb edir. Müsahiblərinə qarşı da son dərəcə nəzakətlidir. Əsas missiyası isə ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafına xidmət etməkdir. Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kervers "Kaspi”nin "Səfir danışır” layihəsinə müsahibəsində ölkəmizdəki fəaliyyəti ilə bağlı görülən işlərdən və qarşıdakı planlardan danışdı.
Müxtəlif mədəniyyətlərin məskəni
- Cənab səfir, keçən ay Bakıda və Gəncədə Avropa İttifaqının təşkilatçılığı ilə "İmagine” festivalı keçirildi. Niderland Krallığının ölkəmizdəki səfirliyinin bu tədbirə töhfəsi nə oldu?
- Biz festivala «Sevgi kartofa bənzəyir» filminin nümayişi ilə dəstək olduq. Bu, rus kökləri olan holland rejissorunun çəkdiyi çox təsirli film idi. Filmin qəhrəmanı regiona qayıdaraq 40 il əvvəl baş verən aclıq və onun insanların həyatına təsirindən danışır. Bu film çox insanın xəbərsiz olduğu - Niderlandla Rusiyanı birləşdirən bu hadisədən bəhs edir və insanlara müxtəlif çətinliklərin öhdəsindən gəlməkdə ailə bağlarının vacibliyini diktə edir. Film eyni zamanda, çətin şəraitlə və problemlərlə üzləşən insanları həmin vəziyyətdən çıxmağa ruhlandırır. Hesab edirəm ki, festival gündəlik həyat reallıqlarını və ölkədəki insanların problemlərini nümayiş etdirən, həmçinin bu problemlər içərisində olan insanlara tək olmadıqlarını, başqalarından dəstək almağın önəmini göstərən filmlərlə zəngin olmalıdır.
- Həmçinin Niderland səfirliyi "Azərbaycanda mədəni müxtəliflik” ("Cultural Diversity in Azerbaijan”) adlı rəsm sərgisi təşkil etdi. Sərgidə Azərbaycan insanının həyat və məişətindən bəhs edən maraqlı fotolar nümayiş olundu. Azərbaycan Niderlandın gözü ilə necə görünür?
- Fikrimcə, Azərbaycan çox maraqlı ölkədir, ancaq eyni zamanda onu çox tanımırlar və bu ölkənin əhalisi haqqında çox şeyi bilmirlər. Ona görə mədəni əməkdaşlıq bizim üçün çox vacibdir. Bizim, həmçinin Azərbaycanla siyasi və iqtisadi əməkdaşlığımız var. Holland şirkətləri artıq burada çalışırlar. Azərbaycan haqda daha çox məlumat bu əməkdaşlığı gücləndirə bilər. Bu layihə bir neçə aspekti birləşdirir. İlk növbədə bu, holland fotoqrafları tərəfindən azərbaycanlı gənc həmkarlarına daha çox təcrübə vermək üçün bir fürsət idi. Xüsusilə, bir qrup insanın həyatının fotoya alınmasını, müxtəlif mədəni qrupların həyatını əks etdirmə məqsədini daşıyırdı. Digər məqsəd isə Azərbaycanda çox maraqlı və müxtəlif mədəniyyətlərin mövcudluğunun göstərilməsi idi. Bu layihə Azərbaycanın cənub regionundan – talışların yaşadığı bölgədən bəhs edir. O insanlar öz ənənələri ilə yaşayır - odun doğramaqla, pendir hazırlamaqla, qoyun saxlamaqla, tarlalarda işləməklə məşğuldurlar. Ona görə də Bakıdakı sərgidə Azərbaycanda müxtəlif mədəniyyətlərin olduğunu nümayiş etdirməyə nail oldular. Ən nəhayət, sonuncu məqsəd niderlandlıların bu əsərləri görməsi və Azərbaycanda çox maraqlı ənənələr olduğu haqqında məlumat əldə etməsi ilə bağlı idi. Mən, həmçinin iki başqa sərginin layihəsi üzərində də işləyirəm. Onlardan biri çox sadə layihədir: bu, 7 səfirin Bakıya baxışını əhatə edir. Bu sərgi iyul ayında açılacaq və «Bakı şəhərinin həyatı – diplomatik baxış» adlanır. Hər səfir bu layihədə Bakının həyatından bəhs edən xüsusi üç foto ilə iştirak edəcək. Bu, həmçinin yüksək mövqedə çalışan, prezidentlə, nazirlərlə işləyən diplomatların eyni zamanda çalışdığı, yaşadığı şəhərlə maraqlandığını göstərir. Sərgiyə gələnlər şəhər həyatından çox maraqlı görüntülərlə tanış ola biləcəklər. Bizim başqa bir fotolayihəmiz Avropa İttifaqı tərəfindən təşkil olunan "Fantaziya” festivalı çərçivəsində həyata keçəcək layihədir. Mən keçən il Səbinə Şıxlinskaya tərəfindən təşkil olunan sərgidə ağ və qara şəkillərdən ibarət köhnə və yeni Bakının şəkilləri ilə iştirak etdim. Mən onları «Bakı: Qara şəhər və ağ şəhər» adlandırdım. Onlar yeni tikililərlə köhnə, arxitektor mirasların birgə mövcud ola biləcəyini göstərirdi. Bəzən bu, gərginlik yaradır. Çünki yeni binalar üçün yer lazım olur. Əgər şəhərin planlanması diqqətlə həyata keçsə, köhnə binaları da qoruyub saxlamaq olar. Çünki onların öz gözəlliyi var.
İqtisadi və təhsil əlaqələri
- Azərbaycanla Niderland Krallığı arasında diplomatik münasibətlər əsasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq yaranıb. Yaxın illərdə ölkələrimiz arasındakı münasibətlərdə hansı yeniliklərin şahidi olmaq olar?
- Hesab edirəm ki, Niderlandla Azərbaycan arasındakı əməkdaşlıq həqiqətən intensivləşir. Bizim yeni başlayan siyasi danışıqlarımız mövcuddur. Niderlandın vitse-prezidenti Azərbaycana gələcək. Hər iki ölkənin maraqlandığı mövzular - regionda stabillik və qonşu ölkələrlə əlaqələr, təhlükəsizlik, Cənub Qaz Dəhlizi məsələləri müzakirə olunacaq. Keçən martda bizim bir müzakirəmiz olub və biz bunu ildə bir dəfə davam etdirəcəyik. Bu danışıqların davamı kimi gələn il Niderlandda iki vitse-prezident arasında çox vacib danışıqlar baş tutacaq. Ölkələrimiz arasında iqtisadi sahədə 15 ildən artıq davam edən sıx əməkdaşlıq mövcuddur. Bu şirkətlər neft-qaz və digər sahələri əhatə edir. Ətraf mühit və su idarəetməsi kimi sahələrdə bizim çox böyük təcrübəmiz var. Məsələn, holland şirkəti çox çirkli olan Böyükşor gölünü təmizləyib. Başqa bir holland şirkəti Bakı limanının təmizlənməsi haqqında məruzə hazırlayıb. İndi bildiyiniz kimi, Azərbaycan iqtisadiyyatında islahatlar həyata keçirilir. Neft və qazdan az asılı olmağın diversifikasiyası həyata keçirilir. Bu, qarşıda duran əsas məsələlərdən biridir. Mənim ölkəm həqiqətən ticari sahədə çox fəaldır. Əgər siz Abşerona getsəniz, orada çoxlu holland istixanalarını görə bilərsiniz. Bu istixanaların texnoloji təchizatı Niderland tərəfindən təşkil olunub. Biz istixanaları yüksək keyfiyyətli pomidor toxumları ilə təmin edirik. Bu artıq ticari əməkdaşlıqdır. Həmçinin texniki əməkdaşlıq da yaratmağa çalışırıq. Biz azərbaycanlı fermerlərə holland təsərrüfatlarının müasir təsərrüfatçılıq yollarını göstərə biləcəyimizə ümid edirik. Bu da bir elmi komponent ola bilər. Həmçinin Azərbaycanda elmi səviyyədən aşağı peşə treninqlərinə ehtiyac var. Bu, yaxşı kənd təsərrüfatına nail olmaq üçün çox vacibdir. Burada Linburq məktəbinin rəhbərliyi ilə təsərrüfat üzrə peşə treninq məktəbi həyata keçirilir. Beləliklə, biz kənd təsərrüfatı, soyuducu sistemlər və ya saxlama anbarlarının xüsusi təchizatlarla təmin olunması, qışda istixanalarda məhsuldarlığın səviyyəsini qorumaq üçün vacib olan işıqlandırma və digər kənd təsərrüfatı ilə bağlı məsələlər üzrə əməkdaşlıq aparırıq. Həmçinin keçən ay regionda ən böyük kənd təsərrüfatı yarmarkasında – "Xəzər Aqrosu”nda iştirak etdik. 20-dən çox holland şirkəti bu sərgidə özünün məhsullarını nümayiş etdirdi. Onlara böyük maraq vardı və biz ümid edirik ki, bu yolla hətta iqtisadi əməkdaşlıqları və ticari münasibətləri intensivləşdirə və iki ölkə arasındakı iqtisadi əlaqələri daha da inkişaf etdirə bilərik. Biz səfirlik olaraq bu cür yarmarkalara birgə işləməklə dəstək göstəririk. Ölkələrimiz arasında ticarət əlaqələrimizin daha da intensivləşəcəyinə inanıram.
- Mümkünsə, ölkələrimiz arasında təhsil əlaqələrindən danışın. Niderlandda təhsil alan azərbaycanlı tələbələr çoxdurmu?
- Fikrimcə, Hollandiya təhsil üçün populyar hədəfdir. Hər şeydən əvvəl biz burada bir çox təhsil sərgilərində iştirak edir və təbliğatlar həyata keçiririk. Bir və ya iki təhsil sərgisində biz tələbələrə informasiya verdik, onları əlaqələrlə təmin etdik. Mən bir az əvvəl öz işçilərimlə görüşdə yay tətilindən sonra həyata keçirəcəyimiz təhsil sərgilərini müzakirə etdim. Bundan əlavə, bizim ADA Universiteti ilə Maastricht Scool of Managment məktəbləri arasında əməkdaşlıq var. Eyni zamanda, hər il azərbaycanlı tələbələrin iştirak etdiyi doktorluq kursları fəaliyyət göstərir. Digər bir məsələ isə bizim təhsil seminarları keçirmək istəyimizlə bağlıdır ki, biz bu sahədə də əməkdaşlıq edə bilərik. Bu ilin ikinci yarısında biz şirkətləri və fermerləri əhatə edəcək praktiki-maarifləndirici seminarlar təşkil etmək niyyətindəyik. Bu seminarlar onlara istixanaları və idarəetməni, həmçinin məhsuldarlığı necə artırmağı öyrədəcək. Bu baxımdan maarifləndirici fəaliyyətimizi genişləndirmək istərdik.
Hollandiyada hara getməli?
- Ölkəmizdə olduğunuz müddətdə təbii ki, bölgələrə də səfər etmisiniz. Azərbaycanda daha haraları gəzmək, nələri görmək planınız var?
- Mən bir çox regionda ən azı bir dəfə olmuşam. Bizim müxtəlif şəhərlərə və rayonlara həm özəl turistik səfərlərimiz, həm də rəsmi səfərlərimiz olub. Eyni zamanda, Xarici İşlər Nazirliyi diplomatlar üçün maarifləndirici səfərlər təşkil edib. Bu baxımdan, mən Gəncə, Tovuz, Mingəçevir və Şamaxı şəhərlərində olmuşam. Biz həmçinin Lənkəran, Masallı, Astara rayonlarına səfər etmişik. Yay tətilindən sonra mənim planım Kürdəmirə səfər etməkdir. Eyni zamanda, Azərbaycanın Gürcüstan istiqamətindəki şimal-şərq regionlarını araşdırmaq istərdim. Qeyd etdiyim kimi, mən artıq sizin füsunkar ölkənizin çox bölgələrində olmuşam. Bu səfərlər, həmçinin fəaliyyətimizlə bağlı müşahidələrimizi artırmaq, əlaqələr qurmaq və maarifləndirici imkanlarımızı inkişaf etdirmək üçündür. Bu mənə fotoqraf kimi fotolar çəkməkdən ötrü də maraqlıdır ki, bu gözəl ölkənin dəyərlərini, müxtəlif insanlarını və mədəniyyətini nümayiş etdirməkdə davam edim.
- Biz Azərbaycana gələn qonaqlara adətən İçəri Şəhəri, Qobustanı, Lahıcı, Şəkini və ölkəmizin digər tarixi məkanlarını gəzməyi tövsiyə edirik. Bəs siz Niderlanda ilk dəfə getmək istəyən turistə nələri məsləhət görərdiniz?
- İlk dəfə üçün təbii ki, bir çox yerləri görməlisiniz. Məsələn, çox gözəl şəhər olan Amsterdamı. Əgər mövsümdürsə, siz orada tülpanları görə bilərsiniz. Həmçinin iki muzeyə baş çəkməlisiniz. Dünyanın ən yaxşı incəsənət kolleksiyalarının toplandığı Rijks muzeyi yenidən qurulub və çox möhtəşəmdir. Əlbəttə, bir çox adamlar görkəmli holland rəssamı Van Qoqun muzeyinə gedir. Amma eyni zamanda, Amsterdamdan kənara da getmək məsləhətdir. Əgər böyük şəhərləri sevirsənsə, Rotterdama - Avropanın ən böyük liman şəhərinə getmək məsləhətdir. Orada turistlər üçün gəmilərlə xüsusi səyahətlər təşkil edirlər ki, bunlar insanlara unudulmayan anlar bəxş edir. Sonra mütləq Haaqaya getmək lazımdı. Bu, çimərlik yaxınlığında qonaqpərvər və gözəl şəhərdir. Zəngin muzeyləri və parkları var. Daha sonra cənubda və şimalda kənd ərazilərinə getmək olar.
- Niderlandla Azərbaycan arasında turist mübadiləsi hansı səviyyədədir? Sizdə qarşılıqlı səfərlər haqqında hər hansı statistika varmı?
- Əgər mən viza ilə bağlı rəqəmlərə nəzər salsam, hər ay 3000 viza üçün müraciət edilir. Bu da il ərzində 30 mindən çox azərbaycanlının Niderlanda səfər etməsi deməkdir. Fikrimcə, bu rəqəmlər gələcəkdə daha da artacaq. Azərbaycana gələn hollandlara gəlincə, bu barədə hər hansı bir rəqəmi söyləmək çətindir, çünki məndə belə bir statistika yoxdur. Ancaq fikirləşirəm ki, bu rəqəm də çoxalmaqdadır. Hollandların il ərzində Azərbaycana gəlməsi təxminən 10 min nəfəri əhatə edir. Onlar daha çox «Formula-1» yarışları üçün gəlirlər.
Pozitiv şəraitdə ad günü
- Cənab səfir, futbolla maraqlanırsınız? Bu yaxınlarda Millətlər Liqasının final oyununda Hollandiya yığmasının Portuqaliya yığmasına uduzması sizi kədərləndirdimi? Yoxsa sizin üçün yaxşı oyunu izləmək daha əhəmiyyətlidir?
- Bəli, mən futbolu sevirəm və özümüzün milli futbol komandamızın güclü azarkeşiyəm. Onların uduzması faktı isə çox üzücüdür. Ancaq Portuqaliya komandası daha yaxşı idi və onlar qalib gəlməyə layiq idilər. Burada vacib olan odur ki, Hollandiya komandası inkişaf edir. Yeri gəlmişkən, hazırda Fransada qadın futbol komandaları arasında dünya çempionatı keçirilir. Bizim milli komandamız Avropa çempionudur. Təbii ki, mən öz qadın komandamıza azarkeşlik edirəm. O vaxtdan bəri bizim milli qadın komandamız futbol üzrə kişi komandasından daha güclüdür. Məncə, çox adamlar gərək futbolu izləsinlər.
- Cənab Kervers, iyunun 18-də ad gününüz idi. Özünüzə adətən nə arzulayırsınız?
- Mən özümə cansağlığı və xoşbəxtlik arzu edirəm. Hədiyyələr çox da vacib deyil. Vacib olan sənin öz ad gününü dostlarınla pozitiv bir şəraitdə və yaxşı bir şənlikdə necə qeyd etməyindir.
Söhbətləşdi
Təranə Məhərrəmova