19:18 DƏRSDƏN QAÇMAQ | |
DƏRSDƏN QAÇMAQ Son zəng günündə hər nə qədər bəy evinə köçən gəlinlər kimi zırhazır ağlasalar belə, səhər-səhər şirin yuxularına zəhər qatan məktəb illərindən can qurtarmaq əslində şagirdlərin əksəriyyəti üçün sevincli gündür.Ələxüsus nümunəvi olmayan şagirdlərin həmin gündə daha çox ağlaması diqqət çəkir.Məktəb illəri insanın şəxsiyyət kimi formalaşmasında əhəmiyyətli rol oynasa da, bir şagird üçün o qədər də xoş olmayan bəzi məhrumiyyətləri də vardır.Məsələn,səhərlər uzun -uzadı yatıb, oyandığında tənbəl pişiklər kimi dartına bilmirsən , valideyinlərin ətəyindən zəli kimi yapışıb onları toyda, yasda təqib edə bilmirsən vəs.Belə olan halda əminəm ki, istənilən bir şagirdin qafasında məktəbdən müvəqqəti də olsa necə can qurtarmaq düşüncələri olmuşdur.Kimisi yay-qış demədən ilboyu "qripləyir", kimisinin anası "xəstələnir" , kimisi "üzürlü" olur(hərçənd kimin öldüyü bilinmir).Ən "orijinal" yolu ilə son dərəcə ağlı yaşını aşan şagirdlər mənimsəyir.Onlar dərsə gəlir, özünü sinif rəhbərinə göstərir , üç-dördüncü dərsdən sonra çantanı qoltuğuna qoyur, yaxud qonşusu, nə bilim əmisi, xalası oğluna tapşıraraq evə qaçır.Bu hadisə, şagirdlərin Azərbaycan cəmiyyətinin dili ilə desək ilk "fərasəti" dir. Öncə hekayələrimizdə siz dəyərli dostlara, evdə çox da arzulanan uşaq olmadığımı demişdim.Mənim mükəlləf olduğum məsələ kitab oxumaq və təsərrüfatla məşğul olmaq idi.Valideyinlərlə bir yerə çıxmaq üçün, mütləq həftələr öncə cidd-cəhdlə "projalka"lardan keçməli idim.Üç yaxud da dördüncü sinifdə oxuyurdum.Anam Lənkərana, qohumlargilə getməliydi.Mən də, cürətlənib şəhərə getmək istəyimi ona ifadə etdim.Arvad bu istəyimə "çok çımı balə, müəllimiko icazə bıstəniş, boş, bəşemon"(1)cavabını verdi. Bu dəfə məni başqa bir dərd götürdü.Həddən -ziyadə sərt xarakteri olan müəlliməyə nə cür bunu deyəcəkdim, nə cür rizasını alacaqdım düşüncələri məni rahat buraxmırdı.Sonda, özümü toparlayıb "mən bunu bacaracam" dedim. Səhər məktəbə yollandım.Həmin gün nə qədər axtardımsa sinif müəlliməsini tapa bilmədim ki, dərdimi deyəm.Üçüncü dərsi birtəhər yola verdim.Artıq fikrimi qətiləşdirib, ilk dəfə əlimə düşən bu fürsəti dəyərləndirərək nəyin bahasına olursa- olsun şəhərə gedəcəyimi hədəflədim.Bunun üçün bircə çıxış yolu var idi, "DƏRSDƏN QAÇMAQ"! Bəli, hər nə qədər qorxsam da, başqa variant olmadığından çantamı qoltuğuma vurub ehmalca "aranı cırdım".Qapıdan çıxmaq istəyirdim ki, "qoruyucu mələyim", uşaqlıda hara getsəm də yanımda olan əmim oğlu, sinif yoldaşım qarşımı kəsdi Amuəzo (2)xeyirdi, hara belə? Dünən icazə almışdım Eli, şəhərə gedəcəm... Birinci baryeri müvəffəqiyyətlə aşıb sevincək , həmişə evə gəldiyimiz yolla deyil, digər kəsə, lakin palçıqlı yolla evə üz tutdum.Qəbiristanlığın yanından ötüşüb, yoxuşa qalxdım.Yeyin addımlamaqdan sifətim qıpqırmızı qızarmış, güclə nəfəs alırdım.Bəlkə anam məni gözləməyib deyə, daha çox sıxılırdım.Azacıq özümə gəlmək üzrə idim ki, bir neçə addım aralıda, önümdə sinif müəlliməsini gördüm.Ağlıma gələn ilk şey qaçmaq olsa da, artıq məni gördüyündən , bunun effekti olmayacaqdı.Səhər onsuzda əlinə düşəcəkdim.Müəllimənin adını eşitmək belə kifayət idi ki, canımıza vəlvələ düşərdi. Yaxınlaşdıqca soyuq tər məni basırdı. -İrşadov, bala hara gedirsən? -Heeç müəllimə, şeey , siz yox idiniz ..... -Həəəə, mən yox idim sən də qaçdın eləmi? -Yooox, yəni başqa müəllimdən icazə aldım , dedim yəni.. Necə yəni, mənim şagirdimə məndən başqa kim icazə verə bilər? Qayıt dala.... Beləcə, dərsdən qaçmaq naminə ilk cəhdim müvəffəqiyyətsizliklə nəticələndi.Bu, həmdə son cəhdim oldu, bir daha elə qələt barədə heç düşünmədim də.. Bilirəm, yəqin sizi maraqlandıran müəllimənin mənə hansı cəza verməsi idi.Heç nə , ciddi bir şey olmadı, kustar üsulla düzəltdiyi taxta xətkeşi başımda sındırdı.. Məncə yaxşı canımı qurtarmışdım... 1-yaxşı mənim balam, müəllimədən icazə alıb gələrsən, gedərik. 2-Əmioğlu Elvin İrşadov | |
|
Total comments: 0 | |