22:23
Talış etnoqrafiyasına dair kitab
Talış etnoqrafiyasına dair kitab
Bu yaxınlarda tədqiqatçı, tarixçi-etnoqraf Həşim Kəlbiyevin "Azərbaycanın Cənub-Şərq bölgəsi əhalisinin etnoqrafik xüsusiyyətləri” adlı, sayca altıncı kitabı işıq üzü görmüşdür. 

Kitab 500 tirajla Bakıda "MBM” nəşriyyatında çap edilmişdir. 128 səhifədən ibarət olan bu kitabda Azərbaycanın Cənub-Şərq bölgəsi əhalisinin etnik tərkibi, etnik proseslərinin tarixi, təsərrüfat həyatı, maddi mədəniyyəti və ailə məişətinin bəzi məsələləri haqqında məlumat verilir. İlk öncə bir ziyalı və bir vətəndaş kimi kitabın adı ilə bağlı fikirlərimi dəyərli oxucularımızla bölüşmək istəyirəm. Məlum olduğu kimi çoxmillətli vətənimizdə ən qədim zamanlardan bəri bir çox xalqlar yaşamışdır ki, bu xalqlardan biri də talışlar olmuşdur. Azərbaycanın aboregen xalqlarından sayılan talışlar tarixən indiki Azərbaycan Respublikasının cənub-şərqində yaşamışlar. Hazırda talışların kompakt və azərbaycanlılarla qarışıq halda yaşadıqları Lənkəran, Astara, Lerik, Masallı, Biləsuvar, Cəlilabad, Neftçala və Yardımlı rayonları Azərbaycan Respublikasının siyasi xəritəsində ölkənin cənub-şərqində yerləşir. Çox əfsuslar olsun ki, yuxarıda adlarını qeyd etdiyim rayonların yerləşdiyi coğrafi məkanın adı bu gün respublikanın KİV-qəzet, jurnal və kitablarda yanlış olaraq "Cənub bölgəsi” kimi qeyd edilir. Halbuki Azərbaycan Respublikasının cənub bölgəsini Beyləqan, Fizuli, Cəbrayıl, Zəngilan və digər rayonlar təşkil edir. Buna görə də müəllif haqlı olaraq talışların yaşadıqları bölgəni cənub yox, cənub-şərq bölgəsi adlandırmışdır.

Elmi redaktoru filologiya elmləri doktoru, professor Məsud Məmmədov və rəyçi tarix elmləri namizədi, dosent Qəzənfər Rəcəbli olan "Azərbaycanın Cənub-Şərq bölgəsi əhalisinin etnoqrafik xüsusiyyətləri” kitabı 5 fəsil, xəritələr və şəkillərdən ibarətdir.

"Azərbaycanın Cənub-Şərq bölgəsi əhalisinin etnik tərkibi və etnik tarixi prosesləri” adlı I fəsil üç paraqrafa bölünür.

1. Bölgənin coğrafi xüsusiyyətləri tarixi mənbələrdə.
2. Bölgə əhalisinin etnik tərkibi və etnik proseslər haqqında.
3. Talış etnotoponimi haqqında.

"Əhalinin ənənəvi məşguliyyətləri yazılı mənbələrdə” adlı II fəsil isə dörd paraqrafdan ibarətdir.

1.Əkinçilik (çəltikçilik)
2. Bostançılıq.
3. Həsirçilik və məişətdə onun yeri. (Bu paraqrafda müəllif eyni zamanda ağacişləmə, arıçılıq, yaşayış evləri haqqında da məlumat verir)
4. Xalqın ənənəvi içkisi – Şəlemtırş. (qeyd edim ki, yaşadığım Havzava kəndi və ona yaxın olan yaşayış məntəqələrində Şəlemtırş – turşudulmuş şalğam "Şəlemov” adlandırılır. İ.Ş.)

III fəsil "Azərbaycanın Cənub-Şərq bölgəsi əhalisinin ailə-nigah münasibətləri”, IV fəsil "Azərbaycanın Cənub-Şərq bölgəsi məskənləri haqqında, V fəsil isə "Azərbaycan Respublikası Cənub-Şərq bölgəsi ərazisinin ənənəvi yolları” adlanır.

Müəllif əsər üzərində çalışarkən müxtəlif ədəbiyyatlardan istifadə etmiş, bir çox informantları (məlumatçıları) dinləmiş və çöl məşğələlərində iştirak etmişdir. Tədqiqatçı, tarixçi-etnoqraf Həşim Kəlbiyev "Azərbaycanın Cənub-Şərq bölgəsi əhalisinin etnoqrafik xüsusiyyətləri” kitabında Azərbaycan etnoqrafiyasının tərkib hissəsi olan talış etnoqrafiyası haqqında geniş və dolğun məlumat vermişdir. Əsər Azərbaycan etnoqrafiyasına böyük bir töhfədir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabdan tarix elmi üzrə ixtisaslaşmış fakultələrin tələbələri, tarix müəllimləri, etnoqraf, toponomist və diyarşünaslar mənbə kimi istifadə edə bilərlər. 

"Azərbaycanın Cənub-Şərq bölgəsi əhalisinin etnoqrafik xüsusiyyətləri” kitabının oxucular tərəfindən rəğbətlə qarşılanacağına heç bir şübhəm yoxdur. Son olaraq müəllifə can sağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Əminəm ki, bu, hörmətli etnoqrafımız Həşim Kəlbiyevin oxucularla son görüşü olmayacaqdır.

İldırım Şükürzadə,
Müəllim-tədqiqatçı,

"Tolışon Sədo” nöm: 19 (31), 26 may 2012
Category: XABON | Views: 546 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: