22:09
”Xəzər Lankon” ”Qarabağ”a qalib gəldi
”Xəzər Lankon” ”Qarabağ”a qalib gəldi
Premyer Liqanın 6-cı turunda səfərdə "Qarabağ”la qarşılaşan "Xəzər Lankon” ilk hissədə bir qol vurmaqla və azlıqda qalmasına rəğmən qapısını toxunulmaz saxlamaqla növbəti üç xalı hesabına yazdı.
 
Oyunun artıq ilk dəqiqəsində Deyan Rusiç iki müdafiəçinin əhatəsində qapıçı ilə üz-üzə qaldı, lakin zərbə vurmaq üçün əlverişli şərait olmadığından, rəqib qapıçı topu rahatlıqla tutdu. Bu epizoddan sonra meydan sahibləri oyunda üstünlüyü ələ aldılar. Mərkəz xəttini kifayət qədər asanlıqla keçən "Qarabağ” futbolçuları bir neçə dəfə Kamranın qapısı qarşısında təhlükə yarada bildilər. 15-ci dəqiqədə cərimə meydançasında nəzarətsiz qalan Adamiya önünə düşən topa zərbə endirdi, lakin onun vurduğu top qapı dirəyinin yaxınlğından keçdi.
 
Rəqibin heyətində Rauf Əliyev hücumlarda aktivliyi ilə seçilirdi. Amma Elvin Beqirinin müdafiədə göstərdiyi inamlı oyun bu hücumçuya öz şanslarından istifadə etməyə imkan vermirdi. Ardıcıl epizodlarda məhz albaniyalı müdafiəçinin vaxtında etdiyi müdaxilələr qapımız qarşısında təhlükəni sovuşdururdu.
 
"Qarabağ”ın start təzyiqinin qarşısını ala bilən "Xəzər Lankon” dəqiqələr keçdikcə oyunu tarazlışdara bildi. Hissənin əvvəlində oyunda görünməyən Mario artıq mərkəzdə daha çox topu saxlayırdı, Pit və Doman da sol cinahı aktivləşdirirdilər. Sağda isə Eder Bonfim imkan olan kimi hücumlara dəstəyini verirdi.
 
Komandamızın hücumlarının biri zamanı Rosas cərimə meydançasında daxil olan Domanı görüb ona əla ötürmə verdi. Katalin qapı qarşısında olan Rusiçə topu ötürdü, lakin "Qarabağ”ın müdafiəçiləri forvardımızı qabaqladı. Bundan bir qədər sonra isə matçda hesab dəyişdi. Topu qəbul edən Adrian Pitin önündə boş ərazi açıldı. Solda əlverişli mövqedə olan Domana ötürmə vermək imkanı olsa da, futbolçu özü zərbə vurmaq qərarına gəldi, və bu qərarın düzgün olduğunu əla qolla sübut etdi – 1:0. Bu, "Xəzər Lankon”ın bütün turnirlərdə vurduğu 450-ci qol idi. Fasiləyə komandamız buüstünlüklə yollandı.
 
İkinci hissə "Xəzər Lankon”ın heyətində dəyişikliklə başladı – Mario Rosasın yerinə oyuna Antonio Semedo daxil oldu. Portuqaliyalı futbolçu meydana daxil olandan sonra Rahid Əmirquliyev mərkəzə keçdi. Gözlənildiyi kimi hesabda geri olan meydan sahibləri qol vurmaq üçün irəli atıldılar. Bir epizodda Əfran İsmayılov topu başla qapıdan keçirsə də, oyundankənar vəziyyətdə olduğundan qol hesaba alınmadı.
 
Az sonra isə komandamız azlıqda qalmalı oldu. İlk hissədə bir xəbərdarlıq almış Elnur Allahverdiyev, ikinci hissədə növbəti dəfə sarı vərəqə ilə cəzalanaraq oyunu vaxtından əvvəl tərk etməli oldu. Bunun ardından Mirça Rednik növbəti əvəzetməni yerinə yetirdi – Deyan Rusiçin yerinə oyuna Şəhriyar Xəlilov daxil oldu. Lakin Elnurun oynadığı mövqeyə Adrian Pit keçdi, Şəhriyar isə yarımmüdafiədə yer almaqla, lazım olanda beşinci müdafiəçi funksiyasını da yerinə yetirməli idi.
 
Komandamız on nəfərlə qaldıqdan sonra "Qarabağ” hesabı bərabərləşdirməyə yaxın oldu. Sağ cinahdan verilən ötürmədən sonra Rauf Əliyevin qapının uzaq sol küncünə yollamaq istədiyi top dirəydən qayıtdı. "Xəzər Lankon”ın hücumu zamanı isə Rahid Əmirquliyevin ötürdüyü topa Semedo toxuna bilsəydi, bütün suallara aydınlıq gələ bilərdi, amma rəqib müdafiəsi bu hücumun qarşısını aldı.
 
Əlavə olunmuş dəqiqələrdə Roşa cərimə meydançasının daxilindən endirdiyi zərbəni komandamızın formasında 135-ci oyununa çıxan kapitan Kamran Ağayev zərərsizləşdirdi. Final fitinə qədər "Qarabağ” daha bir neçə həmlə etsə də, komandamız qapısını toxunulmaz saxlayaraq bu səfərdən də üç xalla dönə bildi. Beləliklə, daha bir vacib qələbə qazanan "Xəzər Lankon” Premyer Liqada liderliyini davam etdirir.

TALISH.ORG 
Category: XABON | Views: 636 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: