GÖRÜŞ OLDU, AMMA DÜYÜN AÇILMADI Газета "Самур" Ləzgi .
Azərbaycan Respublikası Təhsil Nazirliyində keçirilmiş qəbuldan qeydlər
эhttp://samurpress.net/story.php?sid=2735
Qəzetimizin 28 noyabr və 19 dekabr 2018-ci il tarixli saylarında dərc olunmuş “Bir xalqın iki əlifbası?”, “Metodikadan kənar kitab” və “Ləzgi əlifbası tarixindən” məqalələri geniş əks-səda doğurmuşdur. Yüzlərlə oxucu 1938-ci ildə kiril qrafikası əsasında yaradılmış müasir ləzgi əlifbasının latın qrafikasına keçirilməsi məsələsinə öz münasibətini açıqlayaraq narazılığını bildirmiş, bunu Azərbaycan Respublikası Konstitusiyasında ana dilinin qorunub saxlanması və inkişaf etdirilməsi ilə əlaqədar azsaylı xalqlara verilmiş hüquqların pozulması adlandırmışdır.
“Samur” Ləzgi Milli Mərkəzi “Bir xalqın iki əlifbası?” və “Metodikadan kənar kitab” məqalələri ilə əlaqədar Azərbaycan Respublikasının təhsil naziri cənab Ceyhun Bayramovdan bu məsələyə münasibətini bildirməsini xahiş etmişdir. Bir neçə gündən sonra təhsil nazirliyinin tədris resursları şöbəsinin müdiri Elvin Rüstəmovun imzası ilə cavab məktubu aldıq. O yazır: “Sizin ləzgi dilində dərsliklərin latın qrafikalı əlifbada çap edilməsi ilə əlaqədar 05.12.2018-ci il tarixli 07 nömrəli müraciətinizə Təhsil Nazirliyində baxılmışdır.
Birdiririk ki, məktubunuzda “Bir xalqın iki əlifbası?” və “Metodikadan kənar kitab” məqalələrində adı çəkilən “Azərbaycanın ləzgi dili tədris olunan məktəblərinin 1-ci sinifləri üçün latın qrafikası ilə “Əlifba” kitabının siqnal nüsxəsi çap olunmuşdur” məlumatı reallığı əks etdirmir. Belə ki, qeyd etdiyiniz “siqnal nüsxə” əslində azsaylı xalqların dilləri fənni üzrə dərslik və metodik vəsaitdən ibarət olan 1-ci sinif “Ləzgi dili” dərslik komplektinin hələ tərtib mərhələsində olan əlyazmasıdır. Tərtib mərhələsi yekunlaşdıqdan sonra mövcud prosedurlara uyğun olaraq, dərslik komplektinin layihəsinin məzmunu seçilmiş ekspertlər tərəfindən ekspertiza ediləcək və rəylər nəzərə alındıqdan sonra həmin dərslik komplektinin nəşrqabağı təkmilləşdirilməsi məqsədilə ona dair ictimai rəy öyrəniləcəkdir. İctimai rəyin öyrənilməsi prosesində daxil olan bütün rəy və təkliflər təhlil edildikdən və məqbul hesab edilən düzəlişlər aparıldıqdan sonra dərslik komplektinin siqnal nüsxəsi çap olunacaqdır.
Məktubunuzda qaldırdığınız “ləzgi dilində dərsliklərin kiril əlifbası ilə çapının təmin edilməsi” məsələsi ilə bağlı bildiririk ki, bu, dilçilik elminə aid olduğu üçün ləzgi dilində dərslik komplektlərinin əlyazmaları hazırlanarkən Azərbaycan Milli Elmlər Akademiyasının rəyi rəhbər tutulmuşdur. Həmin rəydə ölkə ərazisində yaşayan azsaylı xalqların dili fənni üzrə “Ləzgi dili” dərslik komplektlərinin, digər azsaylı xalqlarda olduğu kimi, latın qrafikalı əlifba ilə çap edilməsi məqsədəuyğun hesab edilmişdir”.
Cavab qənaətbəxş olmadığına görə nazirlə görüşməyi qərara aldıq. Bu ilin yanvarın 10-da təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsil nazirliyinin aparat rəhbəri Muxtar Məmmədov, tədris resursları şöbəsinin müdiri Elvin Rüstəmov və daxili nəzarət şöbəsi müdirinin müavini Elvin İsmayılovla birlikdə münayəndə heyətimizi – “Samur” Ləzgi Milli Mərkəzi idarə heyətinin sədri İmran Rzayevi, “Samur” qəzetinin baş redaktoru Sədaqət Kərimovanı və qəzetin redaktor müavini Müzəffər Məlikməmmədovu qəbul etdi. Aşağıda həmin qəbuldan qeydləri veririk.
Nazir müavini Məhəbbət Vəliyeva və şöbə müdirləri münayəndə heyətinin hər bir üzvünü təmkinlə dinlədikdən sonra öz fikirlərini bildirdilər. “Samur” Ləzgi Milli Mərkəzi idarə heyətinin sədri İmran Rzayev qəbula və diqqətə görə nazirliyin rəhbərliyinə minnətdarlığını bildirərək, qaldırılan məsələlərlə əlaqədar danışmaq üçün sözü “Samur” qəzetinin baş redaktoru Sədaqət Kərimovaya verdi.
Sədaqət Kərimova: – Mövcud ləzgi əlifbasının latın qrafikasına keçirilməsi məsələsi ləzgi ictimaiyyətində böyük narahatlıq doğurub. Bununla əlaqədar “Samur” qəzeti redaksiyasına çoxlu müraciətlər daxil olur. Ona görə də ləzgi əlifbası və ləzgicə dərsliklərin çapı ilə bağlı fikirlərimi tezislər şəklində nəzərinizə çatdırmaq istəyirəm:
1. Hazırda Dağıstan respublikasının 10 rayonunda yığcam halda 540 minədək ləzgi yaşayır. Həm bu respublikada, həm də Rusiyada, Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda yaşayan ləzgilər kiril qrafikasından istifadə edirlər. Azərbaycanda ləzgilər latın əlifbasına keçsələr, xalqın böyük əksəriyyəti bu əlifba ilə yazılmış ədəbiyyatı oxuya bilməyəcək. Respublikamızda yaşayan ləzgilərin gələcək nəsilləri son 80 il ərzində kiril qrafikası ilə nəşr olunmuş ədəbiyyatı, minlərlə kitabı, onlarla qəzet və jurnalı oxumaqdan məhrum olacaq.
2. Ləzgi dili Dağıstan Respublikasının dövlət dilidir. Onun indiki əlifbası 1938-ci ildə Ümumittifaq Yeni Əlifba Komitəsinin tövsiyəsi və Dağıstan Əlifba Komitəsinin qərarı ilə qəbul edilib.
3. 1928-1938-ci illərdə latın qrafikalı əlifbadan istifadə olunub, lakin bu əlifba özünü doğrultmayıb. Ona görə də kiril qrafikalı əlifbaya keçilib. Latın əlifbası ilə müqayisədə bu əlifbanın bir sıra üstünlükləri var. Latın əlifbası ləzgi dilinin 17 fonemini və 300-dək ən çox işlənən sözlərini aradan çıxarır. Halbuki kiril əlifbası ilə cəmi 12 səs itirilir və onunla bütün sözləri ifadə etmək mümkündür. Bununla yanaşı, latın qrafikası ləzgi dilindəki cingiltili partlayıcı samitləri və nəfəssiz fonemləri ifadə edə bilmir. Həmçinin bu qrafika başqa dillərdən alınmış sözləri olduğu kimi yazmağa imkan vermir.
4. Azərbaycan Respublikasının Konstitusiyasında və 1991-ci ildən sonra qəbul edilmiş qərar və qanunlarda, Prezidentin fərmanlarında, “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası”na qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununda azsaylı xalqların əlifbalarını dəyişdirmək haqqında heç bir göstəriş yoxdur. Əksinə, hər bir xalqa öz dilindən və əlifbasından istifadə etmək, onu qoruyub saxlamaq və inkişaf etdirmək hüququ verilir.
5. Respublikamızda ləzgi dili dərsliklərinin çapı bərbad vəziyyətdədir. Son 42 il ərzində ləzgicə I və II siniflər üçün cəmi 2 dərslik nəşr edilib. Onlar da həddindən artıq qüsurludur.
Dərsliklərin və metodik vəsaitlərin hazırlanması dili mükəmməl bilməyən, kifayət qədər pedaqoji təcrübəsi olmayan təsadüfi adamlara tapşırılıb. Bu məsələ ilə əlaqədar təkcə son 4 il ərzində “Samur” qəzetində 16 məqalə dərc edilib, əlaqədar təşkilatlara müraciətlər olunub. Lakin məqalələrin və müraciətlərin hamısı cavabsız qalıb.
6. Əvvəllər respublikamızın məktəblərində ləzgi dilinin tədrisinə həftədə 2 saat vaxt ayrılmışdı. Əslində bu, kifayət etmirdi. Saatların sayı artırılmaq əvəzinə, 2017-2018-ci dərs ilində həmin vaxt azaldılaraq 1 saata endirilib. Bu, əhalidə haqlı narazılıq doğurub. Həmin məsələ ilə əlaqədar “Samur” qəzeti” redaksiyasına Quba, Qusar, Xaçmaz, Qəbələ və İsmayıllı rayonlarından yüzlərlə vətəndaş müraciət edib. Bəzi müraciətlər qəzetdə dərc edilib. Bu məsələ ilə əlaqədar “Əks nümunə” (3 sentyabr 2017-ci il) adlı məqaləmizə Təhsil Nazirliyindən aldığımız cavab da qənaətbəxş olmadı. Dərs saatları bərpa edilmədi. Bu məsələ həll olunmalıdır.
7. Son 50 il ərzində respublikamızda ləzgi dilini və ədəbiyyatını tədris edən ali təhsilli müəllim kadrları hazırlanmayıb. İbtidai siniflər üçün kadr hazırlığından ötrü vaxtilə M.Ə.Sabir adına Pedaqoji Texnikumun Qusarda açılmış filialı da bağlanıb. Ali təhsilli müəllim kadrlarının hazırlanmasından ötrü respublikamızın institutlarından birində müvafiq kafedra yaradılması vacibdir.
Sonra “Samur qəzetinin redaktor müavini Müzəffər Məlikməmmədova söz verildi.
Müzəffər Məlikməmmədov: – Biz əsrlər boyu yanaşı yaşayan dost xalqlarıq və bu dostluğu həmişə uca tuturuq. Qəzetimiz də respublikamızda xalqlar dostluğunun daha da möhkəmlənməsinə xidmət edir. Hazırda Azərbaycanın 20-dən çox rayonunda ləzgilər yaşayır. Quba, Qusar, Xaçmaz, Qəbələ, İsmayıllı, Oğuz rayonlarında ləzgi əhalisi yığcam haldadır.
Xalqımızın nümayəndələri hər bir sahədə azərbaycanlılarla və digər xalqlarla çiyin-çiyinə çalışırlar. İstər vətənin müdafiəsində, istər dövlətçiliyin qorunmasında ləzgilər həmişə fərqlənmişlər. Ulu öndər Heydər Əliyev 1998-ci ilin oktyabrın 3-də Qusar rayonunun seçiciləri ilə görüşü zamanı bunu xüsusilə qeyd etmişdir. Demək istəyirəm ki, biz həmişə bir yerdəyik və ona görə də ləzgi xalqı, onun dili və əlifbası ilə bağlı məsələlərə qayğı ilə yanaşılmalıdır.
Təəssüf ki, bəzən belə olmur. 2003-cü ildə Respublika Təhsil Nazirliyinin verdiyi rəsmi məlumatda göstərilirdi ki, Azərbaycanın Quba, Qusar, Xaçmaz, İsmayıllı, Qəbələ və Oğuz rayonlarının 126 məktəbində ləzgi dili və ədəbiyyatı dərsləri keçilir və 24670 uşaq bu dili öyrənir. Həmin məlumatı qəzetimizdə dərc etdik və nazirliyin əlaqədar şöbəsi ilə əlaqə saxladıq. Bildirdik ki, əslində respublikamızın 372 kənd məktəbində ləzgi dili tədris olunmalıdır. Bəs niyə məktəblərin cəmi üçdə birində bu fənn keçilir? Dedilər ki, kadr çatışmır, tədricən bu məsələ həll olunacaq.
15 il ötdü. Gözləmək olardı ki, bu müddətdə kadr hazırlığına qayğı göstəriləcək, ləzgi dili tədris olunan məktəblərin sayı artacaq. Lakin əksinə oldu. 2018-ci ilin məlumatına görə ləzgi dili cəmi 108 məktəbdə tədris olunur.
Ləzgi dili dərslərinin keyfiyyəti də lazımi səviyyədə deyil. Əvvəllər nazirlik qarşısında məsələ qaldırmışdıq ki, dərslərin keyfiyyətinə nəzarət etməkdən ötrü inspektor ştatı yaradılsın. Dedilər məsələyə baxılacaq. Lakin baxılmadı. Əgər pullu ştat yaratmaq mümkün deyilsə, heç olmasa ştatdankənar inspektor təyin etmək olmazmı?
Sualların heç birinə konkret cavab almadıq.
Məhəbbət Vəliyeva: – Bildiyiniz kimi, biz fəaliyyətimizdə “Təhsil haqqında qanun”u əsas tuturuq. Hazırda respublikamızın məktəblərində bir million şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 145 min müəllim məşğul olur. Ölkəmizdə təhsilin səviyyəsi getdikcə daha da yüksəlir. Bu sahəyə hamımız qayğı göstərməliyik. Bu məsələ ilə bağlı sizin fikirlərinizlə razıyam. Sizin narahatlığınızı yaxşı başa düşürəm. Siz öz xalqınızı sevən mütərəqqi insanlarsınız və ona görə də buraya gəlmisiniz.
Qaldırdığınız məsələlərlə bağlı onu deyə bilərəm ki, Təhsil Nazirliyi əlifbanın dəyişdirilməsi ilə əlaqədar qərar vermir. Biz icraedici orqanıq. Bu sual bizə aid deyil. Biz Milli Elmlər Akademiyasının rəyini əsas götürürük. Bu işi dövlət siyasətinə uyğun həyata keçiririk. Diğər azsaylı xalqlar latın əlifbasına keçib və onların dili bu əlifba ilə tədris olunur. Ləzgi dilini də digər dillərdən ayırmamışıq. Biz özümüz də xalq olaraq bu əlifbaya keçmişik. Əlbəttə, bu, asan olmadı. Latın əlifbasına keçəndə nə qədər çətinliklərlə üzləşdik. Amma biz bu çətinlikləri aradan qaldıra bildik. Unutmayaq ki, latın əlifbasından bütün dünyada getdikcə daha geniş istifadə olunur.
İmran Rzayev: – Rəyi Milli Elmlər Akademiyasının hansı institutu verib? Həmin rəylə tanış ola bilərikmi?
Suala konkret cavab almadıq.
Müzəffər Məlikməmmədov: – Məhəbbət xanım, deyirsiniz ki, bu işi dövlət siyasətinə uyğun həyata keçirirsiniz. Axı, Milli Elmlər Akademiyası dövlət siyasətini müəyyən edən orqan deyil, onun rəyi də nazirlik üçün qanun ola bilməz. Heç bir hüquqi sənəd olmadan, ancaq bu rəyə əsaslanıb latın qrafikası ilə ləzgi dilində dərslik çap etmək düzgündürmü?
Konkret cavab almadıq.
İmran Rzayev: – Bu məsələ ilə bağlı komissiya yaradılmalıdır, onun rəyindən sonra ictimai rəy öyrənilməlidir, qanun olmalıdır. Qanunda keçid mərhələsi nəzərə alınmalıdır. Bütün bunlar olmadan latın qrafikası ilə ləzgi əlifbasını necə çap etmək olar?
Məhəbbət Vəliyeva: – Belə əlifba hələ çap olunmayıb.
Sədaqət Kərimova: – Kitab çap olunub. Özü də onu qeyri-peşəkarlar, dili mükəmməl bilməyənlər hazırlayıb.
Məhəbbət Vəliyeva: – Sədaqət xanım, bilmirəm o kitab sizin əlinizə necə keçib. O hələ hazırlanır, düzəlişlər edilir, onu ekspertlər qiymətləndirəcək. Ona rəylər veriləcək. Bu rəylər məqbuldursa nəzərə alınacaq. Nə bilirsiniz, bəlkə o kitab əvvəlkindən də pis vəziyyətə düşəcək və yaxud daha yaxşı olacaq. Kitab çap olunandan sonra ictimai rəyə verilməli və bu məsələyə baxılmalıdır. Bu, hələ layihədir. Kitab çap olunmaya da bilər. Qoy tədris resursları şöbəsinin müdiri Elvin müəllim məsələni şərh etsin.
Elvin Rüstəmov: – Əlifba məsələsi ilə bağlı bizə müraciət olmuşdu. Cavab da vermişik. Təhsil Nazirliyi qrafika, əlifba dəyişdirən deyil. Bu işlə məşğul olmur. İstinad mənbəyi Milli Elmlər Akademiyasıdır. Latın qrafikası ilə əlaqədar akademiyanın mövqeyi rəhbər tutulub.
Dərsliklər məsələsinə gəldikdə onu deyə bilərəm ki, respublikamızda çap olunan bütün dərsliklərdə qüsurlar var. Dərsliklərdən hamı razı qala bilməz. Biz daxili məmurlarıq, qanunvericiliyə əməl edirik. Müəlliflərin seçilməsinə gəldikdə isə, bu, nəşriyyatın işidir. “Nəşriyyat işi haqqında” qanunda da belə yazılıb. Son qərar da müəllifindir. Düzəlişləri o edə bilər.
Sədaqət Kərimova: – Amma müəlliflərin nəşriyyat tərəfindən seçilməsi o demək deyildir ki, dərsliklərin hazırlanmasını qeyri-peşəkar, dili mükəmməl bilməyən, təcrübəsiz adamlara tapşırmaq olar.
Muxtar Məmmədov: – Son dörd ildə dərslik siyasəti əvvəlki illərlə müqayisədə xeyli fərqlənir. Dərsliklər daha keyfiyyətli hazırlanır, ictimai müzakirəyə verilir. Ayrı-ayrı dillərdə dərsliklər çap edilərkən ayrı-seçkiliyə yol verilmir. Bütün dərsliklərin keyfiyyətli çap olunmasına nəzarət edilir. Kitab hazırlanarkən ekspertlərin rəyi və ictimayi rəy nəzərə alınır.
Azərbaycan Respublikası Təhsil Nazirliyində keçirilən görüş bir saat yarım davam etdi. Səmimi qəbula görə minnətdarlığımızı bildirdik. Amma heyf ki, ləzgi əlifbasının dəyişdirilməsi ilə bağlı düyün açılmadı...
Sədaqət KƏRİMOVA,
Müzəffər MƏLİKMƏMMƏDOV
|