11:53
Müsavatın iç üzü

Müsavatın iç üzü


Bu gün insanlara “istiqlal mücahidi”, “əzabkeş mühacirlər” kimi tanıtdırılan M.Ə.Rəsulzadənin, Ə.Topçubaşovun, X.Xasməmmədovun və digərlərinin əslində xarici kəşfiyyat idarələrinin agentləri olması və xarici dövlətlərdən aldıqları küllü miqdarda vəsaitlər qarşılığında 20-30-cu illərdə Azərbaycanda irili-xırdalı minlərlə terror aktının törədilməsinə rəvac vermələri xarici arxivlərdən bilinən faktdır, tarixi gerçəklikdir, hansı ki bu faktların bir neçəsini keçmiş müsavatçı olmuş Yusif Vəzir Çəmənzəminli öz yazılarında qeyd etmişdir. Məlumat üçün deyək ki, Y.V.Çəmənzəminli Müsavat hökumətinin Türkiyədə səfiri olmuş, Aprel Sosialist İnqilabından sonrakı bir neçə il ərzində də İstanbulda devrilmiş Müsavat hökumətinin rəsmi səfiri sifətiylə fəaliyyət göstərmiş, bütün bu iyrəncliklərin şahidi olduqdan sonra Müsavat firqəsindən imtina etmişdir. Çox təəssüflər olsun ki, M.Ə.Rəsulzadəni, Ə.Topçubaşovu, X.Xasməmmədovu ifşa edən faktlar Y.V.Çəmənzəminlinin bu yaxınlarda latın qrafikasıyla təkrar nəşr edilən əsərlər külliyatından çıxarılmış, bununla da müsavat liderlərinin gerçək cinayətkar simaları yetişən gənc nəsildən gizlədilməyə çalışılmışdır. Amma kitabları qayçılayaraq tarixi saxtalaşdıranlar və bununla “milli” tarix yazdıqlarını iddia edənlər unudurlar ki, sözügedən faktlar arxiv sənədlərində, əvvəllər nəşr olunmuş qəzet, jurnal və kitablarda da mövcuddur və bunların hamısını yığıb gizlətmək faktiki olaraq qeyri-mümkündür. Ona görə də gənc nəsildən kimlərsə Rəsulzadələrin, Topçubaşovların öz xalqının qanını axıtmaq qarşılığında xarici dövlətlərdən aldıqları pullar hesabına xaricdə təmtəraqlı, şərəfsiz (kursiv Çəmənzəminlinindir) bir həyat yaşadıqlarını bilmək istəyirlərsə, Y.V.Çəmənzəminlinin 1976-77-ci illərdə nəşr olunmuş üç cildlik əsərlərini oxumağı məsləhət görürük.

***
Gənc nəsildən kimlərsə Rəsulzadələrin, Topçubaşovların öz xalqının qanını axıtmaq qarşılığında xarici dövlətlərdən aldıqları pullar hesabına xaricdə təmtəraqlı, şərəfsiz (kursiv Çəmənzəminlinindir) bir həyat yaşadıqlarını bilmək istəyirlərsə, Y.V.Çəmənzəminlinin 1976-77-ci illərdə nəşr olunmuş üç cildlik əsərlərini oxumağı məsləhət görürük. Onda sizlərə 1920-30-cu illərdə Azərbaycanda minlərlə insanın, Sovet hakimiyyəti fəalının, müəllimlərin qətlə yetirilməsinin, on minlərlə baş mal-qaranın məhv edilməsinin, ölkə ərazisində çoxsaylı sabotaj və dağıntı hadisələrinin törədilməsinin Parisdə Əlimərdan bəy Topçubaşovun yaşadığı “Senklo” villalarıyla əlaqəsi tam şəkildə aydın olacaqdır. Rəsulzadələrin, Topçubaşovların fitvasıyla təkcə 1928-31-ci illər ərzində Azərbaycanda 2 mindən çox terror və sabotaj aktı törədilmiş, nəticədə minlərlə insan qətlə yetirilmiş, xalq əmlakına, ölkə iqtisadiyyatına milyonlarla manat zərər dəymişdir. 1930-cu ildə Şəkidə təşkil olunmuş iğtişaşların, hansı ki ümumilikdə 200-dən çox insanın ölümünə, yüzlərlə insanın həbsinə səbəb olmuşdur, birbaşa Rəsulzadə və Topçubaşov tərəfindən xaricdən idarə edildiyi inkarolunmaz faktdır və bu hadisə Müsavat rəhbərlərinin silsilə cinayətlərindən sadəcə biriydi. Azərbaycanda törədilmiş hər belə iğtişaşdan, qanlı toqquşmadan sonra Rəsulzadələrin, Topçubaşovların cibinə millət naminə (kursiv Çəmənzəminlinindir) böyük pullar daxil olurdu. Onlar öldürülən hər kommunistə, dağıdılan hər kolxoza görə xarici dövlətlərdən küllü miqdarda qrantlar alır və Parisin göbəyində villalarda qayğısız həyat yaşayırdılar. Xaricdə oturub öz şəxsi mənfəətləri üçün millətin qanından səadət kərpicləri kəsən bu tip avantüristləri bu gün xalqa qəhrəman tək təqdim edən falsifikatorları oxuyanda insanın qələmə sarılaraq bütün varlığıyla bu saxtakarlara qarşı müharibə elan etməsi gəlir.
***
1930-cu ildə Sovet hökumətinə qarşı Şəki “üsyanının” (təşkilatçıları Kazım Qarabəkir paşa və Məmməd Əmin Rəsulzadə) iştirakçıları olan qolçomaqlar qiyam üçün yetərincə dəstək əldə edə bilmədiklərindən yoxsul kəndliləri ərzaq paylamaqla ələ almağa çalışırdılar. Onlar kəndlilərə şəkər, ərzaq paylayır və bunun guya aeroplanlarla Türkiyədən gətirildiyi haqqında şayiələr yayırdılar. Amma onlardan heç kim soruşmurdu ki, əgər Türkiyə dövlətinin belə imkanı varsa, onda nə üçün özünün acından bitki kökü gəmirən kəndlilərinə yardım etmir? Təxribatçılar havada uçuşan Sovet aeroplanlarının guya Türkiyəyə məxsus olması şayiə yayaraq əhalini inandırmağa çalşırdılar ki, Sovet hakimiyyəti bugün-sabah yıxılacaq, türklər bütün Qafqazda hakimiyyəti öz əllərinə alacaqlar və hamı yağ-bal içində üzəcək. Taxılı zəmilərdə gizlədib əhalini acından öldürən qolçomaqlar dəstələrinə yeni adamlar cəlb etmək üçün səxavət kisəsinin ağzını açıb yağ, qənd, ərzaq paylamaqda davam etsələr də onların “tələsinə” düşənlərin sayını barmaqla saymaq olardı. 1930-cu illərdə 200 min əhali yaşayan mahalda qolçomaqlara heç yüz nəfər də qoşulmadı. Çünki əhali yaxşı bilirdi ki, müftə pendir ancaq tələdə olur. İğtişaş tez bir zamanda NKVD tərəfindən yatırıldı və fitnəkarlar cəzalandırıldı.
*** 
Şəki üsyanının kiçik bir qolçomaq təbəqəsinin mənafe və marağından doğan bir şey olduğu o qədər apaçıq tarixi faktdır ki, hətta Həbibulla Manaflı özü belə bu faktı etiraf etmək məcburiyyətində qalır. O etiraf edərək yazır: “1930-cu ilin ilk aylarında üsyana hazırlıq prosesinin genişlənməsinə və intensiv xarakter almasına təkan verən başlıca amil yanvar ayının 5-də ÜİK(b)P MK tərəfindən qəbul edilən qərar olmuşdur. Həmin qərara görə 1932-ci ilin yayına kimi kütləvi kollektivləşmə həyata keçirilməli və bu zəmində qolçomaqlar bir sinif kimi ləğv edilməli idi” (H.Manaflının sözügedən kitabından). Deməli “xalq” üsyanı kimi qələmə verilməyə çalışılan silahlı qəsd ancaq və ancaq məhdud bir təbəqənin,- hansı ki qolmaqlar ailələriylə birlikdə o vaxt Respublika əhalisinin cəmi 1%-ə qədərini təşkil edirdilər, ölkə əhalisinin ən azı 90-95%-nin mənafeyinə qarşı silahlı qiyamıydı. İndi siz necə iddia edə bilərsiniz ki, Şəki hadisələri “xalq” üsyanıydı?
***
İndi bəziləri deyirlər ki, “heç nədən millətin qaymaqlarını 37-ci ildə güllələdilər”. Fikir verin, “heç nədən”, amma sonra da başlayırlar cild-cild kitablar yazıb fəxr etməyə ki, Cabbarlı, Cavid, Müşfiq və s. əks-inqilabçı idilər, türkçü idilər, Sovet hökumətinə qarşı gizli mübarizə aparırdılar. Cənablar, məgər bu 37-ci ildə “heç nə” idi? Bu o zaman vətənə, dövlətə, xalqa xəyanət, xarici xüsusi xidmət orqanları tərəfindən idarə olunan Topçubaşov, Rəsulzadə kimiləriylə eyni cəbhədə yer almaq demək idi. Sizlərin bu gün Cavidləri, Müşfiqləri gizli müsavatçı, türkçü, nə bilim nəçi kimi qələmə verən monoqrafiyalarınız, tədqiqat əsərləriniz bir daha 30-cu illərdə sözügedən şəxslərə qarşı çıxarılmış məhkəmə hökmlərinin doğru olduğunu təsdiq edir. Deyə bilmərik monoqrafiyalarda, elmi tədqiqat əsərlərində, elmi publisistik yazarlarda irəli sürülən bu qəbildən fikirlər nə dərəcədə əsaslıdır, hər halda buna görə alimlik dərəcəsi alanlar varsa deməli iddialar əsassız deyil. Müasir dövr tədqiqatçılarının bəziləri əsərlər yazıb iddia edirlərsə ki, “Cabbarlı gizli müsavatçı olub”, bu o deməkdir ki, Yazıçılar İttifaqının rəhbərliyi səviyyəsinə qədər “gizli müsavatçılar” nüfuz edə bilmişdilər- belə olan təqdirdə, beynəlxalq təcridlə üz-üzə qalmış, hər an əks-inqilabi müdaxilə reallığıyla yaşayan bir ölkədə bu qəbildən faktlar DTK-nın nəzərlərindən kənarda qala bilməzdi. Partiya və dövlət orqanlarında, təşkilat və müəssələrdə təmizləmələr qaçılmaz idi. Sovet hakimiyyəti yaxınlaşan dünya müharibəsi ərəfəsində cərgələrini saf-çürük etməli, qüvvələrinə baxış keçirməliydi. Etibarsız hesab olunanlar, xarici əks-inqilabi alyansla əlaqədə şübhəli bilinənlər, bu və ya digər formada inqilaba arxadan zərbə endirməyə hazır olanlar zərərsizləşdirilməliydilər. Əks təqdirdə 1941-45-ci illər dünya müharibəsində qələbə mümkünsüz idi.
***
1930-cu illərdə Sovet Azərbaycanında minlərlə terror aktı, sabotaj var idi, hansı ki bir ucu İstanbula, Parisə gedib çıxırdı, digər ucu isə yerli hakimiyyət orqanlarına. Xarıcdən dəstəklənən təxribatçı qüvvələr yerli dövlət orqanlarına və digər qurumlara sızmışdılar. Bu sadəcə şübhə deyildi, istintaq materiallarıyla təsdiqlənən fakt idi. Bu fakt qarşısında qalan Sovet hökumətinin tam qanunauyğun hüququ idi ki, əks-inqilabi ünsürləri partiya və dövlət orqanlarından təmizləsin və təmizlədi də. 1930-cu illərin sonlarında əks-inqilabın bütün məxvi strukturları çökdürüldü. Şəki iğtişaşlarını və digər təxribatları təşkil edən “Xalq Azadələri Firqəsi” xaricdən idarə olunurdu və onun Türkiyə qanadına Kazım Qarabəkir Paşa rəhbərlik edirdi. Hər halda həbs olunmuş quldurlar öz ifadələrində bunu vurğulamışdılar. Təbii ki Qarabəkir kimi Türkiyədə nüfuz sahibi olan birisinin Şəkidəki iğtişaşlarda əlinin olması faktı üzə çıxandan sonra heç şübhəsiz Türkiyəylə əlaqələri olan bəzi ziyalılar və yazıçılar da şübhəlilər siyahısına düşərək nəzarətə götürüldülər. Ələlxüsus da Hüseyn Cavid kimi öz dilində yazmağı ar bilərək osmanlı dilində “gəliyorum”, “gediyorum” yazanlar izlənməliydilər.
Bu gün bizim bir çox ədəbiyyatşünaslarımızın, filoloqlarımızın yazılarını oxusanız 37-ci ildəki represyalara haqq qazandırarsınız. Məsələn, hər kəs yaxşı bilir ki, Cəfər Cabbarlı əvvəl müsavatçı olsa da Sovet hakimiyyəti qurularkən inqilabın tərəfinə keçir, Azərbaycanda Sovet dramaturgiyasının əsasını qoyur, Yazıçılar İttifaqına rəhbərlik edir və öz əcəliylə vəfat edir. Müasir tədqiqatçılar dəridən-qabıqdan çıxaraq əsaslandırmağa çalışırlar ki, Cəfər Cabbarlı Sovet dövründə gizli müsavatçı olmuş, sətiraltı sözlərlə öz ideyalarını təbliğ etmişdir. Hətta iddia olunduğuna görə Sovet hakimiyyəti qurulduqdan sonra Müsavatın sonuncu iclası gizli şəraitdə C.Cabbarlının evində keçirilib. Çox yox, elə bu tədqiqat əsərlərindən birini 37-ci ildə müstəntiqlərin stolunun üstünə qoysaydınız, Cəfər Cabbarlı güllə qabağına gedərdi- çünki sözügedən yazıçıların gizli müsavatçı olması, əks-inqilabi fəaliyyətləri kommunistlərin uydurması yox, müasir ədəbiyyatşünasların bəzilərinin gəldiyi elmi nəticədir. Olsun ki Cabbarlı əcəliylə öldü, represiyaları görmədi, amma Cavid, Müşfiq bu prosesləri gördülər. Bu gün Cavidin, Müşfiqin, Cabbarlının “millətçi”, “türkçü”, “antikommunist”, “əksinqilabçı” olduğu barədə cild-cild kitab yazan alimlərin babaları elə bu qəbildən danosları yazıb müstəntiqlərin qabağına qoyurdular, üzlərinə dururdular, nəticə isə hər kəsə məlumdur. Məgər buna görə Sovet hökuməti günahkar idi?
***
Bu gün liberallar 1937-ci ilin təkcə repressiyalarından danışırlar. Amma 1937-ci ilin başqa məsələləri də vardı. Həmin 1937-ci ildə Azərbaycan tarixində ilk dəfə geridə qalmış aqrar ölkədən iri maşınlı sənaye respublikasına çevrilmişdi. Həmin 1937-ci ildə Azərbaycan iqtisadi inkişaf səviyyəsinə, məhsul istehsalının həcminə, iqtisadiyyata yönəldilən kapitalın həcminə və elektrik enerjisi istehsalına görə Sovet İttifaqında digər respublikaları geridə qoyaraq Rusiya və Ukraynadan sonra 3-cü olmuşdu. Həmin 1937-ci ildə yarım milyondan çox uşaq məktəblərdə təhsil alırdı və şagird kontingentinin sayına görə Azərbaycan bütün müsəlman dövlətlərini, hətta Türkiyə, İran, İraq kimi böyük müsəlman dövlətlərinin birgə ümumilikdə göstəricisindən də üstün idi. Həmin 1937-ci ildə müsəlman Şərqində Azərbaycan ən çox tələbə və şagird təhsil alan ölkəydi. Həmin 1937-ci ildə müsəlman ölkələri arasında Azərbaycan təhsilə ən çox vəsait xərcləyən ölkə idi. Həmin 1937-ci ildə Azərbaycan əhalisinin hər 10 min nəfərinə düşən tələbələrin sayına görə hətta Hollandiya, Belçika, Norveç kimi Avropa dövlətlərini açıq fərqlə üstələyirdi. Azərbaycanda metro tikintisinin layihəsi hazırlananda müsəlman ölkələrinin heç birində adicə tramvay xətti də yox idi- amma Azərbaycanda ilk tramvay xətti 1926-cı ildə istifadəyə verilmişdi ki, bu SSRİ-də və bütün Şərqdə ilk tramvay xəttiydi. Azərbaycanda ilk elektrikləşmiş dəmiryol xətti istifadəyə veriləndə nə SSRİ-nin digər regionlarında, nə də Şərqdə heç bir dövlətdə elektrik dəmiryol xətti yox idi. Liberallar bu məsələlərdən danışmağı sevmirlər. Onları ancaq 1937-ci illin repressiyaları maraqlandırır.
***
Yusif Vəzir Çəmənzəminli M.Ə.Rəsulzadənin, Topçubaşovun yaxın silahdaşı olmuş, Müsavat hökuməti devrildikdən sonra belə illərlə Müsavatın Türkiyədəki səfiri vəzifəsini icra etmiş, onların xalqın qanı ilə alver edib xaricdə lüks içində yaşadıqlarını gördükdən sonra Müsavat firqəsinə tüpürərək Sovetlər ölkəsinə qayıtmışdır. Çəmənzəminli Müsavat liderlərinin iyrəncliklərindən bəhs edərkən yazırdı: “Əgər Məmməd Əminlər Azərbaycanda feodalizmin zühuruna və qolçomaqların təkrar iş başına gəlməsinə inanırlarsa, əmin olsunlar ki, bu olmayacaqdır. Bütün Azərbaycan gəncləri ölərlər, lakin köhnəlmiş idarənin təkrar hökm sürməsinə razı olmazlar. Çünki böyük inqilabın feyzləri geri alınmaz”.
***
Müsavatçıların bəyənmədiyi Məşədi Əzizbəyov inqilabçı dostlarının həbsdən girov qarşılığında buraxılması üçün pul toplayanda öz evini banka girov qoyaraq pul götürüb dostlarını həbsdən çıxarmışdı. Əzizbəyov bənzər hərəkətləri dəfələrlə öz fəhlə yoldaşlarının problemlərini həll etmək, aktyor Sarabskinin evinin bank tərəfindən müsadirə olunmasının qarşısını almaq üçün etmişdi. Belə ki Sarabski banka evini girov qoyub borc pul götürür, pulun faizini vaxtında ödəyə bilmədikdə isə bank aktyorun evini müsadirə etmək, əlindən almaq istəyir. Məşədi Əzizbəyov Sarabskinin əvəzindən borcu ödəyərək aktyorun evinin əlindən alınmasına yol vermir. Kommunist əxlaqı insanlarda belə altruist kollektivçi, ictimai mənafeni öz şəxsi qazancından üstün tutan keyfiyyətləri formalaşdırdığı halda, bəy-xan dünyagörüşü olan müsavatçılıq insanlara eqoizm, xudpəsəndlik, cılız şəxsi tələbatlarının ödənilməsini başqalarının yaşamaq hüququndan üstün tutan rəzil xüsusiyyətlər aşılayır. Məsələn, Topçubaşov Parisdə bahalı villada yox, sadə bir evdə də yaşaya bilərdi, bundan qənaət etdiyi pullarla mühacir dostlarına kömək edərdi, onların həyatlarını xilas edə bilərdi. Amma o belə etmir, villada yaşamağı silahdaşının həyatından üstün tutur. Çünki o bir bəydir, ona sadə evdə yaşamaq alçaqlıq gətirər, o villada yaşamalıdır, hər kəsə önəmli şəxs olduğu hissini təlqin etməlidir- başqaları harada ölürsə-ölsün, onun üçün fərq etməz. Bu rəzil, mürtəce dünyagörüşün daşıyıcısı olan birisinin guya 1918-20-ci illərdə Paris Sülh Konfransında Azərbaycan naminə iş aparması, sonra isə guya Azərbaycanın dərdləriylə yaşaması cəfəngiyyatdır. Topçubaşov 1918-20-ci illərdə Parisdə ancaq özü üçün, öz şəxsi lüks həyatının təminatı üçün çalışıb və sonrakı mühacir həyatının dəbdəbəsi də bunu bariz şəkildə sübut edir. Topçubaşov Paris Sülh Konfransı adıyla Parisdə özü üçün şərait qurub-yaratmaqla məşğul idi.
***
Yusif Vəzir Çəmənzəminli yazır ki, Azərbaycanda təşkil etdikləri fitnələrin və diversiyaların müqabilində xarici dövlətlərdən alınan vəsait tezliklə mühacirlər arasında parçalanmaya səbəb olmuşdu. Çünki Rəsulzadə, Topçubaşov, Xəlil bəy Xasməmmədov bu pulları mənimsəyərək öz lüks həyatlarına xərclədikləri halda digər mühacirlərə heç 1 dollar da vermirdilər. Çəmənzəminli yazır ki, onun öz yanında mühacirlər dəfələrlə Xəlil bəy Xasməmmədovu döymək istəmiş, onunla əlbəyaxa olmuşdular. Çəmənzəminli belə bir epizodu xatırlayır ki, bir dəfə Topçubaşovun əlinə yenə “millət naminə” böyük pullar keçmişdi. O mənə təklif etdi ki, İstanbul səfiri işini Xəlil bəy Xasməmmədova təhvil ver, sonra isə qərarını dəyişərək bildirdi ki, ad Xəlilbəyin olsun, işləri sən apar. Sonradan mənə məlum oldu ki, Topçubaşov Xəlil bəyə “səfir” vəzifəsinə görə ayda 15 milyon frank maaş yazır və bununla da “səfirliyin” saxlanma xərcini süni surətdə şişirdərək qrant pullarını mənimsəyir. Sonra Çəmənzəminli yazır ki, qardaşımın vəziyyəti çox ağır idi, hər gün irəliləyən vərəm azarı onu ölüm döşəyinə salmışdı. Eşitdim ki, yenə Topçubaşovun əlinə “millət naminə” böyük pullar keçib, məktub yazıb qardaşımın dərdini ona anladıb yardım etməsini xahiş etdim, amma cavab gəlmədi. Sonra yaşadığı Senklo villasına yollandım və “mən şəxsim üçün heç bir şey təmənnasında deyiləm, fabrikdə çalışaraq həyatımı təmin edirəm, xəstə bir azəri türkü üçün yardımınızı əsirgəməyin” dedim. Amma Topçubaşov pulu olmadığını söyləyib yardım xahişimizi rədd etdi, Rəsulzadə isə sadəcə 3 dollar göndərdi. (Y.V.Çəmənzəminli, əsərləri, 3-cü cild, Bakı, 1977).
İndi siz fikir verin, xarici dövlətlərdən alınan qrant pulları ilə villalarda yaşayıb kurortlarda istirahət edənlər öz silah yoldaşlarının müalicəsi üçün heç qara qəpiyə də qıymadılar və nəticədə sözügedən şəxs xəstəlikdən öldü. Öz dostlarından, silahdaşlarından qəpik-quruşu əsirgəyənlərin guya millət naminə “əzablı” mühacir həyatı yaşadıqlarıyla bağlı medianın uydurduğu sentimental hekayələr adamda acı ikrah hissindən başqa heç bir hiss doğurmur. 
***
Məmməd Əmin Rəsulzadənin, Topçubaşovun fitvasıyla yerli əks-inqilabi ünsürlər təkcə 1931-ci ildə Azərbaycanda irili-xırdalı 830 terror aktı həyata keçirmiş, yüzlərlə adamı qətlə yetirmiş, minlərlə baş mal-qara məhv etmişdilər. Belə terror aktlarının sadəcə birində kolxozun gözətçisi öldürülmüş, 100 baş mal-qara aparılmış, ot tayalarından yalnız qara kül qalmışdı. İndi təsəvvür edin ki, bir il ərzində 830 belə hadisə törədilmlşdir.
Bunun adı barbarlıq, öz xalqına və ölkənə qarşı vəhşilikdir. Liberallara görə isə bu “istiqlal savaşı”dır.
***
Müsavatçı bəylər xaricə qaçanda torbalarla qızıl aparmışdılar. Yusif Vəzir Çəmənzəminli Cümhiriyyət parlamentinin sədri işləmiş Topçubaşovun Parisdə yaşadığı lüks həyat haqqında belə yazırdı: “Əlimərdan bəy vaxtilə Napoleon İqamətgahı adlanan “Senklo” məhəlləsində bir villada yaşayırdı. Bir gün işdən sonra “Senklo”ya getdim, Əlimərdan bəyi xanımı ilə villada yalnız gördüm. Coluq-çocuqlarını bir neçə aylığa dəniz kənarına təmiz hava almaq üçün göndərmişdilər”. Nəzərə alın ki, o zaman Paris dünyanın paytaxtı sayılırdı. Belə bir yerdə düz Parisin göbəyində, Napoleon İqamətgahı məhəlləsində villada yaşayasan, uşaqlarını bir neçə aylıq kurorta göndərəcək qədər zəngin olasan- hamısı da Azərbaycan xalqının qan bahası, qan pulu hesabına! Buna qaniçənlikdən başqa ad vermək olmaz.
***
Rəsulzadə öz arvad-uşağını Bakıda kommunistlərə “təhvil” verib xaricə getmişdi, halbuki belə bir şeyə qətiyyən ehtiyac yox idi, çünki özü xatirələrində etiraf edirdi ki, Stalin ona ailəsiylə birlikdə hansı xarici ölkəyə getmək istəsə kömək etməyə hazır olduğuyla bağlı söz vermişdi. Amma Rəsulzadə xaricə tək getdi. Buradan böyük bir sual işarəsi ortaya çıxır: ailəsinin qədrini bilməyən birisi millətinin qədrini bilib qeyrətini çəkə bilərdimi? Rəsulzadə sonra xaricdə Polşa yəhudisi olan qadınla evləndi. Bu seçim də təsadüfi deyildi. Praqmatik zəka sahibi olan Rəsulzadə Avropanın sionist dairələrinin və xüsusi xidmət orqanlarının simpatiyasını qazanmaq üçün nədən necə istifadə etməyi çox yaxşı bilirdi.
***
Yusif Vəzir Çəmənzəminli yazırdı ki, necə olur, Bakıda parlamentdə hakimiyyətin Sovetlərə verilməsinə səs verənlər bir neçə həftə sonra Gəncədə qanlı silahlı qəsd törətdilər? Parlament qaydasında hakimiyyət kommunistlərə dinc şəraitdə verildikdən sonra Gəncədə belə bir qanlı qiyama nə ehtiyac var idi? Çəmənzəminliyə görə Topçubaşovların, Xəlilbəylərin Türkiyədəki, Avropadakı dəbdəbəli villa həyatı bu “ehtiyacın” haradan yarandığına bariz sübut idi... M.Ə.Rəsulzadələr, Topçubaşovlar, Xəlil bəy Xasməmmədovlar və digərləri Molla Mustafa Əlicanov, Mustafa bəy Əlicanbəyov, Bəhrambəy Nəbibəyov kimi yerli əlaltılarının hesabına dinc insanları qırğına vermək və iğtişaşlar təşkil etmək yolu ilə xarici xüsusi xidmət orqanlarından küllü miqdarda pul alırdılar. Onlar Türkiyədki, Avropadakı villalarda lüks içərisində eyş-işrətli bir həyat keçirir, xalqın qanını axıtmaq müqabilində alınmış pulların hesabına şərəfsiz bir həyatın dadını çıxarırdılar. Hələ Şəki hadisələrindən əvvəl 1927-ci ildə xaricdən idarə olunan ittihadçı bir qrup mayın 1-də Ağdamda qanlı iğtişaş törətmək planlasa da hadisədən əvvəl qəsd təşkilatçıları ifşa olundular. Amma bir neçə gün sonra Paris qəzetləri yazırdılar ki, guya Azərbaycan ərazisində “əzəmətli” üsyan baş vermiş, amma qüvvələr qeyri-bərabər olduğundan “üsyan” yatırılmışdır. Sual olunur: Paris qəzetlərində belə “əzəmətli” üsyanlar uydurmaq, guya üsyançılarla Sovet qoşunu arasında qanlı toqquşmalar olduğu barədə məlumatlar dərc etdirmək kimin və kimlərin, nə üçün marağındaydı? Bəyəm Azərbaycan adlı bir məmləkətin, hətta indinin özündə belə varlığından xəbərsiz olan Paris əhli üçün Ağdamda və ya qeyri-rayonların birində baş vermiş “əzəmətli” üsyan hansısa maraq kəsb edirdi? Əlbəttə ki yox. Belə qəzet yazıları Rəsulzadə, Topçubaşov və bu qəbildən olan qrant ovçularından başqa heç kəsə lazım deyildi- onlar bu materialları hazırlayıb xarici kəşfiyyat qurumlarına təqdim edirdilər və ordan küllü miqdarda pul alırdılar. Rəsulzadələrin, Topçubaşovların Polşa diktatoru general Pilsudskidən külli miqdarda pul almaları, hətta aylıq məvacib qarşılığında Polşa xüsusi xidmət orqanlarına şpionluq etmələri tarixi faktdır və bununla bağlı arxiv sənədləri mövcuddur.
***
 Yusif Vəzir Çəmənzəminli yazırdı ki, 1920-ci ilin yayında Gəncədə baş verən anti-sovet qiyam zamanı “Tiflisdən gürcü qoşunu gətirməyə gedirik” bəhanəsi ilə aradan çıxmış müsavatçılar Xəlil bəy Xasməmmədov və Məşədi Əli Rəfiyev Türkiyəyə gəldikdən sonra villada xalı-xalça içərisində yaşayırdılar. Çəmənzəminli bu barədə belə yazırdı: “Müsavatçı Xəlil bəy Xasməmmədov, Məşədi Əli Rəfiyev “Tiflisdən gürcü qoşunu gətirməyə gedirik” bəhanəsi ilə xalqı qan içində buraxıb qaçmışlar. İstanbulda “millət naminə” toplanan pullardan həyatlarını əvvəlkindən daha gözəl qurmağa müvəffəq olmuşlar. Xəlilbəy bir böyük ev icarə edir, xalçalar və mebel alır... Halbuki başqa mühacirlər gündəlik yeməyə möhtac idilər”.
Qeyd edək ki, həmin vaxt İstanbulda Müsavatın səfiri olan Çəmənzəminli dolanışığını təmin etmək üçün zavodda fəhlə işləyirdi. Ortaya sual çıxır: bəs Xəlilbəy hansı xidmətlərin müqabilində villada yaşamaq şərəfinə nail olmuşdu? Təbii ki Gəncədə tökülən nahaq qanların qarşılığında Avropa dövlətlərinin verdiyi istiqrazlar, bugünkü dillə desək, qrantlar hesabına!
*** 
Sabiq müsavatçı Çəmənzəminli yazırdı: “Yəqin ki Azərbaycanda xaricdəkilərin “milli məfkurə” deyə bağırdıqlarına inanan sadəlöhv adamlar var. Əmin olsunlar ki, aldanıblar... Topçubaşovlardan, Xəlil bəy Xasməmmədovlardan, qoçu Məşədi Əlilərdən, Rəsulzadələrdən və başqalarından millətə xeyir gəlməz... Əgər “milli məfkurə” bizə zülm bəxş edəcəksə, ölsün o məfkurə... Mənən ölən qüvvə maddiyat hesabına dirilə bilməz. Buna görə də onlar millətin qanı və namusu bahasına da olsa, xarici istiqrazlar qazanaraq şərəfsiz həyatlarının təminatına çalışırlar”. (Y.V.Çəmənzəminli, əsərləri, 3-cü cild, Bakı, 1977).
***
1930-cu illərdə mülkünü itirmiş bəylər və hegemonluqları əllərindən alınmış qolçomaqlar gizli müsavatçıların təbliğatı sayəsində sadəlöhvcəsinə inanırdılar ki, guya türklər 1918-ci ildəki kimi gəlib yenə də torpaqları əvvəlki sahiblərinə qaytaracaqlar. Tədqiqatçı Həbibulla Manaflı iddia edir ki, qolçomaq və keçmiş bəylərin Türkiyə heyranlığı guya milli-dini dəyərlərlə bağlı imiş, guya dini heysiyyəti “tapdanan” xalq Türkiyənin timsalında öz dini dəyərlərinin xilasını görürmüşlər. Amma Manaflı bir şeyi unudur ki, 1928-ci ildə Türkiyədə “dövlətin rəsmi dini” haqqında maddə konstitusiyadan çıxarılmış və bununla da din dövlətdən ayrı elan edilmişdi. 1929-cu ildə isə Türkiyə dövlətində Azərbaycanda olduğu kimi əlifba islahatı keçirərək ərəb əlifbasından imtina etmiş, yeni latın qrafikalı əlifbaya keçilmişdi, hansı ki Molla Mustafa Əlicanov eyni islahatları Azərbaycanda “küfr” elan etmişdi. İndi sual olunur: necə olur ki, Azərbaycanda bu qəbildən islahatları küfr elan edib latın əlifbalı kitabları yandırtdıran, müəllimləri öldürtdürən Molla Mustafa eyni “küfrü” təkrar edən Türkiyəni xilaskar kimi təbliğ edirdi? Guya Molla Mustafanın Atatürkün Türkiyə Cümhuriyyətində apardığı islahatlardan xəbəri yox idi? Bəyəm o bilmirdi ki, Türkiyənin özündə geyim islahatları, əlifba islahatı, dini idarələrə aid torpaqların müsadirə olunması prosesi gedir? Yoxsa cənab Mollanın Türkiyə Cümhuriyyətində ictimai yerlərdə çadra, baş örtüyü, papaq qoymağın qadağan olunmasından xəbəri yox idi? Bəlkə möhtərəm Mollaya Atatürkün müasirləşmək islahatlarını süngüylə qarşılamış din xadimlərinin kamalist məhkəmələrin hökmüylə dar ağaclarında bitmiş aqibətləri məlum deyildi? Bəyəm Molla Mustafa 1920-30-cu illərdə kamalist inqilab məhkəmələrində nə qədər dindarın kəlləsinin getdiyindən xəbəri yox idi? Sözügedən tarixdə Türkiyə Cümhuriyyətində dövlət məktəblərində dini dərslərin tədrisinin qadağan olunması, Quran kurslarının, mədrəsələrin bağlanması faktları Türkiyə xüsusi xidmət orqanlarına şpionluq edən Molla Mustafalara, Hüseyn Əsədulla oğullarına məlum deyildi? Bəlkə “Ayasofya” məbədinin dini ayinlər üçün qadağan olunaraq muzeyə çevrilməsi faktından xəbərsiz idilər?! Yox, gecə-gündüz Türkiyədən, Parisdən təlimat alan bu adamlar hər şeydən xəbərdar idilər. Onda sual çıxır, əgər dedikləri kimi davaları “din”, “millət” davası idisə, “küfrlə” məşğul olan Türkiyə dövlətinə niyə nifrət etmirdilər, “mayası allahsızlıqla yoğrulmuş Lenin bayrağı altında ancaq satqınlar yaşayar” deyənlər nə üçün “allahsız” Atatürkün bayrağı altında, həm də paşaların tapdağı altında yaşamaq üçün dəridən-qabıqdan çıxırdılar? Cavab çox sadə və aydındır: çünki dava din davası yox, yorğan davasıydı, mülk, pul davasıydı!
***
1930-cu illərdə xaricdən idarə olunan Molla Mustafa və digər qəsd təşkilatçıları məqsədli surətdə əhali arasında belə şaiyələr yayırdılar ki, guya türklər SSRİ-yə hücum edib Azərbaycanda və bütün Qafqazda hakimiyyəti ələ alacaqlar və bununla da “Böyük Türkiyəylə birləşmə” prosesi başa çatacaqdır. Amma əhali arasında bu şaiyələrlə də tərəfdar toplamaq mümkün olmurdu. Əvvəla ona görə ki, Osmanlı işğalından cəmi 12 il keçirdi və hər kəs işğalçıların yerli əhalinin başına açdıqları oyunları, təhqirləri çox gözəl xatırlayırdılar. Məsələn, Osmanlılar 1918-ci ildə Azərbaycanı işğal edərkən kişiləri şalvarlarını aşağı çəkərək tavanın üzərinə oturdurdular və qazanın içinə siçan buraxaraq altdan onu qızdırmağa başlayırdılar. Qazan qızdıqca siçan vurnuxur, o tərəf bu tərəfə qaçaraq çıxmağa deşik axtarırdı, özünü qazanın üstündə oturmuş kişinin anus dəliyinə soxurdu. Yaxud da kişilər küçədəcə soyundurulub zopa deyilən şallaqla döyülürdülər- hadisənin canlı şahidləri çox sonralar da xatırlayırdılar ki, Sovet hakimiyyəti qurularkən hələ bir çox kişilərin zopa yarası sağalmamışdı. Bəli, Manaflının “xilaskar” kimi qələmə verdiyi osmanlı işğal qüvvələri hələ ən yaxşı halda yerli əhaliylə belə rəftar edirdilər. Ona görə də “Böyük Türkiyəylə qovuşmaq” sayaqlamasına 1918-ci ildə türklər tərəfindən dar ağaclarından asılan və güllələnən əhalinin rəğbət göstərməsi mümkün deyildi. Bu şaiyələr ən yaxşı halda varlı qolçomaqlar, keçmiş bəylər, mülkədarlar arasında özünə tərəfdar tapırdı, çünki bu təbəqələr yaxşı xatırlayırdılar ki, 1918-ci ildə osmanlı paşaları və ingilis işğal qüvvələri bəylərin torpağını ələ keçirən kəndliləri necə cəzalandırırdılar, hələ üstəlik onları bəyə vurulan zərərə görə təzminat da ödəməyə məcbur edirdilər.
*** 
Nə yazıqlar olsun ki, "Şəki üsyanı" kitabının müəllifi Həbibulla Manaflı öz qəhrəmanlarını ən kobud, ən vəhşi, ən yırtıcı istismarçıların içində axtarır. Onun “qəhrəmanlarının” cərgəsində adlarını çəkdiyi Xudu Abdullaoğlu (Zəyzid) və Cəfər Mirzəoğlunun (Bideyiz) quldur dəstələri kolxozçulara, kənd fəallarına və kommunistlərə qarşı 50 terror aktı həyata keçirmişlər. Manaflı bu quldurların terror əməllərinə bəraət qazandırmaq üçün öldürülən Dövlət Siyasi idarəsinin rayon müvəkkili Aqacanovun (ermənidir) adını çəkməklə işini bitmiş hesab edir. Ümumiyyətlə son vaxtlar cəmiyyətdə hökm sürən “süni” anti-erməni əhval-ruhiyyəsi bu girdirmə tarixçilərin işinə əməlli-başlı yarayıb. Onların məntiqinə görə quldur Xudu bir nəfər erməni öldürübsə deməli öldürdükləri onlarla günahsız kolxozçunun, muzdurun qanını onlara bağışlamaq olar. O bir nəfər erməninin adını çəkməklə quldurların kəndlilərin evini yandırması, kolxozun mal-qarasını kütləvi şəkildə məhv etməsi faktlarını ört-basdır etməyə çalışır- oxucuda elə rəy yaratmağa çalışır ki, quldurlar sanki ermənilərə qarşı mübarizə edirlərmış. Yox, cənab Manaflı, sizin “qəhrəmanlarınızın” əli yüzlərlə azərbaycanlının qanına batmışdı- onları “milli qəhrəman” edə bilməyəcəksiniz. Həm də sizin “milli” quldurlarınız yüzlərlə azərbaycanlının qanını axıtmaqda elə ermənilərlə də az əməkdaşlıq etməmişdilər. Məsələn, M.Ə.Rəsulzadə 1927-ci ildə Parisdə təsis olunmuş “Qafqaz Konfederasiyasının istiqlaliyyəti komitəsi”ndə daşnaklarla birgə Qafqazda törədiləcək terror aktlarına rəvac və fitva vermirdimi, yoxsa Çopur Məmməd və Tiqran Arutyunov onların təlimatlandıraraq terror törətmək üçün Qafqaza göndərdikləri diversantlar deyildilərmi? O Tiqran Arutyunov ki kolxoz fəallarına, kəndlilərə qarşı qəsd təşkil edir, kolxozlardakı xalq əmlakını dağıdıb məhv edirdi. Azərbaycan xalqının ləyaqətli oğullarını Rəsulzadələr, Topçubaşovlar quldur qolçomaq Tiqran Arutyunovların əliylə məhv edir, iqtisadiyyatını xaraba qoyurdular.
***
Planetimizdə minlərlə xalq yaşayır. Əgər siz onların ədəbiyyatını, folklorunu təhlil etsəniz görərsiniz ki, xalqlar nə qədər çox rəngarəng olsalar da onların qəhrəmanlıq kriteriyaları ortaq və oxşar dəyərlərə əsaslanır. Yəni müxtəlif xalqlara məxsus olan qəhrəmanlar bir-birilərinə çox oxşayırlar. Bu oxşarlıq da ondan irəli gəlir ki, bütün xalqlarda qəhrəman el-oba, camaat, bir sözlə, xalq mənafeyi üçün çalışıb-vuruşanlardır. Yəni öz şəxsi mənafeyini ictimai mənafeyə qurban verənlərdi... Abbasqulu bəy Şadlınski mülkədar idi, amma öz torpağını, mülkünü könüllü şəkildə kolxoza bağışladı və bununla da öz şəxsi, fərdi mənafeyini xalqın, el-obanın, ictimaiyyətin mənafeyinə qurban verdi. Ona görə də belə şəxslər dünya durduqca həmişə qəhrəman kimi xatırlanacaqlar. Çopur Məmməd də mülkədar idi. “Mənə qismət olmadısa, başqalarına da qismət olmasın” deyib kolxozun mal-qarasını, ot tayalarını yandırtdırır, respublika iqtisadiyyatına küllü miqdarda zərər vururdu- belə çopur məmmədlər isə yüzlərlə yox, minlərləydi. Təkcə 1928-ci ildə qolçomaqlar irili-xırdalı 400-ə qədər terror aktı həyata keçirmişdılər. Bura muzdurların diri-diri yandırılmasından, kommunistlərin, Sovet fəallarının qətlinə, həmçinin kolxozun əmlakının dağıdılmasına, traktorların, mal-qaranın yandırılmasına qədər yüzlərlə cinayət aktı daxildir. Belə ki sözügedən ildə Azərbaycanın təkcə 6 qəzasında 50-yə qədər muzdur xüsusi amansızlıqla qolçomaqlar tərəfindən qətlə yetirilmiş, yüzlərlə muzdura isə ağır işgəncələr verilmişdi. “Bakinski raboçi” qəzetinin 1928-ci il 24 dekabr (№311) nömrəsində yazılır ki, Göyçay qəzasının bir neçə fəal muzduru, yəni kolxoz quruculuğunun fəal iştirakçısı olan kəndlilər diri-diri odda yandırılmışdılar. Yenə həmin mənbənin 15 oktyabr nömrəsi isə xəbər verirdi ki, Göyçay qəzasının Alpaut kəndində qolçomaq bir nəfər muzduru üzərinə od töküb yandıraraq öldürmüşdü... Bəlkə bəzilərinin düyagörüşünə görə mal, mülk insan həyatından daha dəyərlidir və bu qəddar qətllərə, onların qatillərinə bəraət qazandırmağa çalışacaqlar, amma mənim düyagörüşümə görə heç bir mülk, əmlak insan həyatından qiymətli ola bilməz və heç bir mülkün qarşılığı insan həyatı oa bilməz. Bayaq vurğuladığımız xüsusi amansızlıqla törədilmiş qolçomaq cinayətləri Leninin belə bir sözünü təsdiqləməkdədir ki, “qolçomaqlar... ən yırtıcı, ən kobud, ən vəhşi istismarçılardır”.
***
Sovet hökuməti respublikada ərzaq qıtlığı yaşandığı bir zamanda Salyanda təkcə bir qolçomaqdan 150 ton buğda müsadirə etdi. Ümumilikdə qolçomaqlar yüz min tonlarla buğdanı dövlət qiymətinə satmaq əvəzinə onu zirzəmilərdə gizlətməyi üstün tuturdular. Nəticədə ölkədə yüz minlərlə insan çörək çatışmamazlığından aclıq çəkirdi. İndi sual edirəm, öz mənfəəti naminə xalqını acından ölümə məhkum edənlər 1930-cu ildə Şəkidə müəllimləri, kolxoz fəallarını, kommunistləri camaatın gözü qabağında güllələyəndə doğrudanmı xalq mənafeyini düşünürdülər?! Xalqından bir kisə unu əsirgəyəndən də heç qəhrəman olar? Görün tarixi saxtalaşdıraraq kimlərdən qəhrəman düzəldirlər?!
***
Dünənki fərarilərin nəvələri bu gün xalqın qəhrəman oğullarına sırf kommunist olduqları üçün lənət yağdırır, onların işıqlı xatırəsini ləkələməyə çalışırlar, amma unudurlar ki, Günəşi palçıqla suvamaq olmaz. Pafoslu sözlərlə, qələmin qüdrətiylə dünənki quldurdan qəhrəman qayırmaq olmaz. Bir qarış torpağa görə kəndlini ot tayasına doldurub od vuranlar, muzdurun üzərinə neft töküb diri-diri yandıranlar, öz xalqına bir kisə unu qıymayan qolçomaqlar heç vaxt millət üçün canını güllə qabağına verməz, malına qıymayan canına heç qıymaz. 1918-19-cu illərdə mülkədar Sultanov min hektarlarla kənd icmasına aid torpağı müsavat pristavının əliylə zəbt etmişdi, Sovet hökuməti onun kəndlilərdən qəsb etdiyi torpağı müsadirə edib yenidən kəndlilərə payladı, bundan sonra xaricə qaçan mülkədar Sultanov xaricdə Rəsulzadəylə birlikdə “Prometey” təşkilatına daxil olub guya “milli məfkurə” uğrunda mübarizəyə atıldı. İndi oxucudan soruşuram, siz bu torpaq oğrusunun səmimiyyətinə inanırsınız? Necə olur, dünən öz mənfəəti naminə icma torpağını zəbt edən, bununla yüzlərlə kəndli ailəsini səfalətə, dilənçiliyə məhkum edən bir şəxs bir neçə il sonra “azadlıq” fədaisi donuna bürünüb axırıncı tikəsini belə əllərindən aldığı kəndlilərin “milli” azadlığı üçün çalışmağa başlayır?!
***
Heç kəs düşünməsin ki, 30-cu illərdə ancaq ziyalılar repressiyaya məruz qalırdılar, yox, ziyalı təbəqə repressiyaya məruz qalmışların heç 1%-ni də təşkil etmirdi- amma nədənsə kimlərsə ancaq bu 1%-i qabardır, çünki bunun ətrafında yaxşı dramatik şou yaratmaq mümkündür. Biz heç də o iddiada deyilik ki, guya repressiyalarda güllələnən, həbs edilənlərin hamısı aldığı cəzaya layiq idi, yox, əlbəttə haqsızlıqlar, bilərəkdən və ya bilməyərəkdən buraxılmış xətalar da istisna edilmir. Amma ümumilikdə 30-cu illərdə repressiyalar qaçılmaz zərurət idi, əks halda Azərbaycan xalqı əks-inqilabın kütləvi qırğınlarıyla üz-üzə qalacaqdı. Molla Mustafanın və Mustafabəyin bandaları hələ iğtişaşlardan əvvəl əhalini açıqdan-açığa hədələyici vərəqələr yayırdılar. Belə vərəqələrin birində deyilirdi: “Sovet hakimiyyəti xarici dövlətlərin təzyiqinə tab gətirməyib tezliklə yıxılacaq və bu gün bizə qarşı olanları sabah yaxşı aqibət gözləmir”. Bəli, xalqla belə ultimatum dilində danışanların hakimiyyətə gələcəyi təqdirdə düşünürsünüzmü nələr olacaqdı? Nələr olacaqdısa, bunun kiçik bir nümunəsini Bəhrambəylər 1930-cu ilin cəmi bir neçə günü ərzində Şəkidə əyani surətdə nümayiş etdirdilər -kommunistlər, komsomol fəalları, kolxozçular, müəllimlər- hamısı da silahsız, evindən çıxarılaraq küçədə, hamının gözləri qarşısında güllələnirdilər. Sadəcə iki gün ərzində bir rayonda 27 nəfər insan banditlər tərəfindən qətlə yetirildi, bundan əvvəl daha 7 nəfər müəllim, hətta bandit Bəhrambəyin qardaşı qızı, müəllimə olan komsomolçu Züleyxa Bəhrambəyova da onların sırasında qətlə yetirildilər. İndi siz bu qırğının miqyasını bir az genişləndirib bütün Azərbaycana yayın və bu prosesi bir neçə günlə yox, bir neçə illərlə davam etmiş zənn edin- əks-inqilab hakimiyyətə gələcəyi təqdirdə nə qədər insan məhv edərdi? Əgər iki günə bir rayonda 27 nəfəri qətlə yetiriblərsə və Azərbaycanda təqribən 60 rayon mərkəzinin olduğunu nəzərə alsaq, orta hesabla çox yox, sadəcə bir ilə ən azı 200 min insanı məhv edərdilər. Əgər bu rəqəm kimlərəsə mümkünsüz kimi görünürsə, 1918-20-ci illərdə Azərbaycanda 400 min insanın məhvini xatırlasınlar, Mannerheymin balaca Finlandiyada cəmi bir neçə ilə 150 minə qədər insanı məhv və ya sürgün etdiyini düşünsünlər- onda yüz minlərlə insanı məhv etmiş əks-inqilabın nə demək olduğunu daha yaxşı təsəvvür edə bilərlər. Öz doğma qardaşı qızını komsomolçu olduğu üçün, müəllim olduğu üçün qətlə yetirən Bəhrambəylərin özgə insanlarla necə rəftar edəcəyini təsəvvür etmək o qədər də çətin deyil. Bir də siz düşünün ki, 30-cu ildə bu qanlı cinayətləri törətmiş Bəhrambəylər, Molla Mustafalar 1941-ci ilə qədər maskalanıb yaşaya bilsələr, nələr baş verəcəkdi. Plan beləydi ki, Hitler Almaniyasının SSRİ-yə hücumunun sabahı günü Bəhrambəylər daxildə qətliamlara başlayacaqdılar. 1930-cu ildə məhdud bir dəstəylə rayon mərkəzinə soxulub Sovet hakimiyyətini devirməyə təşəbbüs göstərənlərin, 1942-ci ildə faşist qoşunlarının Qafqazda Mazdoka qədər irəliləyəcəyi təqdirdə xarici əks-inqilabla birləşmək üçün hansı vəhşilikləri edəcəkləri o qədər də çətin təsəvvür olunan bir şey deyil.
***
Kim ki düşünür ki, Sovet hökuməti Hüseyn Cavidə qarşı haqsızlıq edib, onda Cavidin ev muzeyini ziyarət etsin və başını qaldırıb baxsın görsün ki, Sovet hökuməti Cavidi necə bir binada yaşadırdı! Bir zamanlar milyonçuların yaşadığı bir binada bu gün Cavidin ev muzeyi yerləşir. Bu gün həmin evin bazar qiyməti yüz min dollarlarla ifadə olunur. Sovet hakimiyyəti 1927-ci ildə Cavidi 6 ay Almaniyada müalicə etdirdi, teatrlarda ən çox Cavidin əsərləri oynanıldı. Bəs Cavid Əfəndi necə, bu diqqət və qayğının qarşılığında nə etdi? Fəhlə-kəndli hakimiyyəti haqqında bircə kəlmə də yazmadı. Yazdı Topal Teymurdan, yazdı İldırım Bəyazitdən, yazdı orta əsrlərin fatehlərindən. H.Cavid Azərbaycan xalqının və Azərbaycan dilinin mövcudluğunu inkar edir, bütün əsərlərini Osmanlı türkcəsində qələmə alırdı və buna görə başda Səməd Vurğun olmaqla ziyalılar tərəfindən haqlı olaraq tənqid atəşinə tutulurdu. İndi bu gün Cavidi bütləşdirənlər, “millətin qaymağı” hesab edənlər unutmasınlar ki, “qaymaq” bu milləti inkar edirdi- həm də bunu elə bir vaxt edirdi ki, Türkiyə SSRİ-yə qarşı ərazi iddiaları irəli sürür, SSRİ-yə qarşı Avropa dövlətləri ilə birləşir, Azərbaycanda törədilmlş bir çox iğtişaşlarda Türkiyənin nüfuzlu şəxslərinin əlini olması faktı üzə çıxırdı. Belə bir şəraitdə Cavid osmanlı türkcəsiylə əsərlər yazır, Osmanlıya olan simpatiyasını hər vəchlə dilə gətirirdi- bu isə DTK-nın diqqətindən yayına bilməzdi.
***
Məgər bu fakt deyilmi ki, faşistlər SSRİ-yə hücum edən kimi Rəsulzadə nasistlərin xidmətində durdu və “milli” legionların yaradılması üçün faşistlərdən böyük məbləğdə pullar aldı. Sual olunur, Rəsulzadənin fəaliyyəti 1941-45-ci illərdə nə üçün xariclə məhdudlaşdı? 1920-30-cu illərdə Azərbaycan daxilində iğtişaşlar təşkil edib qarşılığında xüsusi xidmət orqanlarından qrant alan bu şəxs nə üçün eyni fəaliyyəti 1941-45-ci illərdə göstərə bilmədi? Cavab aydındır, çünki 1930-cu illər repressiyaları zamanı bütün əks-inqilabi təşkilatlar, qurumlar və bu iş üçün istifadə olunan kadrlar sıradan çıxarılmışdı. Ona görə də Rəsulzadənin Azərbaycan daxilində əməkdaşlıq edəcəyi heç bir təşkilatlanma mövcud deyildi. Onların istifadə edəcəyi “xammal” ancaq əsr düşmüş azərbaycanlılar ola bilərdi ki, bu səbəbdən də Böyük Vətən müharibəsində Rəsulzadənin fəaliyyəti ancaq xaricdə legionlar təşkil etməklə məhdudlaşdı. Onların Bakı mədənlərində partlayışlar törətmək üçün hazırladıqları diversant qruplar isə daxıldə istinad nöqtəsi tapa bilməyərək tezliklə SMERŞ (KQB-nin “Cəsuslara ölüm!” təşkilatı) tərəfindən ovlandılar.
***
1937-ci illər repressiyalarının "qurbanlarından" biri də marşal Tuxaçevskidir. Məlumdur ki, bu şəxs bolşevik inqilabının qələbəsi üçün böyük işlər görmüşdür, amma 30-cu illərdə onun alman hərbi elitasıyla əlaqələri ifşa edildi və faktlarla sübuta yetirildi. İngilis tədqiqatçısı Bill Blande yazır ki, əgər Tuxaçevski vaxtında həbs olunmasaydı, elə birinci zərbədəcə faşistlər Moskvanı ələ keçirəcəkdilər. Trotski-Tuxaçevski-Hitler planına görə SSRİ-nin bir hissəsi şüurlu şəkildə Almaniyaya təslim edilməli, Stalin devrilməli, qalan coğrafiyada isə Almaniyayla təslimçi sülh müqaviləsi imzalamış revizionistlərin rejimi başda Trotski olmaqla bərqərar edilməliydi. Amma 30-cu illər repressiyası revizionistlərin planını pozdu. Bu gün bir çoxları Tuxaçevskinin oktyabr inqilabı zamanı oynamış olduğu rolu şişirdərək belə bir yanlış görüntü yaratmağa çalışırlar ki, guya repressiya ən əqidəli “Lenin qvardiyası” deyilən kommunist nəslini məhv etmişdir. Amma istintaq materialları sübut etdi ki, 20-ci illərdə inqilab üçün çalışmış bir sima 30-cu illərdə Trotskinin fitvasıyla SSRİ-nin 1/3-ni alman faşistlərinə güzəştə getməyə hazırlaşırdı. Bill Blande yazır ki, Tuxaçevskinin alman faşistlərini tərifləyən, onların yenilməzliyini mədh edən tostları Fransa qəzetlərində belə dərc olunurdu.
***
Sovet hakimiyyətinə arxadan xəncər vurmaq üçün xaricdən sadəcə bir siqnal, bir hərəkət gözləyən qüvvələr 1930-37-ci illərdə tamamilə sıradan çıxarıldılar. Bakının açarlarını Hitler generallarına sinidə təslim etməyin planlarını quranların, xəyanətkar “beşinci kolonun” tam tərksilah edilib təsirsiz vəziyyətə salınması 30-cu illər represiyasının ən böyük uğuru idi. 1941-45-ci illərdə Hitlerin Azərbaycan daxilində cəsus şəbəkəsi və “partizan” hərəkatı təşkil etmək niyyətinin, neft mədənlərini partlatmaq planının uğursuzluğa düçar olması məhz 37-ci illərin qələbəsiydi, 41-45-in yox. 1942-ci ildə Hitler qoşunlarına Azərbaycanın qapılarını taybatay açacaq əllər 30-cu illərdə kəsilmişdi. Xaricdən Fətəlibəyli Düdənginskilərin daxildə Bəhrambəylərlə birləşəcəyi təqdirdə Sovetlər ölkəsi faşizm qarşısında heç bir ay da tab gətirə bilməzdi. 41-45-ci illərdə satqın faşist generalı rütbəsinə layiq görülmüş Fətəlibəyli Düdənginskilər oldu, amma onların uzanan əllərini daxildə sıxacaq Bəhrambəylər yox idilər- faşistlər gələndə onlar ya türmədəydilər, ya da torpaq altda. Rusiyalı müəllif V.Karpov özünün “Generalissimus” kitabında maraqlı bir müqayisə aparır. O müharibədən əvvəl İngiltərə, Fransa, Hollandiya, Belçika birləşmiş müttəfiqlər koalisiyasının hərbi-texniki göstəricilərini Hitler Almaniyasının anoloji göstəriciləriylə qarşılaşdırır və məlum olur ki, müttəfiqlər istər canlı qüvvə, istərsə də ağır texnika baxımından faşistlərdən üstün olsalar da onlar nasistlərin işğalına heç bir ciddi müqavimət göstərə bilmədilər. Belə ki Fransa kimi güclü bir dövlət Almaniya qarşısında cəmi 42 gün davam gətirərək süqut etdi. Amma müharibə başlayarkən Almaniyadan 3-4 dəfə zəif olan SSRİ müharibəni uddu. Karpov sual edir, nə üçün? Çünki müttəfiq ölkələrdə, xüsusilə də Fransa hərbi elitası arasında nasistlərlə əməkdaşlıq edən çoxsaylı satqınlar -hansı ki onları adətən “beşinci kolon” adlandırırlar- var idi, amma SSRİ 30-cu illər repressiyasında sözügedən xəyanət kolonunu tamamilə sıradan çıxarmışdı. İndi artıq bir çox müəlliflər ABŞ-ın 1936-38-ci illərdə SSRİ-də səfiri olmuş Cozef Devisin belə bir qənaətini paylaşmaqdadırlar ki, 30-cu illər repressiyası göründüyü kimi vəhşilik, qisas kompaniyası yox, Sovet rəhbərliyinin uzaqgörən siyasəti olmuşdur, elə bir siyasəti ki, kommunistlərə 1941-45-ci il müharibəsini 37-ci ildə udmağa imkan vermişdi. ABŞ diplomatı C.Devis yazırdı ki, Stalin müharibəni 37-ci ildə uddu- əgər o müharibə öncəsi təmizləmələr aparmasaydı Sovetlərin aqibəti Fransadan heç də fərqli olmayacaqdı.
***
 

Category: XƏBƏRLƏR | Views: 621 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: