16:53
Yadigar Sadıqlı Talış xalqının hüquqları necə görür

Yadigar Sadıqlı Talış xalqının hüquqları necə görür 

 

Azərbaycanda yaşayan qeyri-türk xalqların hüquqlarından danışanda ilk əks arqument ondan ibarət olur ki, Azərbaycanda etnik ayrı-seçkilik yoxdur. 16 ildir Lənkəran adından parlamentdə oturan saxta deputat Rüfət Quliyev də bugün eyni sözləri deyib.
Kimsə Azərbaycanda etnik zəmində ayrı-seçkilik olmasını demir. Allaha şükür, kimsəni məktəbdə ayrı oturtmurlar, universitetə qəbul zamanı bal topladığı halda kənarda saxlamırlar. Həyatda yerliçilik, qohumbazlıq kimi nepotizm halları ilə üzləşə bilərik, amma bu, başqa mövzudur, etnik çalara malik deyil. Bu yaxınlarda bir talışı ABŞ-a səfir kimi önəmli vəzifəyə təyin etdilər. Başqa çoxlu nümunələr də göstərmək olar.
Amma qabardılan, qeyri-qənaətbəxş olan başqa hallardır. Azlıqda olan, dili rəsmi statusa malik olmayan xalqlar özünəməxsusluqlarını tədricən itirirlər və assimilyasiya olunurlar. Dövlət bunun qarşısını almaq üçün tədbirlər görməli, xüsusi siyasət yürütməli və pozitiv ayrı-seçkilik etməlidir. Azərbaycanda olmayan budur. Dövlətin etməli olduğu, amma etmədiyi budur.
Qeyri-türk xalqlar assimilyasiyaya uğrayırmı? Şübhəsiz. Tat dilini bilən nə qədər adam var? Halbuki cəmi 30 il qabaq xeyli vardı, Bakıda nəqliyyatda, çayxanada rast gəlmək olurdu. Yeddi dildən ibarət Şahdağ xalqları var. Əgər belə davam edərsə, indiki gənc nəslin həyatı ərzində bu dillər yoxa çıxacaq. Lənkəranda talış dilinin arealı getdikcə kiçilir. Rayon mərkəzi ətrafında talış dilini unudan kəndlərin sayı çoxalır. Masallıda Boradigah boyda ən böyük talış yaşayış məntəqələrindən birində ancaq yaşlı nəsil talışca bilir. Digər xalqların nümayəndələri sayca artsalar da, dil daşıyıcısı kimi artmırlar.
Azərbaycanda milli azlıqların, azsaylı xalqların dilləri orta məktəbdə tədris edilməlidir (daha çoxsaylı xalqların öz dilində tədris almaları da müzakirə oluna bilər), radio və televiziyada verilişlər olmalıdır. Bu xalqların dilini, mədəniyyətini, tarixini öyrənən, populyarlaşdıran QHT-lər dövlət tərəfindən həvəsləndirilməlidir. Görülməli olan çoxlu işlər sadalamaq olar.
Bu zaman həmin xalqın nümayəndələri də öz məsuliyyətlərini dərk etməlidirlər. Məsələn,Talış zonasında talış dili fakültativ məşğələ (könüllü) kimi səhv etmirəmsə I-IV siniflərdə nəzərdə tutulur. Amma kimsə keçmir. Talış məktəb direktoru talış müəllimlə o dərslər keçilirmiş kimi pulunu bölüşdürürlər. Kənddə yaşayan talışlar da etiraz etmirlər ki, niyə keçmirsiniz. Dediyim QHT-lər gələcəkdə həqiqətən iş görməlidirlər, pul yemək yox. Rafiq Cəlilov ölüm-zülümlə “Tolışon sədon” adlı qəzet buraxır. Bir dəfə ianə ilə bağlı status yazmışdı, altında iki-üç nəfər reaksiya vermişdi. Dövlət radio və TV-də veriliş açmır, amma yutubda kanal, feysbukda səhifə açıb dili, tarixi, mədəniyyəti populyarlaşdırmaq olar axı. Oturub bir qurum yaratmaq, fond təsis etmək və belə fəaliyyəti maliyyələşdirmək mümkündür axı.
Çoxetnoslu Azərbaycan bizim milli sərvətimizdir. Bu sərvəti qorumaq lazımdır. Burada yaşayan xalqların bütün hüquqlarının təmin edilməsi yalnız qürur duya biləcəyimiz hal olar və özünü insan hüquq və azadlıqları uğrunda mübariz hesab edən hər kəs buna çalışmalıdır. Bir də unutmayın ki, insan yalnız öz dövlətindən nəsə tələb edir, əgər tələb edirlərsə, deməli, öz dövlətləri sayırlar və hər şey normaldır.
Bilirəm, 1993-cü il hadisələri və sonralar baş verən hadisələr, Rusiyada yaşayan bir neçə nəfərin hərəkətləri, ritorikası bir çoxunda talışlarla bağlı yanlış təəssürat yaratmışdı. Hətta ermənilər də o təəssürata inanmışdılar və müharibə zamanı necə yanıldıqlarını anladılar. Amma son günlər bəzi vətəndaşlarımızın yazdıqlarını oxuyanda elə bil İkinci Qarabağ savaşı, azad olunan hər yaşayış məntəqəsinin üzərində Talış sözünün yazılması, talışların və başqa xalqların göstərdikləri qəhrəmanlıqlar, şəhadətlər olmayıb. Yenə 2-3 il əvvəlki ritorika. Əzizlərim, bu dövlətin sahibi ayrıca bir etnos deyil. Bu dövlətin sahibi, dayağı, özəyi - türklər, talışlar, ləzgilər, kürdlər, tatlar, avarlar, sahurlar, udinlər, şahdağlılar, ruslar, yəhudilər və başqalarından təşkil olunan bütün və bütöv Azərbaycan xalqıdır.


Yadigar Sadıqlı

Category: XƏBƏRLƏR | Views: 240 | Added by: tmmrtalish | Tags: Yadigar Sadıqlı | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: