15:26
ÇAYRUD - ANA YURDUM .Sukurzade Ildirim
Sukurzade Ildirim

ÇAYRUD - ANA YURDUM

Mən və valideyinlərim Lənkəran rayonunun Havzava kəndində doğulsaq da, anam 1948-ci il təvəllüdlü Şirin Kazım qızı Şükürova (Süleymanova) əslən Lerik rayonunun Çayrud kəndindəndir.Ana babam Kazım Adi oğlu Süleymanov 1893-cü ildə Çayrud kəndində doğulmuş, 1947-ci ildə Havzava kəndinə köçmüşdür.Təəssüf hissi ilə qeyd edirəm ki. indiyədək bircə dəfə olsun belə Çayrud kəndində olmamışam.Amma buna baxmayaraq anamın Çayruddan olduğunu hər zaman qürurla söyləmişəm. "Çayrud - ana yurdum" başlıqlı yazının yazılması da məhz Çayruda olan sevgimdən irəli gəlir.
Çayrud Lerik rayonunun yaşayış məntəqələrindən biridir. Kənd Lerik şəhərindən 17 km cənub-şərqdə, Peştəsər silsiləsinin ətəyində yerləşir. 1829-cu ildə Çayrud kəndi 7 evdən ibarət olmuşdur. 1859-1864-cü illər siyahıyaalınmasında kənddə 41 ev olmuş və burada 400 nəfər (kişi 233, qadın 167) yaşamışdır. 1886-cı ildə evlərin sayı 72, əhalinin sayı 598 nəfər (kişi 358, qadın 240), 1904-cü ilin siyahıyaalınmasında evlərin sayı 164, əhalinin sayı isə 785 nəfər (kişi 441, qadın 344) olmuşdur. 1986-cı ildə burada 1500 nəfər yaşamışdır. 2009-cu ilin məlumatına görə isə kənd əhalisinin sayı 1927 nəfərdir. Çayrud kəndi əhalisinin sayına görə Lerik rayonunun 162 yaşayış məntəqəsi sırasında Lerik şəhərindən sonra ikinci yerdə durur. 
Çayrud yerli sakinlərin dilində Çayru adlanır. Çayru/Çayrud toponiminin etimologiyası ilə bağlı müxtəlif mülahizələr vardır. Tarixçi İsa Əzimbəyovun fikrincə, Çayrud talışca "dörd çay" deməkdir (Musarza Mirzəyev. Talış toponimlərinin qısa izahlı lüğəti. B.,1993, səh.35). Akademik Budaq Budaqov və professor Nadir Məmmədov toponimin Azərbaycan dilindəki çay və talış dilindəki rud (rud fars dilindədir-İ.Ş.) "çay" komponentlərinin birləşməsindən yarandığını yazırlar (Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti. B.,2007, səh.24). "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti" kitabından oxuyuruq: "Oykonim çay (su hövzəsi) və rud (talış. "çay") komponentlərindən düzəlib, "çay kəndi, çaylı kənd" mənasındadır (I cild, B.,2007, səh.190). Rəmzi Yüzbaşov, Kamal Əliyev və Şəmsəddin Şəfiyev həmmüəllifi olduqları "Azərbaycanın coğrafi adları" kitabında isə Çayrud toponiminin lüğətini "çay-çay" kimi qeyd etmişlər (B.,1972, səh.46). Tədqiqatçı Səyasət İsiyev Çayrud oykonimin talış dilində "çayo" - su çəhrəsi və "ru" - çay sözlərinin birləşməsindən ibarət olduğunu və Azərbaycan dilinə tərcümədə "su çəhrəsi olan çay" mənasını verdiyini yazır (Lənkəran bölgəsinin oronimləri. "Bizim era" qəzeti, 22 aprel-10 may 2005).
Fikrimcə, Çayru Çayorunun təhrifə uğramış adıdır. Çay,ru,rud komponentləri Azərbaycan, talış və fars dillərində eynimənalı sözlərdir. "Ru" talış. "rud" fars dilində "çay" deməkdir. Çayru-Çayrud hibrid toponim kimi "çay-çay" lüğəti mənasını versə də bu heç də inandırıcı görsənmir. Səyasət İsiyevin Çayrud toponiminin talış dilində "çayo" və "ru" komponentlərinin birləşməsindən yaranaraq "su çəhrəsi olan çay" mənasını verməsi mülahizəsi daha məntiqli və inandırıcı görsənir.
Çayrud rayonun qədim yaşayış məntəqələrindən biridir. Burada son tunc və ilk dəmir dövrünə (e.ə.XIV-VIII əsrlər), antik dövrə və orta əsrlər dövrünə aid qəbiristanlıq (e.ə. XIV-XIII əsrlər), kurqanlar (15 ədəd), Çolakujə, Kanadi. Tıbəbın və Cəlalimiyon yaşayış yerləri, XV-XVI əsrlərə aid Fəxrigiz türbəsi vardır. Kənd ərazisində eyni zaman da çoxlu sayda arxeoloji nümunələr tapılmış, daş qoç heykəllərə rast gəlinmiş və onlar qeydə alınmışdır (Samir Kərimov. Lerik rayonunun arxeoloji abidələri. B.,2006, səh. 26,32, 69,88,90, 96, 100).
Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Sovet dönəmində Çayrudda bir neçə kəndlə birlikdə əvvəl kolxoz, daha sonra isə Fioletov adına sovxoz fəaliyyət göstərmişdir. Fioletov adına sovxoz rayonun iri və qabaqcıl təsərrüfatlarından biri olmuşdur. Çayrudda sosial obyektlərdən iki məktəb (tam və ümumi orta), kitabxana, mədəniyyət evi, xəstəxana, poçt şöbəsi, məscid, ictimai iaşə obyektləri və d. vardır. Kənddə icra nümayəndəliyi və bələdiyyə də fəaliyyət göstərir. Çayrud kəndi mərkəz olmaqla Çayrud kənd inzibati ərazi dairəsinə Çayrud, Andurma, Anzolu, Piyəkücə, Rvarud və Təngəbin kəndləri daxildir. Kənddə bələdiyyə 2000-ci ilin yanvarından fəaliyyətdədir. 
Çayrud qədim tarixi ilə yanaşı eyni zaman da ziyalıları, əməksevər və qonaqpərvər insanları ilə də tanınır. Əməkdar incəsənət xadimi, rejissor Baba Rzayev, professor Yaqub Rəfiyev, tarix üzrə fəlsəfə doktoru Samir Kərimov, filologiya üzrə fəlsəfə doktoru Könül Dənziyeva, təsisçisi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və qəzetin redaksiya heyəti olan "Xalq qəzeti"nin məsul katibi, "Tərəqqi" medallı İlqar Rüstəmov, tanınmış naşir, "Apostroff" nəşriyyatının direktoru Akif Dənzizadə, şairlər Xanlar Həmid, Nəsir Rzayev, Nəriman Rəfiyev, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yüksək rütbəli zabiti Vüsal Hüseynov, Lənkəranda uzun müddət ticarət sahəsində çalışmış el ağsaqqalı Hacı Ağacan Xosrofov, tanınmış həkim Çingiz Rüstəmov,ictimai fəal Seyran Rəfiyev və digərləri məhz bu kənddə dünyaya göz açmışlar.

İldırım ŞÜKÜRZADƏ,
tədqiqatçı-tarixçi


Görüntünün olası içeriği: dağ, gökyüzü, açık hava ve doğa
Category: Tarix Ümümi | Views: 637 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: