22:20 ELVİN İRŞADOV : DANIŞAN ŞƏKİL | |
ELVİN İRŞADOV : DANIŞAN ŞƏKİL Astara Vətənə olan hədsiz sevgi, şəhidə olan sonsuz ehtiram! Vüqarlı Talış dağlarının əzəmətindən güc alaraq insan övladının ucala biləcəyi ən ali mənəvi məqama- şəhidlik zirvəsinə ucaldı, Astaranın Pəlikəş kəndindən olan talış balası. Hələ bu vaxtadək gördüyüm heç bir tablo məni bunca duyğulandırmamışdı. Təkcə ona görə deyil ki, özüm də uca Allahın , Rəblərinə olan layiqli ibadət və itaətlərinə görə talış xalqına cənnətindən qıydığı behişt payının bir hissəsi , bölgə mirvarisi Astaradanam. Bu şəkil gerçəkdən bir məktəbi tərənnüm edir. Elə bir məktəb ki, bir insanın nə cür çətin şəraitdə yaşayırsa-yaşasın doğma vətəninə olan tükənməz sevgisini ,"təki vətən sağ olsun " deyə, əlində olan sonuncu vasitəni-canını qurban vermək fəlsəfəsinə sadiq məzunlar yetişdirməyə qabildir. Bəli, bu gün müşahidələrimə əsasən, könüllü cəbhəyə yollanaraq şəhadət məqamına yüksəlmiş vətən övladlarının böyük əksəriyyəti bu cür sadə kənd həyatını yaşayan, həyat barədə təsəvvürləri bəlkə də xırdaca evləri, kənd əhli və hər gün gündüz və gecənin, qış və yazın müjdəsini gətirən dağlardan ibarət olan insanlardır. Həyatda səbəbsiz heç bir şey baş vermədiyi kimi, bunun da səbəbləri vardır. Kənd həyatını yaşayan insanlar torpaqla çox təmasda olduqlarından zaman keçdikcə bu hal onları torpağa bağlayır. Və bu bağlılıq vətənə olan sevginin , nəyin bahasına olursa -olsun namus, qeyrət hesab etdikləri yurd torpaqlarını göz bəbəyi kimi qorumaq öhdəliyinin əsasənı təşkil edir. Talışların torpağa olan bağlılıqları barədə öncələr də paylaşdığım bəzi fikirlər olmuşdur. Bu günkü müharibə şəraitinə uyğun istərdim bir daha həmin məsələlərə toxunam. Uşaq kən, tez-tez qonşular arasında bir qarış(mübaliğəsiz) torpaq üstündə qanlı davaların baş verdiyinə şahidlik etmişəm. O vaxtlar uşaq ağlımla öz-özümə , "bu boyda insanların görəsən heç ağlı yoxmu,, bir qarış torpaq nəyinizə lazım, verin getsin, təki dava olmasın" deyə, düşünərdim. Bu barədə bir dəfə kənddə qonşumuzda olan ahıl kişiyə sual etdim. Qoca mənə, " a bala söhbət o bir qarış torpaqdan getmir, onu versələr, sabah daha artığını istəyəcəklər. Biz babalarımızdan bu torpaqları miras aldıq, onu övladlarımıza tam ötürməliyik. Torpaq qürurdur, namusdur.Bir kişinin torpağını qəsb etmək namusuna təcavüz etməkdir “dedi. Zaman keçdikcə , savadsız hesab etdiyim həmin qocanın söylədiyi kəlmələr vətənə olan münasibətimi müəyyənləşdirməkdə əsas rol oynadı. Digər tərəfdən, kənd həyatını yaşayan insanların torpaqdan fobiyası olmur. Çünki, həyat tərzləri torpaqla əlləşməkdən keçir. Buna görə də, bir gün qarışacaqları torpaqdan nəinki qorxur, əksinə sevir. Bu məsələdə başqa bir çəkici məqam ondan ibarətdir ki, kənd həyatında insanların fitrəti mühitlə əlaqəli az korlanır. Şübhəsiz ki, ibadətin ali səviyyəsi - şəhidlik üçün fitrət çox önəmlidir. Bütün bunların başında isə uca Allahın iradəsi qərar tutur. Aləmlərin Rəbbi maddi təminatlar baxımından bu dünyada məhrumiyyətlərlə üzləşmiş bəndələrinə cənnətində ən yüksək məqamı-şəhidliyi nəsib etməklə ədalətsizliyi bir növ aradan götürmüş olur. Adil olan Allaha sonsuz həmdlər olsun! Ümid edirəm, az da olsa, nədən məhz sadə insanların şəhidliyə daha çox can atması sualına aydınlıq gətirə bildik. QEYD: Bu yazıda məqsəd heç də insanları kəndli və şəhərlilərə ayırıb , birinin digəri üzərində üstünlüyünü sübut etmək deyildir. Hər mühitin öz üstünlüyü var. Məsələn, şəhərlilərdə intellekt faizi daha yüksək olur. Amma, vətənə, torpağa münasibət məsələsində kənd həyatını yaşayan insanlar daha həssasdır. Bunu çox xırdaca bir misalla izah edəcəyəm. Məsələn, ayaqqabısına azacıq palçıq yapışar deyə, torpağa ayaq basmayan birinin torpağa bağlılığından danışmaq..... Əlbəttə, bu sırada istisnalar mümkündür. Elvin İrşadov | |
|
Total comments: 0 | |