15:10
MTN-nin “Ziya Bünyadov müəmması”

MTN-nin “Ziya Bünyadov müəmması”


 


Çekistlər Hacı Məmmədovdan akademikin qətlə yetirildiyi silahı tapsalar da…

Sabiq polis zabiti Salman Əliyev akademikin öldürülməsilə bağlı «Azadlıq»a nələri danışdı?

Akademik Ziya Bünyadovun qətlilə bağlı “Azadlıq”ın ötən saylarının birində sabiq polis zabiti Salman Əliyevin açıqlaması dərc edilmişdi. Həmin açıqlamada sabiq polis işçisi Ziya Bünyadovun da Daxili Işlər Nazirliyinin əməkdaşları tərəfindən qətlə yetirildiyini bildirmişdi. Lakin Salman Əliyev olayla bağlı təfərrüatları açıqlamaq istəməmişdi. Buna baxmayaraq sabiq polis zabiti ilə növbəti dəfə əlaqə saxlayaraq bəzi detalları diqqətimizə çatdırmasını xahiş etdik. O, bəzi təfərrüatları açıqlayacağına razılıq verdi.

Qətllə bağlı ilk məlumat

Salman Əliyev deyir ki, Ziya Bünyadov qətlə yetiriləndə o, Bərdə rayon polis şöbəsində əməliyyat müvəkkili işləyib. Əyalətdə əməliyyatçı olmasına baxmayaraq, akademikin qətlilə bağlı DIN-ə ilk məlumat verən şəxslərdən olub: “Həmin məlumat isə Ziya Bünyadovun daxili işlər orqanlarında kök salmış bir dəstə tərəfindən qətlə yetirilməsi barədə idi. Məhz bundan sonra məni sabiq baş prokuror Eldar Həsənovun məktubu əsasında Ziya Bünyadovun qətlilə bağlı yaradılan əməliyyat-istintaq qrupuna daxil etdilər”. Salman Əliyev deyir ki, akademikin qətli ilə bağlı iki əməliyyat-istintaq qrupu yaradılıb. O, birinci əməliyyat-istintaq qrupunun tərkibində fəaliyyət göstərib. Qətllə bağlı araşdırmalar zamanı kifayət qədər fəallıq göstərib. DIN-dəki dəstə  barədə tutarlı faktlar əldə edərək istintaqa təqdim edib: “Sübutlar, dəlillər, məlumatlar deməyə əsas verirdi ki, Ziya Bünyadov DIN-in bir qrup əməkdaşı tərəfindən qətlə yetirilib. Lakin işi sona çatdırmağa imkan vermədilər. Əməliyyat-istintaq qrupunun üzvlərinə, xüsusilə mənə qarşı ciddi təzyiqlər başladı. Bu təzyiqlərin arxasında DIN rəhbərliyi görünsə də, mənə bəlli idi ki, sifariş daha yuxarı səviyyələrdən gəlib”.

Iki əməliyyat- istintaq qrupu

Salman Əliyevin sözlərinə görə, Ziya Bünyadovun qətlində əsl günahkarları məsuliyyətdən kənarda saxlamaq üçün əməliyyat-istintaq qrupu yenisi ilə əvəzləndi: “Birinci qrupun üzvü olan baş prokurorluğun mühüm işlər üzrə iki baş müstəntiqi guya istintaqı başqa səmtə yönəltdiklərinə görə cinayət məsuliyyətinə cəlb olundu. Onlardan biri həbs edildi, digəri isə axtarışa verildi. Mənim də həbsimə hazırlıq gedirdi. Lakin mən həmin ərəfədə Ramil Usubova müraciət edərək iş yerimin dəyişdirilməsini xahiş etdim. Insafən, Ramil Usubov xahişimi rədd etmədi. Və mən Naxçıvan Muxtar Respublikasına göndərildim. Qısa müddət ərzində oradakı fəaliyyətimlə Muxtar Respublika rəhbərliyinin diqqətini cəlb etdim. Hətta onların təqdimatı ilə 2002-ci ildə ”Igidliyə görə” medalı ilə təltif olundum. Lakin burada olduğum müddətdə də Ziya Bünyadovun qətli ilə bağlı izinə düşdüyüm daxili işlər orqanlarındakı dəstə barədə məlumatlar alırdım. Görünür, kimlərsə də mənim fəaliyyətimi ciddi izləyirdi. Ona görə də bir müddətdən sonra Naxçıvanda da təzyiq və təqiblərə məruz qaldım”.
Salman Əliyevin sözlərinə görə, ikinci əməliyyat-istintaq qrupu sifarişlə cinayəti “Hizbullah” təşkilatının üzərinə yönəltdi. Bununla da akademikin qatilləri məsuliyyətdən kənarda qaldı.

MTN Ziya Bünyadovun qətlə yetirildiyi silahı nə edib?

Sabiq polis zabiti iddia edir ki, Ziya Bünyadovun qətlinin DIN əməkdaşları tərəfindən törədilməsilə bağlı çoxsaylı şahid ifadələri olub: “Bu şahidlərin bir çoxunu mən müəyyən etmişdim. Cinayət demək olar ki, açılmışdı. DIN rəhbərliyinin də bundan xəbəri var idi. Hətta hakimiyyətin yuxarı səviyyələrində də bilirdilər ki, Ziya Bünyadovu kimin sifarişi ilə kimlər qətlə yetirib. Lakin bizə imkan vermədilər. Bəzi məqamlar var, mən açıqlaya bilmirəm. Çünki bu məqamları indi açıqlamağım həmin işin gələcəkdə obyektiv araşdırılmasına mənfi təsir göstərə bilər. Zamanı gələndə ictimaiyyət hər şeyi biləcək”.
Salman Əliyevin sözlərinə görə, Ziya Bünyadovun qətlinin açılmasında göstərdiyi fəallığa görə məruz qaldığı təzyiqlərin pik nöqtəsi həbs edilməsi olub: “Doğrudur, mən bir müddət sonra həbs olundum. Lakin həbsimin əsas səbəbi məhz bu məsələ ilə bağlı idi. Bilirdilər ki, mən artıq DIN-dəki cinayətkar dəstə ilə bağlı çox məlumatlıyam. Və ara-sıra bu barədə çəkinmədən, qorxmadan danışıram. Ona görə də məni susdurmaq üçün qondarma ittihamlarla həbsə atdılar. Həbsdə olduğum müddətdə amansız işgəncələrə məruz qaldım. Bu işgəncələr ölümə bərabər idi. Faktiki olaraq məni cismani məhv etmək istəyirdilər. Bununla yanaşı mənəvi terrora da məruz qalmışdım. Elə bir şər, böhtan olmadı ki, üzərimə atmasınlar”.
Sabiq polis işçisi bildirir ki, MTN-nin “Qara kəmər” əməliyyatı yarımçıq həyata keçirilib. MTN rəhbərliyi bu məsələdə cinayətin tam açılmasında deyil, rəqibinin zərərsizləşdirilməsində maraqlı olub: “Konkret bir faktı xatırladım. Yadınızdadırsa, əməliyyatdan dərhal sonra MTN-nin yaydığı açıqlamada Ziya Bünyadovun da qətlilə bağlı  məqamlar öz əksini tapmışdı. Lakin sonradan bunun üzərindən sükutla keçildi. Bir çoxları MTN-nin açıqlamasındakı Ziya Bünyadovla bağlı məqamların yanlış olduğunu düşünsə də, səhv edir. Əslində, MTN əsassız məlumat yaymamışdı. Əldə etdiyim məlumata görə, Hacı Məmmədovun dəstəsi zərərsizləşdiriləndə onların üzərindən Ziya Bünyadovun qətlə yetirildiyi silah tapılmışdı. Hesab edirəm ki, bu məsələnin sonradan kənara atılması, Hacı Məmmədovun bəzi şok açıqlamalar verə biləcəyi narahatlığından doğub. Həmçinin aydın olacaqdı ki, bu işlə bağlı başqa şəxslər əsassız olaraq məhkum olunub”.

Zakir Nəsirov, hətta Ramil Usubov susmağa məcbur olub

Onun sözlərinə görə, Hacı Məmmədov və bandasının çoxsaylı cinayətlərinin üstü açılmayıb. Eyni zamanda bu banda ilə əlaqəli olan başqa dəstələr də azadlıqda qalıb: “Təsadüfi deyil ki, Hacı Məmmədov da məhkəmədə başqa dəstələrin mövcudluğuna işarə vurmuşdu. O, bununla dəstə başçısı olmadığını, bu cinayətləri öz iradəsilə törətmədiyinə eyham vururdu. Zakir Nəsirovun isə, ümumiyyətlə, bu dəstəyə aidiyyəti yoxdur. Onu tanıyanlar bilir ki, o, istəsə belə, bu dəstəyə himayədarlıq edə bilməzdi. Bundan başqa, Zakir Nəsirovun dövlətimiz və millətimiz qarşısında mühüm xidmətləri olub. Bunu danmaq olmaz.
Zakir Nəsirov başqasının təqsiri üzündən məhbəsdə yatır. Əgər o, Hacı Məmmədovla əlaqəli olubsa, onun dəstəsini himayə edibsə, deməli, Ramil Usubovun da bundan xəbəri olub. Ola bilər ki, Zakir Nəsirov DIN-də belə bir dəstənin mövcudluğunu bilib. Əgər mənim kimi adi əməliyyatçı bunu bilibsə, şübhəsiz, uzun illər Baş Cinayət Axtarış Idarəsinin rəisi olmuş şəxs də Hacı Məmmədov və onun bandası barədə məlumatlı olub. Hətta mən bildiyimə görə, bu dəstənin ifşa olunmasına çalışıb. Elə bu səbəbdən də bu gün məhbəsdədir. Yeri gəlmişkən, sabiq polis zabiti kimi diqqətinizə bir maraqlı məqamı da çatdırım. General Zakir Nəsirovun günahsız yerə həbs edilməsi polis işçilərinin əhəmiyyətli hissəsində hökumətə qarşı böyük inamsızlıq yaratdı”.

Vidadi

tolishstan.com

Category: XƏBƏRLƏR | Views: 517 | Added by: tmmrtalish | Tags: tolishstan.com | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: