19:04 ÖTKƏM ADAM | |
ÖTKƏM ADAM(“Ruhumu uçuran xatirələr” silsləsindən) (1) Ömür boyu adamların ötkəmliyi ilə, dikbaşlığı ilə, lovğalığı ilə, təkəbbürlüyü ilə mübarizə aparmışam, bu sifətləri özümdən də uzaqlaşdırmağa çalışmışam, başqalarında da görmək istəməmişəm. Bunun əksinə, səmimiliyə, mehribançılığa, sadəliyə nə qədər nail olmuşam, məni tanıyanlar bilər. Amma həmişə haqsevər olmuşam, bunun ucbatından başıma min oyunlar gəlib... Sovet dövründə 60-cı illərdə güclü enerjili, sağlam bədənli, xəyalpərəst bir yeniyetmə idim. 13-14 yaşımdan elə bil mənə vəhy gəlmişdi: Çox çalışır, çox oxuyurdum. Çalışdıqca yorulmurdum, öhdəmə düşən hər işi səliqə-sahmanla görürdüm, tez də icra edirdim. Nə oxuyurdumsa, yaddaşıma həkk olunurdu. Məktəbdə tədris edilən fənləri ani nəzər salmaqla öyrənə bilirdim. Yoldaşlardan üstünlüyüm orasında idi ki, öyrəndiklərimi, bildiklərimi tezis halına salıb səliqə ilə nəql edə bilirdim, çünki söz ehtiyatım, natiqlik məharətim vardı. Bu da ondan yaranmışdı ki, kitabxanada kitab qalmamışdı ki, oxumayım. Hətta qonşu kənd, rayon mərkəzi kitabxanalarına gedirdim. Adını eşitdiyim kitabların sorağına düşürdüm, nə olur-olsun, əldə edirdim, o kitabı oxuyurdum. Bizim dövrümüzdə elmə-sənətə, kitaba böyük həvəs-maraq var idi. Kitabxanaçı oxuduğumuz kitabın qısa məzmununu bizə söylədirdi, kitab müzakirələri keçirirdi. Onlardan üç nəfəri heç unutmadım, rəhmətə gedəni də var, sağ qalanı da: Ağabala, Kamil, Mirzərza) Həm də məktəb tədbirlərində fəal iştirak edirdim, müxtəlif rollar aparır, elmi konfranslarda məruzələr edir, kitab müzakirələrində çıxışlar edir, şeir-poemalar yazır, deklamasiyalar söyləyirdim. Nə iş görsəm, əhvalatlar, rəvayətlər, nağıllar uydurur, öz-özümə söylənirdim: Çoxlu ördək saxlayardıq, kövşənlərdə heyvan otarardıq, ev quşlarına baxardıq. Tarlaları qoruyar, malavanlıq, qarovulçuluq edərdik. Stillərdən lığ, pizə, dala, ot daşıyardıq. Nohurlarda, çaylarda balıq tutardıq. Çəltik sahələrində yer aratlayardıq: mərz qoyardıq. Tərs, inadkar, düzilqar, həqiqəti yeridən bir gənc olduğuma bir misal çəkim: Çəltik sahəsində bicarda böyük mərzləri təmizləmək, orta mərzləri bərpa etmək, yeni mərzlər qoymaq üçün mən də səhər ertədən rəhmətlik atamla işə getmişdim. İşə başlayanda atama dedim: -Lələ, günorta saat 12-də məktəbdə tədbir var, tez getməliyəm. İndidən səndən icazə alıram, sonra inciməyəsən ha. Atam mənim bərmala-açıq xasiyyət olmağımı bilirdi, bir neçə dəfə mənim bu sifətimi görmüşdü, bığ altından gülümsəyib, kəlçi Dadi əmiyə göz vurub dedi: -Bu iki ləki təmizləyib ortasına bir mərz qoyursan, sonra hara gedərsən, özün bilərsən. Onun bu sözünə Dadi əmi bərkdən gülüb dedi: -Elə bilirsən bacarmaz, zirək oğlandır. Lələm işi ağır-ağır görərdi, səliqə-sahmanla işləyərdi. Təmizlədiyi mərzə o qədər şumal vurardı, yanlarını parıldadardı. Mən güclü bir təkanla işə başladım. Hərdən başımı qaldırıb Lələyə, Dadi əmiyə baxırdım. Lələ mərzin başında əyləşib siqaret tüstülədir, Dadi əmi kəllərə istirahət verib, çəpə üstündən mənə baxır, arabir dillənirdi: -Mənim balam, bir az yavaş. Özünü həlak eləmə. İş qurtaran deyil. Özünə yazığın gəlsin.- Sonra üzünü Lələmə tutub deyərdi:-Cavan ki cavan,- köksünü dərindən ötürərdi... Düz 12-nin yarısında iki ləki təmizləyib ortasına bir mərz qoyub, işi qurtardım. ( Saatın neçə olduğunu günəşlə və əlimdəki beli dikinə qoyub kölgəsi ilə təyin edərdim) Təpədən-dırnağadək suyun içində idim, hətta qaş-gözlərimin içindən su tökülürdü. Nəfəsimi dərib, beli yerə sancdım, böyük mərzin üstünə çıxıb: -Mən işimi qurtardım, di salamat qalın, mən getdim,- dedim və yola düzəlmək istədim. Lələnin qayım səsi məzəni titrətdi: -Hara? İş vaxtı hələ qurtarmayıb. Saat yarım da işlə, sonra nahar fasiləsinə çıxarıq. O vaxtadək heç yana getməyəcəksən. Məktəbdə dərsin saat 2-də başlayır, ona qədər çatarsan. -Lələ, mən sənə qabaqcadan dedim axı, məktəbdə tədbirimiz var, saat 12-də orada olmalıyam. Sən də razılaşdın. Mənə naryad verdin: Bu iki ləki təmizlə, mərz qoy, get. Bəs indi nə oldu sənə? Sözündən dönürsən? Mən səni həmişə kişi bilmişəm, sən demə, sən sözündən dönən adammışsan? Söz deyəsən ağır gəldi. Atam o ki var məni acıladı, söydü, hədələdi. Mən də böyük mərzin üstündə quruyub qaldım. Gözlədim ki, atam qoy bir az sakitləşsin, yenə xahiş-minnət eləyim. Tədbirə geciksəm, məktəb bir-birinə dəyəcək. Axı əsas iş mənim boynumda idi, məruzəçi mən idim. Rusvayçılıq... Qaçmağa yerim də yox idi. Özbaşıma çıxıb getsəm, atam dünyanı mənə zindan eləyər. Müharibədə kantuziya almış adamdır, bir sözünü iki eləmək olmur. Doğrusu, mənim xətrimi həmişə əziz tutub: zirək, işlək olduğum üçün məni qardaşlarıma nümunə göstərərdi. Ay Allah, mən nə eləyim ki, vəziyyətdən çıxım? O yandan Dadi əmi də atama yalvarırdı: -Ağarza, uşaq sən verən tapşırığı yerinə yetirib. Gör nə haldadır? Onda hal-hərəkət qalmayıb. Burax getsin. Atam səsini boğazın yoğun yerinə salıb deyirdi: -Qələt eləyir. Boyunu görürsən? Böyüklə yekə-yekə danışmağına bax, mənə vəzəriyyət oxuyur, mənimlə şərt kəsir, özünü yekəxana aparır. Mən ona göstərərəm böyüklə necə danışmağı!.. Nəfəsim aram tuturdu, ürəyim sakitləşirdi, tərdən islanmış əyin-başım quruyurdu. Birdən fərqinə vardım ki, Lələm indiyədək təkcə bir ləki təmizləyib, heç mərz də qoymayıb. Od götürdü məni: -Lələ, sən hələ bircə mərzi təmizləmisən, heç mərz də qoymamısan. Mən isə iki mərz təmizləmişəm, əlavə bir mərz də qoymuşam. Elə deyil, Dadi əmi? -Elədir, mənim balam, atan gərək iki saat da nahar fasiləsinə qədər işləsin ki, sən görən işi görə bilsin... Söz Dadi əminin ağzında qaldı, Atam onu da acıladı, daha da qəzəbləndi: -Dadi, baxmaram yaşlı adamsan, abrıvi ətəyinə bükərəm. Ata ilə oğul arasına girmə. Ayıbdır, yekə kişisən. -A, mən nə dedim ki? –Dadi əmi zarafata salıb səsini kəsdi, mənə göz vurdu... Mən bu iki adamın eşidəcəyi bir halda deyinməyə başladım: -Adamda bir insaf-mürüvvət olar. Allah hər şeyi görür və eşidir. İki adamın işini görmüşəm, bundan artıq nə qədər iş görmək olardısa, görmüşəm də. Başımı qaldırıb Lələ yaxşı eşitsin deyə bərkdən dedim: -İndi ki, icazə vermirsən, məktəbə-tədbirə gedim, onda iş qurtaranadək elə burada oturacağam, gözləyəcəyəm ki, sən nə vaxt mən qədər işlədin, yəni iki lək təmizlədin, bir mərz qoydun. Onda mən də beli götürüb yenidən işə başlayaram. Böyük mərzin üstündə altıma ot yığıb kamali-ədəblə oturdum, başladım bu iki nəfərin işinə tamaşa eləməyə. Dadi əmi üsyankarcasına mənə təpindi: -Ay bala, tərli-tərli küləyin qabağında oturma, ciyərlərin soyuqlayar, sətəlcəm olarsan. Vallahi, elə xəstələnərsən ki, heç bir həkim səni sağalda bilməz. –Sonra üzünü Lələmə tutub yalvardı: -Ağarza, bu sənin oğlundur axı? Oğuldan bezmisən nədir? A kişi, belə olmaz, uşaq xəstələnər, sənin kimi tərsin biridir. Dedi, dediyini eləyər. Onda külək də bunun əhdini kəsər. Atam nə fikirləşdi, bilmədim, qəfildən məni acılamağa, söyməyə başladı, arada Dadi əmiyə deyirdi: -A kişi, sən bilmirsən e, bu mənə yox, ötkəm dayılarına oxşayıb, sən onları tanımırsan?- Sonra əlinə nə keçdi, mənə sarı tolazladı, quru və yaş kəsəklər yağışına tutuldum: -Dur itil gözümdən, orada oturub mənə dərd-azar vermə, rədd ol, çıx-get cəhənnəm ol! (Qəzəblənərkən, hirslənərkən, acılayarkən məxsusi etiketləri vardı: “Gözüvi dağlayım”, “Tutduğun yolu belə-belə eləyim”, “Kor ocaq”, “Nu, eşşək”- bunların hamısını ünvanıma yolladı. Mənə də elə bu lazım idi, beli atıb qaçmağa üz qoydum: Belə çıxırdı ki, atam məni tutub döyər- qorxusundan qaçıram, əslində yox, məktəbdəki tədbirə tez çatmaq üçün qaçırdım... Arxadan Dadi əminin şaqqanaq çəkə-çəkə gülüşünü və sözlərini eşidirdim: -Ha belə ha, qaç qoçum, həm özünü soyuqdəymədən qoru, həm də məktəbdəki tədbirə çat... Bir ara qaça-qaça arxaya baxıb gördüm ki, Atam əyilib ləkin dumduru suyu ilə əl-üzünü yuyur, nəsə deyib-qoşur, hələ də arxamca əl-qol atır... (ardı var) 31.07.2019 Müəllif: A.A.Bayrami | |
|
Total comments: 0 | |