21:52
Talış bölgəsi, yoxsa... !?
Talış bölgəsi, yoxsa... !?

"Talış bölgəsi" söz birləşməsi işlədilən kimi etnik millətçilərin,   sektant fanatların yadına İran İslam Respublikası, Talış-Muğan Muxtar Respublikası, bir sözlə dini və etnik separatizm düşür. Bu mövzudan irəli gələn hədəni kompensasiya eləmək üçün gərək hökmən kontekstdən asılı olaraq "Cənub bölgəsi", "Lənkəran-Astara bölgəsi" kimi söz birləşmələrindən istifadə edək. Halbuki bölgəmiz Azərbaycan Respublikasının cənubunda yox, cənub-şərqində yerləşir. Azərbaycan Respublikasının cənubunu tam olaraq götürsək onda Qarabağ ətrafı - hazırda işğalda olan hissə də bu əraziyə daxil olmalıdır. Hətta bəzən "Azərbaycanın cənubu" dedikdə bu ərazi İranın şimalındakı Azərbaycan vilayəti ilə səhv də salınır. "Lənkəran-Astara bölgəsi" anlayışı isə daha uğursuz variantdır. Çünki bölgənin əksər rayonları bu iki qonşu inzibati rayondan kənarda yerləşir. 

Tarix elmində "Talış-Muğan mədəniyyəti" anlayışı var, daha doğrusu var idi! Bu termin müstəqilliyin ilk illərindən sonra demək olar ki tarix elmində ləğv edildi. Səbəb odur ki bu termin həmin zaman elan edilməyə cəhd edilən "Talış-Muğan Muxtar Respublikası" anlayışı ilə həmqafiyədir. Tarix elminə "Talışda üsyan" kimi daxil edilən hadisə də birbaşa bu terminlə yox, dolayı anlayışlarla izah edilərək birtəhər kompensasiya edilir. Tarix kitablarından isə "Talış xanlığı" anlayışı bir qayda olaraq "Lənkəran xanlığı" ilə əvəzlənib. Səbəb kimi də qeyd edirlər ki Bakı, Gəncə, Şəki, Quba xanlığı olduğu kimi bu xanlıq da "Lənkəran xanlığı" adlanmalıdır. Yəni xanlığı mərkəzi yerləşən şəhərin adı ilə adlandırmaqla analogiya yaradırlar. Başa salmaq olmur ki Talış xanlığının ilk paytaxtı Astara şəhəri olubsa və o necə Astara yox, məhz Lənkəran xanlığı adlandırılıb? Onu da unudublar ki bu şəhər-xanlıqılar elan edilənədən çox-çox əvvəl, Səfəvilər dövründə belə "Talış xanlığı" digər statusda mövcud olub. Lakin nədənsə "Qarabağ xanlığı"na "Şuşa xanlığı" adını verməyi unudublar. Yəqin bu da Qarabağın hazırda işğal altında olması ilə bağlıdır, yəqin o da azad ediləndən sonra bizim tarixçilər həmin xanlığa da yeni ad verəcəklər. Talış xanlığını özündə əks etdirən çoxsaylı tarixi xəritə və tarixi əsərlərə istinadlar da bu tarixqoşananlar üçün əhəmiyyətsizdir. Etiraz səsini çıxardan insanlara da separatçı, cəsus damğası vurub susdurmaq indi çox sadə bir şantaj yoludur.

Coğrafiya elmində "Talış dağları", "Talış meşələri", "Talış vilayəti" kimi böyük coğrafi terminləri hələlik tam əvəzləmək mümkün olmayıb. O cümlədən Tünd qırmızı talış uzunbığı, Talış kökyeyəni, Üçpərli talış çapağanı, Talış məxməri kəpənəyi, Talış qırqovulu və Talış arıquşu zooloji terminlər hələ ki durur. Xoşbəxtlikdən bu terminlər yalnız mütəxəsislərə məlumdur və ictimai-siyasi mənada adətən istifadə edilmir. Yoxsa onlar da dəyişikliyə məruz qalardılar. Lakin darıxmağa dəyməz, adlarını çəkdiyim heyvan növləri "Qırmızı kitab"a düşüb və nəsli tezliklə kəsiləcək. "Talış dağları" terminindən gələcəkdə necə yaxa qurtaracaqlarını mən praqonoz verə bilmərəm, lakin mümükndür ki "Yardımlı dağları", "Lerik dağları", "Burovar dağları", "Peştəsər dağları" və sair kimi hissələrə bölünüb separatizmə məruz qalsın. Lakin "Talış meşələrini" ehtimal ki "Hirkan meşələri" adlandıracaqlar. Yəqin ki bu dağ, meşə, quş və həşaratların məhz talış xalqına mənsub olması və adlarındakı "Talış" sözünün millət yox məhz yer adı olması heç kimdə şübhə doğurmur.

Abşeron, Naxçıvan, Gəncəbasar, Car-Baləkən, Mil, Muğan, Qarabağ, Şirvan kimi Talış da tarixi-coğrafi yer adlarımızdan biridir. Bu terminlərin hamısını da uğurla istifadə etmək olur, yalnız birindən başqa!? Bölgənin "Talış" adlanmasını bölgədə qeyri-talışların məskunlaşması ilə bağlı uğurlu saymırlar. Sanki bu coğrafi anlayışda "Talış" termini milləti özündə etiva edir və digər millətin buradakı varlığını inkar edir. Halbuki yuxarıdakı nümunə gətirdiyim coğrafi və tarixi terminlərdən göründüyü kimi hadisənin, dağın, quşun, meşənin və həşaratın milləti olmur ki? Lakin qayıdaq əsas iddiaya ki, bəs axı bu bölgədə türklər də yaşayırsa bura niyə ancaq bir xalqın adı ilə adlanmalıdır? Heç şübhəsiz ki "Talış" ilk növbədə yer adı və daha sonra burada yaşayan xalqın adıdır. Dünyada xaqlın və onun yaşadığı yerin eyni cür adlanamsı nümünələri çoxdur.  Biz göstərdik ki "Talış bölgəsi" anlayışında "Talış" leksik vahidi yer adıdır, xalq adı yox. Həm də bu birləşmədə "bölgə" sözü göstərir ki coğrafi olaraq Azərbaycan Respublikasının bir hissəsidir. Qonşu Rusiya və İranda buna oxşar nümunələr çoxdur. Məsələn Rusiyanın Kareliya Muxtar Respublikasında yerli xalq olan əhalinin karellər bir-neçə faizini təşkil edir, lakin orda yaşayan əksər ruslar iddia etmirlər ki bu muxtar respublika niyə məhz "Kareliya" adlanır. Heç qonşu İrandakı Gilan ostanındakı yaşayan tatlar, talışlar, türklər də etiraz etmirlər ki niyə bu ostan məhz gilək xalqının adı ilə bağlıdır. 

Talışlar İran İslam Respubliaksında da Azərbaycanının Talış bölgəsi ilə sərhədi boyu kompakt yaşayırlar. Onların yaşadığı Gilan ostanında Taleş adlı şəhristan var. "Şəhristane Taleş" adlanan inzibati-coğrafi bölgü 5 şəhəri özündə birləşdirir və mərkəzi Həşpər şəhəridir. Əgər talışlar öz yaşadıqları Azərbaycan və İrandakı vətənlərini vahid adla adlandırmaq istəsələr "Cənub bölgəsi" və ya "Lənkəran-Astara bölgəsi" deyə adlandırmalıdırlar? Yoxsa bəziləri kimi öz milli kimliklərindən imtina yolu tutub kimlərsə yarınmaq yolunu tutsunlar? 

Talışlar bu ölkələrdə etnik problemsiz yaşayırlar. Onların tarixi vətəni olan Talış bölgəsinin adını çəkməklə Azərbaycan parçalana bilməz. Necə ki Naxçıvan, Abşeron və sair tarixi adlardan istifadə etməklə ölkədə heç bir problem indiyə qədər yaşanmayıb. Eləcə də İranda bu coğrafi məkan Talış əyaləti adlanıb və heç bir etnik problem də orada mövcud deyil. Əksinə, talışlara öz yaşadığı bölgəni, xalqını və dilini "Talış" adlandırmasına tolerant yanaşmaq ölkəmizə daha çox şey verə bilər.

 Rabil Abdinov
Category: Taliys | Views: 388 | Added by: tmmrtalish | Tags: Rabil Abdinov | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: