18:41
Talış olmaq

Talış olmaq

Rəhim Şalıyev Rəhim Şalıyev
 

Şahın sonu haqda “Sirli Dolça” adlı bir talış nağılı var. Bir gün şah, gücünü tədricən itirdiyini, yaşlandığını anlayır və hiyləyə əl atır. Elan edir ki, dolçanın içinə ağ və qara daş qoyulsun. Hansı igid ağ daşı dolçadan çıxarsa qızını ona verəcək və taxta oturdacaq, qara daş çıxsa öldürəcək. Hiyləsi də budur ki, dolçaya yalnız qara daşlar qoyulur.

Beləcə ölkənin bütün igidləri sıraya düzülür, amma heç kim dolçadan ağ daş çıxara bilmir və boynu vurulur. Beləcə şah ölkədə ona rəqib olacaq hamını bir-bir qırır, dolçanın da “sirr”ini açan tapılmır.

Bir gün bir igid hiyləni anlayır və şahın hüzuruna gəlir. Əlini dolçaya salıb özünü elə aparır ki, guya ordan nəysə çıxarıb yumruğunun içində tutur. Daha sonra onu cəld hərəkətlə tullayıb deyir ki, əlindəki ağ daş idi və sevincindən onu göyə atdı. İnanmayanları da dolçanın içinə baxmağa dəvət edir. Dolçanın içindən doğrudan da qara daş çıxır və hamı ona inanır. İgid şahın qızını alıb taxta oturur və dərhal köhnə şahı yalançılığına görə edam etdirir.

Bu nağıl mənə nədənsə xalqın içinə düşürüldüyü siyasi oyunları xatırladır. Eynən Məlikməmmədin nağılındakı kimi, bizə həmişə iki yol təklif olunur: sağ, ya sol; ağ, ya da qara. Qara yola düşmək asandır, ağ yol isə həmişə imitasiya edilir, illüziyadır, təsəvvür edilsə də əlçatan deyil.

Bu iki seçim kabusu bizi hər məsələdə qarabaqara izləyir, məhv edir.

Sirli dolça nağılını Məlikməmmədin nağılından daha hikmətli edən isə onun üçüncü yolu təklif etməsidir. Bu nağıl bizə dirənişlə bərabər ağlımızı işlətməyi də təbliğ edir. Bu baxımdan, həyat fəlsəfəmizə çevrilməli olan bir nağıldır. Bu nağıl həm də bizim bugünkü reallığımızdır.

Sirli dolça nağılında olduğu kimi ölkə siyasətində talışlara qarşı da iki cür şablon yanaşma var: “yaxşı talış”-“pis talış”. Şübhəsiz “hər xalqın pisi də var, yaxşısı da” deyiminin konkret bizim mövzuya dəxli yoxdur. ‌”Yaxşı talış” deyiləndə faşizmə varan ifrat sağçılığı mənimsəyən, öz hüquqları haqda danışmayan, Dağlıq Qarabağ konflikti və bir çox başqa məsələdə ifrat mövqedə dayanan, sağçıların hər dediyinə itaət edən, Rəsulzadə-Elçibəy yolundan, cümhuriyyətçilikdən danışan adam nəzərdə tutulur.

“Pis talış” bunları etməyəndir. Öz haqlarından, kültüründən, folklorundan danışan adamdır. Bunlar bir qayda olaraq dərhal Ermənistana işləməkdə, separatçılıqda günahlandırılır.

Bəzi talışlar isə təzyiqə, bullinqə dözməyib separatçı olmadıqlarını nümayiş etdirməkdən ötrü Azərbaycanda faşizm adına nə varsa onunla razılaşmağa başladılar. İçinə düşdükləri kompleks onları elementar, hər bir mədəni cəmiyyətdə normal qarşılanan mövzuları qaldırmaqdan çəkindirdi. Bəziləri hətta öz talışlarına həqarət edəcək qədər düşdülər. “Bax mən özümkünü asıb kəsirəm, daha özümü necə sübut edim?”

Bariz nümunə istəyirsiniz? Nahid Cəfərov. Adam hələ də anlamayıb ki, özfikrə sahib olmasa heç kim onun biliyinə, diplomuna baxmayacaq. Qum saatı kimi çevrildikcə üstdəki qum aşağı süzüləcək, üst həmişə boş olacaq. Boş və mənasız…

Ən pisi isə talışların özlərinin də sıxma-boğmalardan bezib, hakim stereotipləri əyninə ölçməsi, hətta geyinməsidir. Hər işdə ifrat, hər işdə sivri uclar – ya tam olaraq “qul” pozisiyasına keçirlər, ya da acığa düşüb kimlərləsə əməkdaşlığa gedir, kəskin radikallaşırlar. Heç kimi qınamaq, ittiham etmək fikrim yoxdur. Sadəcə azad seçim imkanlarının məhdudluğunu vurğulamağa çalışıram.

Talışlara hətta fəxr edə biləcəkləri mövzular üçün də limit qoyulub. Məsələn, bir talış uzaqbaşı nə ilə fəxr edə bilər? Yalnız Dağlıq Qarabağda erməni öldürməklə. Ya da özü orda ölməklə. Eynən nağıldakı kimi, bəxtinə ancaq qara daş çıxmalıdır.

Öz tarixi dövlət quruculuğu (Talış xanlığı), dil və mədəniyyəti, bayrağı ilə fəxr etməsi isə qadağandır. Hətta öz yaşadığı yeri də “Cənub” adlandırmalıdı. “Talış bölgəsi” ifadəsi “pis talış” kimi stiqmatizasiya üçün kifayət edəcək. Naxçıvan, Qarabağ, Aran, Muğan demək olar, amma Talış demək olmaz. Nə deməkdir ki, bu? Nə dirəşmədir? Öz-özümüzlə, içimizdə nəyə görə dirəşirik? Hətta utanmadan deyənlər var ki, bölgənin adı etnosun adı ilə eyni olduğuna görə “Cənub” deməliyik. Etnik millətçiliyin buynuzu olmur ki…

Bilirsiniz, diskriminasiyanın ağrı-acısını ilk dəfə məktəbdə yaşasam da, ondan əvvəl talışın nə olduğunu heç bilmirdim. İkinci sinifdə oxuyurdum, qonşu sinifə Lənkərandan bir oğlan gəlmişdi. Yəni konkret “zır talış ləhçəsi”ndə danışırdı. Bu səbəbdən daim bullinqə məruz qalırdı. Tənəffüsdə “gic talış”, “başın 12-dən sonra işləyir?” deyə lağa qoyulduğunu görürdüm. O da çəlimsiz, fağır bir kənd uşağı idi. Kompleksə düşür, hamımıza gülməli gələn ləhçəsi ilə tez-tez təkrar edərdi: “Mən Lənkərandanam, amma talış deyiləm”. Hamı daha beşbətər uğunurdu.

Bu cümləni ona sinif rəhbəri öyrətmişdi, “özünü müdafiə” üçün.

İllər keçdi, bu oğlan böyüdü və bir gün təsadüfən öyrəndim ki, “mən talış deyiləm” deyə fəryad edən fağır, çəlimsiz oğlan indi talış millətçisidir. “Vaşinqton talış sözüdür” deyə sübut etməyə çalışan banal millətçi. Onu cəmiyyət bu hala salmışdı.

‌Özümün də talış olduğumu biləndən sonra, bunu hər dəfə dilə gətirəndə qısnama ilə qarşılaşdım. Biz Türkiyəni tənqid edəndə “türk düşməni”, talış hüquqlarından danışanda “separatçı”, AXCP, Müsavat kimi ifrat sağçı partiyaları tənqid edəndə “hakimiyyətin tulası”, Rusiyanı, İranı tənqid edəndə “özünü bizdən göstərmək istəyən ikiüzlü” oluruq. Nə deyirsən de, sonda hər şey sənin talışlığına bağlanacaq.

Talışların içində isə başqa cür bullinqlə rastlaşırsan. “Niyə ağızlarının payın vermirsən?”, “De ki, əcəb eləyirəm, lap elə separatçıyam”…

Bu tərəflərdən heç birinə də izah etmək olmur ki, mən sizin ayaqqabınızı geyinməyə, sizin kimi yeriməyə məcbur deyiləm. Bütün bunlar məni həm Azərbaycanda, həm Gürcüstanda yaşayarkən qarabaqara izləyib. Azərbaycanlıların əhatəsindən çıxıb başqa çevrələrə düşəndə hansı gərginliyin içində olduğumu anlayırdım. Anlayırdım ki, mənim dünyagörüşümü təşkil edən dəyərlər sisteminin içində talışlığımla bağlı heç bir şey yoxdur və nə yaxşı ki, fikirlərimi qara və ağ çalarlar qatmadan dinləyənlər, mənim kimi düşünənlər də var.

Təkrarçılıq olacaq, amma istəyirəm yaxşı təsəvvür edəsiniz – sən nə edirsən et, cəmiyyət səni iki şablondan birində görmək istəyəcək. Etiraz etsən, hər biri səni qorxaq, kölə, satqın adlandıracaq. Belə cəmiyyət olar? Ya da nə üçün Yadigar Sadıqlı haqqımda danışanda həddi aşmağa, məni psixi xəstə adlandırmağa məcbur qalır? Çox güman ki, hər mövzuda Vikipediyadan copy-paste etməyə verdişi olan Sadıqlı bu dəfə “tarixi məqalə” adı ilə bayağılıq sıraya bilməyəcəyini görüb və əsəbiləşib.

Əslində, keçərdim bunun da üstündən, açıb-ağartmazdım, əgər məsələ Yadigar Sadıqlının şəxsi ilə bağlı olsaydı. Dərd kütləvidir, hamı az ya da çox zəhərlənib. Həm də axı bu qədər problemin içində – döyülən, söyülən, daimi gərginlikdə yaşayan – adam, üstəlik normal səhiyyə də tapılmırsa, necə sağlam qalsın? Həbs görən, işgəncə görən, ailəsi təzyiq görən adamın başı necə qaçmasın? Hələ bunlara məktəb, əsgərlik illərinin travmalarını da əlavə etsək, görün anamnezin tarixçəsi nə qədər qədimdir.

Sözümün canı, ölkədə sağlam başla yaşamaq mümkün deyil. Mənim kimi adamlar isə, məlum səbəblərdən, gərginliyin üçüncü həddinə çatırlar. Bu səbəbdən bəzən mən də emosional oluram, fikirlərimi kəskin ifadə edirəm, axı daşdan-dəmirdən deyiləm, mənim də müəyyən dözüm, səbr həddim var. Əslində, sizə deyim ki əksər talışların da emosionallığı bu səbəbdəndir. Onlar ölkədə hər yerdə gərginliyin pik həddindədirlər. Talışsansa potensial separatçı, xain, xalq düşməni  olmağa namizədsən.

Odur ki, gəlin insanların fikirlərinə, təklif etdiklərinə baxaq, götür-qoy edək. Sağımızı-solumuzu psixoloji, psixi problemlərdə qınasaq(!) ətrafımızda adam qalmaz. Həm də başa düşmək lazımdır ki, bu çərçivəli yolları bizim üçün yaradıblar, bu yol bizim seçimimiz deyil, biz gərək öz üçüncü yolumuzu yaradaq. Müzakirənin, dialoqun mümkün olduğu yol! Mədəniyyətin, təhsilin, tərbiyənin gerisində qalanlara bu yol qəribə gəlir, onlar heç başa düşmürlər söhbət nədən gedir. Lakin günü bu gün seçim vaxtıdır – biz qütübləşməyə gedirik, yoxsa üçüncü yolu seçirik?

Mənə təşkil edilən hücumlar haqda danışmaq yox, hücumların səbəbini xatırlatmaq istəyirəm. 28 ildir Xocalı barədə istintaqın nəticələri niyə açıqlanmır, günahkarlar niyə cəzalandırılmır deməyə cürət etməyənlər, ölkədə hakim qırmızı xətti futboldakı VAR sistemi kimi nəzarətdə saxlayanlar paylaşdığım bir videodan coşdular.

“Qonşu görüb nə deyər?”lə başlayan namus keşikçiliyinin siyasi uzantısı və nəticəsidir bu: “Axı ermənilər qıraqdan baxır”. Bu adamlar anlamır ki, bayağı klişelər, şablonlar, qütbləşmə, lazımsız qırmızı xətlər sonda diktatura yaradacaq və istənilən diktatura üçün bunlar əsas qida, mayadır.  

Cinsi, dini, milli ayrı-seçkilik məsələsində qırmızı xətlər, hüquqların təmini məsləsində qırmızı xətlər, bunlar aydındır, olmalıdır. Amma yox, qırmızı xətlər davamlı olaraq çoxalırsa, onlar sanki hardasa kütləvi istehsal olunub cəmiyyətə ötürülürsə, deməli səhv yoldayıq. Ya öz xoşumuzla, ya da həyatın acı reallığı, zopası ilə dəyişəcəyik. Elə Dağlıq Qarabağ probleminin həllinə də bu sərhədləri aşanda yaxınlaşacağıq. İnsan haqları, ölkədəki milli xalqların problemləri və Qarabağ məsələsi bir-biri ilə sıx, birbaşa bağlı şeylərdir.

Hazırkı reallıq bundan ibarətdir ki, Dağlıq Qarabağ və ətraf rayonlar bizim əlimizdə deyil. Bu torpaqları müharibə yolu ilə qaytarmaq da mümkünsüz görünür. Rusiya münaqişənin mümkün qədər uzanmasında maraqlıdır. ABŞ üçün kimin xeyrinə olması prinsipial deyil, əsas odur ki, münaqişə həll olunsun. Belədə isə, torpaqlar kimdədirsə üstünlük də ona verilir. Həmçinin İran, Fransa, uzaq perespektivdə Çin və Hindistan kimi güclərin də maraqları Azərbaycanın xeyirinə deyil. Hindistanın bir həftə əvvəl Ermənistana yeni radar sistemlərini su qiymətinə satması heç təsadüfi alış-verişə oxşamır.

Əvvəlki, uzun illər davam edən siyasi səhvlərdir bizi bu vəziyyətə salan. Azərbaycanın Qarabağ məsələsində üstünlük əldə edə biləcəyi yeganə istinadı insan haqları ola bilər. Hazırda Ermənistanda insan haqları və seçki inisiutu tarixdəki ən yaxşı dövrünü yaşayır. Azərbaycan isə əskinə, tənəzzüldədir – ötən ay keçirilən seçkilər dərəbəyliyin və apatiyanın zəfəri idi.

Ölkədə hakim olan ermənifobia da dövlətdən dəstək alaraq himayə olunur. Bəs belə olan halda, biz hansı haqla Dağlıq Qarabağın erməni icmasına, potensial Azərbaycan vətənaşlarına təhlükəsizlik vəd edirik? Sadə bir Qarabağ ermənisi öz vətəndaşını döyən, həbs edən, öldürən, hüququnu, səsini tapdalayan bir dövlətə niyə meyl etsin? Əlimizdə ermənilərə təklif edəcək nə qaldı? Saxta məhkəmə, saxta seçki, işgəncə, repressiya, ksenofobiya?..

Mən bütün bunları rədd edirəm!

Səmimiyiksə, ilk olaraq ölkədəki yerli xalqlara televiziya, öz dilində dərs haqqı kimi elementar imtiyazlar tanımalıyıq. Bu xalqların reabilitasiyası baş verməlidir. Əlbəttə, ölkədəki insan hüquqları ilə bağlı digər məsələlər də həllini tapmalıdır. Yalnız reabilitasiya prosesindən sonra seçki keçirilməli və bəxtimiz gətirsə, bu işdə də Ermənistan bizi qabaqlamasa, Qarabağ konfliktində söz sahibi ola, xeyrimizə nəyisə həll edə bilərik.

Başa düşürəm ki, hazırkı vəziyyətdə çox uzun və çətin yoldan danışıram. Lap bu yol bizə Qarabağı qaytarmasa da, ən azından ölkədə ikinci belə bir münaqişə ocağının yaranmasının qarşısını alacaq. Ermənilərlə aramızdakı düşmənlik azalacaq, məsafə qısalacaq. İndiki dəst-xətt isə ölkədə qütbləşməyə aparır və sonda bundan xarici güclər yararlanacaq.

Azərbaycanın belə vəziyyətdə Ermənistanla müqayisəsi də yersizdir. O mənada ki, Ermənistan əsasən birmillətli, Azərbaycan isə çoxmillətlidir və biz fərqli davranmağa məcburuq. Azərbaycanda kimisə kökündən assimilyasiya etmək istəmək, təzyiq altında saxlamaq bərabərində böyük risklər gətirir və nəticələri ağır ola bilər. Biz, xüsusilə son 5 ildə bu nəticələrin artan tempinə şahidlik edirik.

Rusiyada talış diasporası Azərbaycana ciddi başağrısı yaradır, Avropada isə talışlar daha effektli fəaliyyət formasını yaratmağa çalışırlar, artıq qığılcımlarını görmək olur.

Sonda tarixə müraciət etmək istəyirəm. Osmanlı və Britaniya imperiyalarını götürək. Britaniya bütün müstəmləkələrinə ilk vaxtlarda müqavimət göstərsə də ardından iqtisadi əlaqələri saxlamaqla, onların müstəqilliyini tanıdı. Sırf bu qərarlarına görə də dünyada gücünü saxlayıb, inkişaf etmiş, söz sahibi ölkədir.

Osmanlı isə, tərkibindən çıxmaq istəyənə “xain” damğası vurdu. Ölkənin adını sadəcə bir etnik qrupun adına bağlayıb Türkiyə qoydular. Türkiyəni ayaqda saxlayan Qərbi ayrıseçkilikdə ittiham etməyi də unutmadılar. Məhz Avropa və ABŞ Türkiyənin dirçəlişi üçün milyardlar xərcləyiblər. Nəticədə Türkiyə elə bir vəziyyətə gəlib ki, daxildəki bəzi qüvvələr və sərhədində hər kəs haqlı olaraq ona düşmən kəsilib. Ölkə günbəgün iqtisadi çöküş yaşayır.

Aydın məsələdir ki, Azərbaycan nə Britaniyadır, nə də Osmanlı, müqayisə miqyasda deyil.  Biz, ölkə olaraq bu nümunələrdən dərs çıxarmalıyıq. Bu tip siyasət imperiyaları parçalamaq, yıxmaq gücündədirsə, bizim kimi neft trubasından özü üçün dirəklər düzəldən ölkədə daha ağır nəticələr verə bilər.

Buna görə də mən, sülhpərvərliyə inanmaqdan çox, sülhpərvər olmağa məcbur olduğumuza inanıram. Bu praqmatik reallıqdır. Daha sağlam coğrafiya üçün qırmızı sərhədləri qırmağı, üçüncü yolu sınamağı təklif edirəm.

tolishstan.com

Category: Taliys | Views: 453 | Added by: tmmrtalish | Tags: tolishstan.com | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: