Məşhur tədqiqatçılar bu sahədə hansı qənaətə gəliblər?
Elmi ədəbiyyatda bu suala indiyədək çoxlu və bir o qədər də müxtəlif cavablar verilmişdir.
Rus tədqiqatçılarından V.S. Leqkobıtov (1806-1860) talışları farsların bir hissəsi hesab etmişdir.
İ.İ. Şopen 1840-cı ildə çap etdirdiyi rəyində göstərmişdir ki, V.S. Leqkobıtovun talışları farsların bir hissəsi hesab etməsi elmi cəhətdən səhvdir. (Bax: Qəmərşah Cavadov. Talışlar. B., 2004, S.36)
Azərbaycan tarixçilərindən Aydın Balayevin də fikirincə, talışların əcdadı farslardır. (Bax: 1985-ci ildə Azərbaycanda arxeoloji və etnoqrafik tədqiqatlar .B. 1986, S.115).
Məşhur rus şərqşünası professor İ. Berezin Q. Klarpotun talışların əcdadının midiyalılar olması haqqındkı mülahizəsinə qarşı çıxmış, bu mülahizəni təsdiq edəcək qədər faktın olmadığını bildirmişdir. (Q.Cavadov. Talışlar... S.38).
Rus tədqiqatçlarından D.A. Kistenyev talışları ərazinin aborigen əhalisi saymış, onları bir-birindən müəyyən qədər fərqlənən - talışlara, pornaimlərə, alarlara, orandlılara və zuvandlılara bölmüşdür. D. Kistenyev göstərirdi ki, talışlar meşəlik ərazilərdə, zuvandlılar Zuvand dağlarının cənub-qərbində, pornaimlər Viləş və Şaqratük çaylarının arasında yaşayırlar. Orandlılar və alarlar köçəri tayfalar olub, yayda öz yaylaqlarında, qışda orandlılar meşələrdə, alarlar isə indiki Cəlilabad rayonundakı Qarayar çayı boyundakı qışlaqlarda yaşayıblar. (Bax: Q. Cavadov. Talışların... S. 42-43).
Talışların mənşəyi ilə bağlı professor B.V. Miller də maraqlı mülahizələr irəli sürmüşdür . B.V Millerin mülahizələrindən birinə görə, sünni talışlar dilini itirib talışlaşmış türklərdir. Onlar Orta Asiyadan gətirdikləri sünnilik məzhəbi ilə bərabər, kiçik fonetik dil xüsusiyyətlərini də qoruyub saxlamışlar. Talışların fiziki tipinin müxtəlifliyi – düzən və meşəlik yerlərdə yaşayanların qarabuğdayı olması, dağlıq və meşəsiz ərazilərdə isə bir qədər ağbənizliyi ola bilsin ki, türklərin talışlaşmasının və onlarla qaynayıb – qarışmasının nəticəsidir. Bu mülahizələrin düzgün olub-olmadığını müəyyənləşdirmək talışların hərtərəfli öyrənilməsi nəticəsində mümkün olacaqdır. (Bax: Q.Сavadov. Talışlar... S. 29-30).
XIX əsrdə yaşamış bəzi rus almiləri talışların əcdadının türkdilli olması və onların sonralar irandilli tayfalar tərəfindən assimilyasiya edilməsi mülahizəsini irəli sürmüş, lakin bu mülahizəni təsdiq edəcək əsaslı dəlillər göstərə bilməmişlər.
Talışların əcdadının Qafqaz mənşəli olması mülahizəsini isə ilk dəfə akademik N.Y. Marr irəli sürmüş, tədqiqata çoxlu linqvistik material cəlb etsə də, öz məqsədinə nail ola bilməmişdir. (Bax: 1985-ci ildə Azərbaycanda... S.115).
Filologiya elmləri doktoru Əbülfəz Rəcəbov göstərir ki, talışların əcdadı Kadusi , Gel və Hirkan tayfalarıdır. Lənkəran rayonundakı Hirkan qoruğu və Hirkan meşəsi hirkanların yaşadığı yerlərdir.(Ə.Rəcəbov. Talışlar. “Tolışi sədo” qəzeti, 7. III, 1992).
Filologiya elmləri doktoru Məsud Məmmədovun da fikirincə, talışların əcdadı kadusilərdir. Lakin Astara rayonunun Uti, Miki və Ambaran kəndlərinin əhalisi Uti, Miki və Apir (Aparn) tayfalarının nəsilləridir və antropoloji quruluşlarına görə, Talış zonası əhalisinin qalan hissəsindən fərqlənirlər. Sakaşon kəndinin adı isə Sak tayfası ilə bağlıdır. (Bax: Azərbaycan SSR EA-nın Xəbərləri. Yer haqqında elmlər ser., 1974,№ 6 , S.105-108).
İran alimlərindən Məhəmməd Həsənxanın, Əhməd Kəsrəvinin, Əli Əbdolinin , Azərbaycan tarixçilərindən Qiyasəddin Qeybullayevin, Abdulla Fazilinin və Seyidağa Onullahinin fikrincə, talışların əcdadı Kadusi tayfasıdır. Onlara bu mülahizəni irəli sürməyə əsas verən yeganə fakt isə Kadusi tayfasının yaşadığı ərazinin bir hissəsində hazırda talışların yaşamasıdır. İran tarixçisi Həsən Pirniya bu mülahizə ilə bağlı yazmışdır: “Kadusilər Gilanda yaşayan xalq olmuşlar. Bəzilərinə görə, onlar müasir talışların əcdadı imişlər. Kadus sözü müasir taluş, yaxud talış sözünün yunanlaşmış formasından ibarət olmuşdur. Hələlik əlimizdə elə bir sənəd yoxdur ki, bu faktı isbat etsin”. (Abdulla Fazili. Azərbaycanın qədim tarixi müasir İran tarixşünaslığında. B. 1970. S.118).
Mənsə, apardığım tədqiqat əsasında belə bir nəticəyə gəlmişəm ki, talışların soykökündə qədim dünyanın Skif, Sak, Sarmat tayfalarının irandilli hissəsi və türklər dayanır və növbəti məqalələrimizdə bu haqda bəhs edəcəyik.
Tofiq Əzizov, tarixçi, arxeoloq
Masallı r-nu, Tatyan kəndi
|