11:34 Milli Məclisin buraxılması ilə bağlı Prezidentə müraciət OLUNDU | |
Milli Məclisin buraxılması ilə bağlı Prezidentə müraciət OLUNDU Milli Məclisin iclasında parlamentin buraxılması ilə bağlı qərar layihəsi oxunub. Qərarda parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Prezidentinə müraciət edilib. Qərar layihəsində qeyd edilib ki, Azərbaycan Respublikasında həyata keçirilən köklü islahatlar son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub: Milli Məclis ölkədə həyata keçirilən islahatların daha da genişlənməsi, dərinləşməsi prosesindən kənarda qalmamalı, islahatların qanunvericilik orqanını da əhatə etməsi məqsədi ilə dövlətçilik nümunəsi göstərməlidir. Bu baxımdan Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Prezidentə müraciətlə əlaqədar Milli Məclisin sədrinə müraciət ediblər. Deputatlar belə vəziyyətdə parlament fəaliyyətinin həyata keçirilməsinin mümkün olmayacağı qənaətinə gəldiklərini və növbədənkənar seçkilər keçirilməsinin zəruri olduğunu bildiriblər. Həmin müraciətin parlamentin plenar iclasında müzakirəsi zamanı digər partiyaları təmsil edən, habelə heç bir partiyaya mənsub olmayan deputatların əksəriyyəti YAP təmsilçilərinin təşəbbüsü ilə həmrəylik nümayiş etdirərək parlament fəaliyyətinin yaranmış vəziyyətdən davam etdirilməsini mümkünsüz olduğunu bəyan ediblər. Milli Məclis deputatlarının mütləq əksəriyyətinin parlament fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə qəti mövqelərinin mövcudluğunu nəzərə alınaraq deputatların ölkə vətəndaşları tərəfindən yenidən seçilməsi zəruridir. Öz səaliyyətlərini artıq icra edə bilməməsi şəraitində Milli Məclis hesab edir ki, Azərbaycan parlamenti ölkədə aparılan genişmiqyaslı institusional və kadr islahatlarından geri qalmamalı, fəaliyyətini yenidən qurmalıdır. Buna görə də Milli Məclisin Konstitusiyanın 94-95-ci maddələrində nəzərdə tutulan səlahiyyətlərinin yuxarıda qeyd olunan müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yenidən qazanılması üçün Milli Məclis buraxılmalı və parlamentə növbədənkənar seçkilər keçirilməlidir. Yuxarıda şərh edilənlərə əsasən, Milli Məclis konstitusiyanın 95-ci maddənin 3-cü hissəsini rəhbər tutaraq qərara alır: Konstitusiyanın 98-1-ci maddəsinə əsasən, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət edilsin”. Qərar layihəsi səsverməyə çıxarılıb və 99 deputat lehinə olmaqla qəbul edilib. Səsvermədə 1 nəfər birtərəf qalıb, 1 nəfər qərar layihəsinin əleyhinə səs verib. 1 deputat isə səsvermədə iştirak etməyib. | |
|
Total comments: 0 | |