18:46 OSAKÜCƏ TOPONİMİ | |
OSAKÜCƏ TOPONİMİ
Osakücə Lənkəran rayonunda kənd adıdır. Kənd Lənkəran şəhərindən 17 km qərbdə, Talış dağlarının ətəyində, Veravulçayın sahilində yerləşir. Yaşayış məntəqəsinin adı gah Osakücə, gah da Osaküçə kimi qeyd olunur. Buradan haqlı olaraq belə bir sual doğur, Osakücə, yoxsa Osaküçə? “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” kitabından oxuyuruq: “Osaküçə. Lənkəran rayonunun Vilvan kənd inzibati ərazi vahidində kənd. Oykonim Osyokucə adının təhrifə uğramış variantı hesab olunur. Kəndin adı talış dilindəki osyo (dəyirman) və kücə (məhəllə, kənd) komponentlərindən düzəlib, “dəyirman məhəllə, kənd” mənasındadır (II cild. B., 2007, səh. 146). Akademik Budaq Budaqov və professor Nadir Məmmədov yazırlar: “Osaküçə kəndi. Lənkəran r., Coğrafi adın düzgün yazılışı Osyaküçə olmalıdır. Yaşayış məntəqəsi adı talış dilində “osyo” – dəyirman və Azərbaycan dilində küçə “kənd”, “məhəllə” sözlərindən yaranıb “dəyirmanlı kənd” deməkdir (Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti. B., 2007, səh. 64). “Azərbaycanın coğrafi adları” kitabında toponim Osyakücə şəklində yazılmış və “dəyirman kəndi” mənasında izah olunmuşdur” (Rəmzi Yüzbaşov, Kamal Əliyev, Şəmsəddin Sədiyev. B., 1972, səh. 46). Tədqiqatçı-toponimist Musarza Mirzəyev toponim haqqında qeyd edir: “Osakücə - Toponim talışca osyokücə sözündən olub, mənası “dəyirman məhəlləsi” deməkdir” (Talış toponimlərinin qısa izahlı lüğəti. B., 1993, səh.21). Göründüyü kimi toponim (toponim yunan dilində “yer adı” deməkdir) müxtəlif kitablarda Osakücə və Osaküçə variantlarında qeyd və izah olunmuşdur. Osakücə/Osaküçə adlandırılan kəndin adı talış dilində Oskujədir. Oskijənin ilkin variantı Osyokujə olmuşdur. Talış dilində osyo – “dəyirman”, kujə - “məhəllə” deməkdir. Osakücə Oskujənin Azərbaycan dilinə uyğunlaşdırılmış adıdır. Beləliklə, Oskujə/Osakücə talış dilində şəffaf toponim olub, Azərbaycan dilinə tərcümədə “dəyirman məhəlləsi”, “dəyirman olan məhəllə” mənasını verir. Osyo - dəyirman adı ilə başlayan yer adlarına misal olaraq Osyodərə (Lerik r., kənd), Osyohal (Lerik r., Mondigah kəndi), Osyolınqə, Osyo honi (Lerik r., Hamarat kəndi), Osyobə (Lənkəran r., Havzava kəndi, Masallı r.), Osyoru (Lənkəran r., Gəgiran k.), Osyotəpə (Masallı r., Kolatan k.), Usuba (Osyoba), Osyoco (Masallı r., Mahmudavar kəndi) və digər toponimləri göstərmək olar. Osakücənin Osaküçə kimi yazılması toponimin mənşəyini və həm də mənasını dəyişmiş olur. Çünki Osaküçə yazıldıqda toponim hibridləşir, yəni, talış dilində osyo – dəyirman və Azərbaycan dilində “küçə” sözlərindən yaranmış olur. Halbuki, Osakücə talış dilində şəffaf sözdür. “Kücə” talış dilində olan “kujə” sözünün Azərbaycan dilinə transliterasiyasıdır. “Kücə” küçə demək deyildir, o talış dilində “məhəllə” mənasını verir. “Kujə - kücə” bölgədə geniş yayılmış topoformantlardan biridir. Misal olaraq Osakücə, Şağlakücə (Lənkəran), Babakücə, Xəlifəkücə, Perzəkücə, Şirəkücə (Lerik), Bağlakücə, Həsənkücə, Qızılakücə, Musakücə (Masallı) və digərlərini göstərmək olar. Qeyd edim ki, Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə kəndin adı Osakücədir. AMEA tərəfindən buraxılmış “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” (2007) və Akademik Budaq Budaqov, professor Nadir Məmmədovun həmmüəllifi olduqları “Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti” (2007) kitablarında kəndin adının Osaküçə kimi qeyd olunması sadəcə təəccüb doğurur. Görəsən bu kitablar yazılarkən Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü kitabına nəzər salınmayıbmı? Digər tərəfdən 2007-ci ildə buraxılmış kitablarda Osakücənin Vilvan kənd inzibati ərazi vahidi (dairə - İ.Ş.) tərkibində yaşayış məntəqəsi kimi verilməsi də bir qədər maraq doğurur. Çünki, Osakücə 1981-ci ildən mərkəz olmaqla ayrıca inzibati ərazi dairəsidir. İldırım ŞÜKÜRZADƏ Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi | |
|
Total comments: 0 | |