21:55 RUHUMU UÇURAN XATİRƏLƏR (6) HEÇ BELƏ XAR OLMAMIŞDIM | |
RUHUMU UÇURAN XATİRƏLƏR (6) HEÇ BELƏ XAR OLMAMIŞDIM ( 1-ci hissə) 1983-cü ildə eni 7 m. uzunu 12 m. olan bir təzə ev tikdik. İlkin olaraq aşağı mərtəbədə hamamı istifadəyə verdim. Sonra tədricən üç il ərzində evdə remont apardım. Dülgər, xarratlarla yanaşı, mən də gücüm çatan işlər görürdüm. Məsələn, hazır geydirmə taxtalardan döşəmə vururdum... 1986-cı il may ayının axırları idi. Bir neçə gün idi ki, dərsdən sonra gəlirdim, aşağı mərtəbədə hamamla yanaşı olan mətbəxin döşəməsini tikirdim.Usta mətbəxə kiçik bir pəncərə (hakuşka) qoymuşdu. ( Sonralar onu genişlətdim) Ona görə burada işləyəndə darlıqdan, havasızlıqdan təngnəfəs olurdum. Bərk tərləyirdim və tez-tez böyürdəki hamamda duş qəbul edirdim. Bu isti-soyuq olmağım sən demə öz bəd işini görürmüş. Mayın 27-də də o qaydada işlədim, tərlədim, çimdim, soyudum, yenidən işlədim, yenidən duş qəbul etdim. Axır ki, yoruldum, Axşamçağı xalamın yas məclisinə getdim. Hava bürkü, bərk isti idi, külək əsirdi. Açıq çadırda bir saata qədər oturdum, hiss elədim ki, bədənim tamam quruyub. Olum-zülüm evə gəldim. Bir az çay-çörək yedim, televizora baxdım, gördüm yox e, əhvalım get-gedə pisləşir. Xanıma da bir söz demədim, küsülü idik. Ertədən girdim yatağa, af-ufla yatdım. Gecə saat 3-də oyandım, tamam suyun içində idim, böyrüm bərk sancırdı. Qrelkanı (rezin qovuq, isidici cihaz) qaynar su ilə doldurub sağ böyrümə, ağrıyan yerə qoydum. Ağrı daha da şiddət elədi. Daha susa bilmədim, iniltim, zarıltım aşkara çıxdı. Xanımım sən demə bayaqdan oyanıb yorğan altdan mənə tamaşa edirmiş. Tez durdu, "Nə olub, niyə zarıyırsan?" dedi, Mən də " Ölürəm daha." dedim və var səsimlə ağlamağa başladım. 8-13 yaşda olan dörd qızım da səsə oyandılar, gecənin bir aləmində evdə vay-şivən başladı, nə başladı: "Dədəmiz ölür, ana, həkim çağır!" Xanım hücum çəkdi telefona: "Cəbrayıl doktora (Allah rəhmət eləsin) zəng edim-gəlsin"-dedi, mən qoymadım, zarıya-zarıya dedim: " Neylirsən? Gecənin bu vaxtı doktoru narahat eləmə, səhərə 2-3 saat qalıb, bir təhər dözərəm. Qrelkanı təzələ." Xanım çaydanı qoydu qaz pilətəsinin üstünə, suyu qızsın, qrelkanı təzələsin. Mənsə dər-divara təpik təpik üstündən, yumruq-yumruq üstündən vururdum, böyrək ağrısından təpik-yumruq ağrısını hiss etmirdim, inildəyirdim, vaysınırdım, zarıyırdım: Balaca qızlar bərkdən ağlayır, böyük qız ağrıyan yerimə əl qoyur, başıma vırlanırdı. Xanım deyinirdi: "Qoymadı ha doktora zəng çalım, özü bir yana, uşaqların bağrı çatlayır. Bu nə təhər adamdır e..." Vəziyyəti belə görüb ağzıma dəsmal soxub, burunla nəfəs almağa başladım, daha mənim "mmmıyıldamağım" kiçik qızları sakitləşdirdi, yatdılar, amma böyük qızla xanımım səhər saat 6-ya qədər növbə çəkdilər. Mən də ki ağrı çəkməkdə davam edirdim. Doktor Cəbrayıl gələndə dişlərimlə sıxdığım dəsmalı ağzımdan çıxardım, iri -bərəlmiş sual dolu gözlərimi doktora dikdim, yəni "Məni xilas etmək mümkündürmü?" Rəhmətlik baxdı mənə, üzünü çevirdi, təbəssüm elədi, dedi: -Darıxma, əvvəl ağrıkəsicilərdən başlayaq. Qəndin üstünə bal kimi bir şey tökdü, (bu gərək ki, sistenal idi) bir həb də verdi (bu noşba idi) Bunu at ağzına, su iç-getsin, bunu da qoy dilinin altına, tədricən ərisin. Dediklərini elədim. Bir təsiri olmadı. Ağrı daha da şiddətlənirdi. -Baralqin vurmağa çəkinirəm, gərək prob vurulsun. bir az döz. Bunu anlamadım, nəsini soruşmadım da.Məni uzatdı çarpayıya, böyür- başıma, belimə -qarnıma əl gəzdirdi: -Evin tikilsin, ay müəllim. Yəqin bir həftədir böyük çölə çıxmırsan, qarnın partlamağa qalıb. -Onu düz deyirsən, üç ildir, bir evi tikib içinə köçə bilmirik. (Doktor gülür, mən davam edirəm) Onu da düz deyirsən, üç gündən çoxdur, çölə çıxmıram, nə yemişəm, qalıb içimdə, əmanət saxlayıram. Doktor gülə-gülə çıxdı evdən, həyətə düşdü, maşınından aparatfason bir şey gətirdi. (Emalə dəsturu imiş.) Bir parasını verdi xanıma, buyurdu: -Bunları qaynat gətir bura. Xanım da çıxdı eyvandakı balon qaz aparatın üstünə aliminum ləyən qoydu, su tökdü, doktorun verdiklərini qaynadıb-gətirdi. -Doktor, nə eləmək fikrindəsən? -Səni emalə edəcəyəm. -A, yox, yox, ayıbdır, ayıbdır, qəti razı olmaram. -Ay müəllim, nə ayıbdır, qarnın o qədər şişib ki, başqa daxili orqanların zədələnə bilər, ürək-ciyər fəaliyyətin korlanar, bəri gəl, çöməl görüm. O yandan Xanım da səsini qaldırdı: -Doktor nə deyir, onu elə. Gecə qoymamısan, bir hovur yataq, bunun sabahısı da var ha... O curə utandım ki, ömrümdə bu qədər xar olmamışdım. ( Sonralar hər dəfə doktor Cəbrayılı görəndə üzr istəyirdim, bağışlanmağımı israr edirdim. O da gülümsənir, kürəyimi döyəcləyirdi: -Heç eybi yoxdur, borcumuzdur,-deyirdi. Həmin gün xanım taksi tutdu, məni Masallı xəstəxanasına gətirdilər. İskəndərlidə yerləşən bu xəstəxana xarabalıq idi, iri-iri siçovullar günün günorta çağı əl-ayağa dolaşırdı, gecələr isə xəstələrin əl-ayağını gəmirirdilər. İki gecə üç gün qaldım burada, həkimim Ziya Abdullayev idi. Müayinə, analizlərdən sonra "sağ böyrəkdən düşən hərəkətdə olan iri daş" diaqnozu ilə məni Bakıdakı Urologiya klinikasına yazdılar. Böyük bacım və xanımımın müşahiyəti ilə axşam saat 9-da taksi bizi Bakı şəhərində yerləşən M.Cavadzadə klinikası adı ilə məşhur olan bu xəstəxanaya gətirdi. Çox sevinirdik ki, xalaoğlu Mehman Ağayev də burada işləyir, tanınmış həkimdir. Çox "mən ölüm-sən öl"dən sonra zikr etdiyimiz məşhurların xatirinə məni içəriyə apardılar və ikinci mərtəbədə 19-cu otaqda yerləşdirdilər. Qəribəsi bu idi ki, daha ağrım yox idi. Bilmirəm Masallı-Bakı nahamar yolları, yoxsa keçirdiyim həyəcan və qorxu, o qədər qohum-qəbilə içində bir kişi tayfasının qeyrəti olmaması səbəbindən iki zənən xeylağının məni xəstəxanaya gətirməsi xəcaləti, hər nədən idisə, ağrı kəsilmişdi. Mən heç nə olmamış kimi, yedim, içdim, qızları yola salandan sonra başımı atdım balışa, bir də sabah səhər otağa baxan tibb bacısının səsinə oyandım. Tamam tər içində idim, xidmətçi mənə libas və səhər yeməyi gətirmişdi... (ardı var) Müəllif: A.Bayrami 01.04.2019 | |
|
Total comments: 0 | |