Bu fars tayfasının dili ilə ətrafda olan və ya sonra gələn türk tayfasının dilinin arasında dil davası başlanıb. O ki, içəridə Şəki və Şirvan vilayətlərində olan tatlardırlar, onların hamısı türkləşib. Bircə Şirvanda Lahıc kəndi qalıb ki, bu halda da fars dili danışır və onların da belə qalmağına səbəb onlar sakin olduğu yerdir ki, dağ təpəsində olduğuna gediş-gəliş az olub.
"Tarixlərdən məlumdur ki, keçmişdə bizim Qafqaz vilayəti Asiya və Avropa qitələrinin arasında yol olub, yəni Asiya qitəsindən Avropaya gedən tayfalar bu yoldan keçib gediblər. O tayfalardan ilişib qalanlar hərəsi Qafqaz dağlarının bir guşəsində oturub indiyəcən öz dillərini danışıb, öz adətlərini işlədiblər. Bu kiçik tayfaların eləsi vardı ki, 5-10 kənddə sakin olurdu və dünyada olan qeyri tayfalardan heç bir xəbəri yox idi. Bu tövr onlar şəriəti-islamı qəbul edib qalmışdılar. Onların mollaları bizim tərəflərdən gedirdilər. Məşhur Şamil Əfəndi bizim Kürdəmir kəndində Movlana əfəndidən* oxuyub orada təriqət işlətməyi öyrənmişdi və kiçik tayfalar neçə yüz il müsəlman olmuşsalar da öz dillərində yazıb oxumaqları olmadığına, yazıları ərəb dilində olurdu. Onların belə qalmağına səbəb onlar oturan yer olmuşdu ki, uçurum dağların başında olduqlarına oralara gediş-gəliş olmurdu.50-60 il bundan əqdəm rus dövləti o yerləri zəbt edib təzə yollar açıb, gediş-gəlişi artırıbdır. İndi o tayfalar alış-veriş və qeyri işlərə qarışıblar. Ona görə bir tərəfdən onlar üçün yazıb oxumaq vacib olur, bir tərəfdən də bizlərin alimlərinin qədəri günü-gündən azaldığına oraya gedən mollalar da olmayır. Bu səbəblərə görə indi o tayfaların dilləri ilə ətrafda olan tayfaların dillərinin arasında dil davası artıq şiddət edib. Dağıstanın bizim tərəflərdə olan tayfaları ki, Samur, Tabasaran, Qumuq və Kürə okruqlarında sakin olurlar, bizim ilə gediş-gəlişləri artıq olduğuna mirur ilə bizim türk dilini öyrənib türkləşirlər. Amma Dağıstanın o biri tərəfində olan Abxaz, Acar, Qabarde, Çərkəs və qeyrə başqa xarici tayfalarının dillərini öyrənməkdədirlər. Əlbəttə, belədə bir az vaxtdan sonra onlar qeyri tayfalara qarışıb puç olacaqlar.Dağıstan tayfalarından sonra bir qeyri tayfalar da bizim Qafqaz İran tərəfindən gəlib düz yerlərdə sakin olurlar. Onların bəzi ərəb, bəzi fars və bəzi türkmən olub. O ərəb və türkmən tayfalarının indi bircə adları qalıb. Məsələn: "Ərəb Şahverdi", "Ərəb Baloğlan", Göyçayın yanında olan türkmənlər və qeyri dil davasında onlar məğlub olub lap türkləşiblər, fars tayfası Bakı dəryasının kənarı ilə gəlib, Lənkəran-Bakı uyezdlərini tutub, gedib Şirvan, Şəki və qeyri vilayətlərə də çıxmış imiş. Onun adı talış və ya tat olubdur.Bu fars tayfasının dili ilə ətrafda olan və ya sonra gələn türk tayfasının dilinin arasında dil davası başlanıb.
O ki, içəridə Şəki və Şirvan vilayətlərində olan tatlardırlar, onların hamısı türkləşib. Bircə Şirvanda Lahıc kəndi qalıb ki, bu halda da fars dili danışır və onların da belə qalmağına səbəb onlar sakin olduğu yerdir ki, dağ təpəsində olduğuna gediş-gəliş az olub. Bu dil davası necə olmasını və onun nə tövr qurtarmasını bu lahıclar ilə ətraf türklər və türklənmişlər bu halda necə olmağından qiyas eləmək olur.
Keçmişdə güclü olan və bu yerlərin sahibi olan tat tayfasının salamat qalanları basılmış qoşun kimi bir dağa pənah gətirib, onun başında oturub həqiqətdə qılınc və qalxansız dava edirlər. Bir tərəfdən 7-8 yüz ev tatlar və bir tərəfdən böyük dəryaların ləpələri qədərdə və onlar kimi hücum edən türklər. Bunların həqiqi dava eləməyi türklər lahıcların haqqında düzəltdiyi böhtandan məlum edir. Bir baxın, nə qədər onların haqqında nağıllar düzəldirlər ki, guya lahıclar axmaq, ağılsız, divanədirlər.
Bavücudi ki, lahıclar onlardan ağılsız deyillər. Tamam lahıc hamısı misgərlik sənətini işlədir və öz sənətlərində kamildirlər və ətraf türklər kimi bədhesablıq eləmirlər. Amma cifayda bu davanın axırı məlumdur. Nə qədər onlar səy eləsələr türklər onları sel kimi basıb qərq edəcəklər.
O ki, dərya kənarında olan tatlardır, onların bir tərəfi İran olduğuna indiyəcən qalırlar. Bakı kəndlərinin əhli bu axır zamanacan tat dili danışırlar və bu halda da kəndlərin çoxu o dili danışır. Amma onların hamısı türk dilində də danışırlar. Ona görə demək olur ki, burada da tatlar türkləşirlər. Bircə Lənkəran uyezdində talış mahalında tatlar qalıblar ki, onların ətrafında olan türklər mirur ilə onları da türkləşdirəcəkdirlər.Doğrudur, bu halda Bakı və Lənkəran uyezdlərində tatlar türkləşirlər. Amma bu halda da onların arasında fars dili məruf dil hesab olur və yazıçıların çoxu özü danışdığı türk dili ilə yaza bilmir və türk dilində yazmaq istəyən də o qədər fars sözü işlədir ki, biçarə türklər onu oxuyub anlamaqdan ötrü gərək gedib illər ilə fars dili öyrənsinlər. Əlbəttə, bu dil davası belə qalmaz. Bir az vaxtdan sonra camaat lap türkləşəndə yazıçılar da mirur ilə türkləşəcəkdirlər. Amma nə qədər tez türkləşsəydilər o qədər türkləşmiş camaata artıq nəf olardı.
Ay mollalarımız, ay yazıçılarımız, siz tanrı, insaf edib gözlərinizi açıb camaata bir tamaşa edin. Camaat türkləşib, əldən gedib, siz ki, onların çobanı hesab olunursunuz, siz də onların dalıncan getməyiniz eyni səlahdır. Siz camaatdan aralanıb dil davası etməyinizdən bir şey olmaz. Camaat ki, olmadı siz də yox hesabındasınız"
"Həyat" qəzeti №12, 13 yanvar 1906-cı il.*Şamil Əfəndi və Movlana Əfəndi Göyçay, Ərəş və Şamaxı qəzalarında muridizm təriqətinin əsasını qoyan ruhanilərdən olmuşlar.